Ermənistan zamandan vaxtında istifadə etməyi yaxşı bacarmalıdır - ŞƏRH EDİLDİ

“Bu üçüncü üçtərəfli görüş olacaq. İlk görüş ötən ilin dekabrında, ikinci görüş cari ilin aprelində, nəhayət üçüncü görüş may ayının 22-də baş tutacaq. Hər dəfə tərəflər sülh müqaviləsi imzalamaq və sərhədlərin demarkasiya və delimitasiyası istəklərini bildirən bəyanatlar imzalayırdılar. Aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdı ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Brüssel görüşündən dərhal sonra Azərbaycanda işçi qrupu yaradıldı və nümayəndə heyətini ezam etməyə hazır idi: “Bu, erməni tərəfi ilə də razılaşdırılmışdı. Həmçinin, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olub. Azərbaycan həmin təklifi qəbul etdi. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan tərəfi də bildirib ki, Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı öz komissiyasını yaradıb, vaxtı gələndə adlar açıqlanacaq. Lakin təəssüf doğuran məqam budur ki, hələ də əməli addım atmırlar”.

Deputat sözlərinə belə davam edib: “Bunu hər şeydən əvvəl Ermənistan hökumətinin siyasi iradəsizliyi ilə əlaqələndirirəm. Görünür, xarici siyasət xəttini tam müstəqil yürüdə bilməyən Ermənistan Baş naziri Nikol Paşinyan başqa dövlətlərdən asılı vəziyyətdədir.

Ümid edək ki, növbəti üçtərəfli görüşdə səslənən bəyanatlar vaxtında icra olunacaq. Təbii ki, biz regionun sabitliyi və iqtisadi-sosial irəliləyişi üçün qarşı tərəfə müəyyən vaxt verib, qərarların icrasını gözləyirik. Amma bu o demək deyil ki, bu məsələdən də bir 30 il yayınaraq, həllini uzada biləcəklər. Ermənistan hakimiyyəti ona verilən bu zamandan vaxtında düzgün istifadə etməyi yaxşı bacarmalıdır. Hazırda Ermənistanın bu vəziyyəti uzatması bir çox dövlətlərə, daxildə olan revanşist qüvvələrə və xüsusilə erməni lobbisinə xeyir edir. Onlar bu kritik vəziyyətdən istifadə edərək xalqı aldadırlar. Ancaq Ermənistan cəmiyyəti də reallığı düzgün qiymətləndirməli, təhlil etməli hökumətlərinə sülhə maraqlı olduqlarını göstərməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə