Azərbaycanla Litva arasında xoş münasibətlər qurulub - ŞƏRH EDİLDİ
"Azərbaycanla Avropa Birliyi arasında əlaqələr getdikcə sürətlə inkişaf edir. Bildiyimiz kimi bu yaxınlarda Litva Respublikasının Prezidenti və onun xanımı ölkəmizdə rəsmi səfərdə idi. Qeyd etmək istəyirəm ki, bu səfəri çox səmərəli və faydalı bir səfər adlandırmaq olar". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, ümumiyyətlə möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, Baltik ölkələrindən olan Litva ilə ölkəmiz arasında xoş münasibətlər qurulub: "Bu son səfər bu münasibətləri daha da möhkəmləndirdi. Xüsusi vurğulamaq istərdim ki, Avropa Birliyinə daxil olan doqquz ölkə ilə Azərbaycan arasında iki tərəfli strateji əməkdaşlıq sazişi mövcuddur. Möhtərəm Prezidentimizin sözləri ilə ifadə etsək Avropa Birliyinə daxil olan ölkələrin 30 faizi, yəni 1/3-ilə belə bir saziş imzalanıbdır. Bu çox böyük nailiyyətdir.
Məhz cənab İlham Əliyevin müdrik, uzaqgörən və zəngin diplomatiyasının sayəsində Azərbaycan ötən illər ərzində beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi təsdiq edilibdir. Dövlət başçısının apardığı siyasətin uğurlu nəticəsidir ki, ölkəmiz bir tərəfdən Avropanın ən önəmli enerji təminatçılarından biridir. Eyni zamanda nəqliyyat-loqistik layihələr baxımından hədsiz sərfəli tranzit ölkədir.
Sözsüz ki, Azərbaycanın iqtisadi,siyasi, humanitar baxımdan önəmi 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra daha da artıbdır. Bölgədə dünyanın çağırışlarına cavab verə biləcək yeni reallıqlar yaranıb. İşğaldan azad olunmuş Qarabağ torpağında nüfuzlu və inkişaf etmiş ölkələrlə birgə meqa layihələr həyata keçirilir. Bu isə Azərbaycanı xarici ölkələr üçün daha cəzbedici və önəmli edir.
Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə həm də çox böyük və beynəlxalq səviyyəli və əhəmiyyətli nəqliyyat infrakstrukturu qurulur. Ən yüksək dünya standartlara cavab verən hava məkanı yolları, həm dəmir yol xətti və həm də avtomobil yolları qurulur. Zəngəzur dəhlizi isə dünyanın nəqliyyat xəritəsinin ən önəmli yeni marşurutu olacaq. Möhtərəm Prezidentimizin Litva prezidenti ilə birgə keçirilən mətbuat konfransında verdiyi mükəmməl bəyanat həqiqətən də qürurverici idi. O çıxışında istər ötən dövrü, istərsə də post-müharibə dövrünü təhlil edərək Azərbaycanın bölgə və Avropa üçün əhəmiyyətini vurğulamaqla, yenə də təcavüzkar Ermənistanın dayanıqlı sülhün və inkişafın bərqərar olmasına maneçiliklər törətməsinə də toxundu. O qeyd etdi ki, Azərbaycan Ermənistandan fərqli olaraq həm bölgə, həm də qlobal sülhə və təhlükəsizliyə töhfə verən bir ölkədir. Azərbaycan bu gün bir sıra hallarda donor, kredit verən ölkə kimi özünü təsdiq etmişdir. Ermənistandan fərqli olaraq, Azərbaycan həyata keçirdiyi və yaratmış olduğu enerji və nəqliyyat siyasəti ilə həm Avropa, həm də bölgə üçün böyük fayda verir".
Deputat sözlərinə belə davam etdi: "Möhtərəm Prezidentimiz Ermənistandakı revanşist qüvvələrinin və ona dəstək verənlərin bu gün də təxribat əməllərindən əl çəkmədiklərini və beynəlxalq təşkilatların, eləcə də Avropa Birliyi ölkələrinin Ermənistana təzyiq etmələrini zəruri olduğunu vurğulamışdı. Bu mənada dost Litva Respublikası da öz səlahiyyət və imkanlarından istifadə edərək Ermənistana təzyiq etməklə Qafqaz bölgəsinim əmin-amanlıq, stabillik və rifahının təmin olunmasına dəstək verə bilər.
Bütövlükdə qeyd etmək istərdim ki, Litva Respublikasının Prezidentinin ölkəmizə səfəri çox faydalı və səmərəli keçdi. Biz bunu hər iki dövlətin başçısının həm mətbuat konfransında, həm də biznes formunda etdikləri çıxışlardan da bir daha gördük. Dost Litva Respublikasının Prezidentinin Azərbaycana bu rəsmi səfəri hər iki ölkə arasında əlaqələri gücləndirməklə bərabər, həm də Azərbaycan Avropa Birliyi arasındakı əməkdaşlığı da gücləndirəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB