Azərbaycan bu bəşəri bəla ilə mübarizədə israrlıdır - ŞƏRH EDİLDİ

"Bildiyiniz kimi, 2022-ci ilin yaz sessiyasında narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizənin gücləndirilməsi ilə bağlı dövlət siyasətinə uyğun olaraq cənab Prezidentin imzası ilə bir neçə layihə Milli Məclisə daxil olub və tərəfimizdən yekdilliklə dəstəklənərək qəbul edilib. Ötən gün cənab Prezidentin Fərmanları ilə bir neçə qanunda bu istiqamətdə dəyişikliklərin qüvvəyə minməsi məhz həmin hüquqi prosesin davamıdır. Bundan başqa, bir müddət öncə narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət Məcəlləsində dəyişiklik layihəsini qəbul etdik. Bu layihə əhəmiyyətinə görə daha konseptual idi və dəyişikliyin mahiyyəti ondan ibarət idi ki, bu günə qədər qanunvericilikdə yalnız satış məqsədi olmadan "şəxsi istehlak miqdarından artıq" miqdar nəzərdə tutulurdusa, dəyişikliklə satış məqsədi olmadan "xeyli", "külli" və "xüsusilə külli" miqdar formatını müəyyən etdik, "külli" və "xüsusilə külli" miqdara görə sanksiyaları 15 ilədək müddətə azadlıqdan məhrum etməyə qədər sərtləşdirdik". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, habelə, Məcəlləyə 234.4.4. maddəni əlavə edərək bu tip cinayətlərin kütləvi informasiya vasitələrindən, o cümlədən, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsinə görə 5 ildən 12 ilədək müddətə, bu əməllər xüsusilə külli miqdarda törədildikdə isə 10 ildən 17 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən etdik: "Xeyli miqdardan aşağı miqdar isə inzibati xəta kimi qiymətləndiriləcək. Bu məqsədlə, İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edərək “şəxsi istehlak miqdarında” sözləri “az miqdarda” sözləri ilə əvəz edildi.

Qeyd edim ki, dəyişiklikləri qəbul etsək də, hələlik, qüvvədə deyil və yalnız yaxın zamanlarda narkotik vasitələrin və ya psixotrop maddələrin miqdarlarını müəyyən edən yeni bir qanun qəbul edildikdən sonra həmin normativ hüquqi aktla eyni gündə qüvvəyə minəcək".

Deputat sözlərinə belə davam edib: "Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizənin gücləndirilməsi sahəsində qanunvericilik səviyyəsində bu kimi addımların atılması göstərir ki, Azərbaycan bu bəşəri bəla ilə mübarizədə israrlıdır. Xüsusən, qeyd etdiyim təşəbbüslərin şəxsən cənab Prezidentdən gəlməsi onu göstərir ki, bu istiqamətdə ən ali səviyyədə ciddi iradə mövcuddur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə