“Bu gün problem NATO blokunun genişlənməsi deyil” - ŞƏRH EDİLDİ

“NATO hərbi blokuna iki yeni dövlətin üzv qəbul edilməsinin regiona birbaşa təsiri yoxdur. Bu gün problem NATO blokunun genişlənməsi deyil, Rusiya ilə Qərb dünyası arasında uçurumun dərinləşməsi, hərbi qarşıdurma müstəvisinə keçməsidir. Bunun nəticələri dünyanın bir çox ölkələrində, o cümlədən Cənubi Qafqazda özünü göstərməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ərzaq qıtlığının yaranması təhlükəsi, humanitar əlaqələrin zəifləməsi, hansısa məhsulun istehsalında koorporativ əlaqələrin pozulması təkcə Rusiya və Ukraynaya deyil, bütün dünyaya öz təsirini göstərməkdədir: “Azərbaycan bu gün konfiliktin dayanmasında məsələlərin diplomatik yolla həll edilməsinin tərəfdarıdır. Ukraynaya ən çox humanitar yardım göstərən ölkələrdən biri də Azərbaycandır. Ukraynanın xüsusi təyinatlı avtomobillərinə Azərbaycanın “SOCAR” şirkəti pulsuz yanacaq verir. Bunun özü də dünyanın diqqətində olan məsələlərdəndir”.

Deputat szölərinə belə davam edib: “Ayrı-ayrı ölkələr arasında olan siyasi məsləhətləşmələrdə Azərbaycan çox aktiv iştirak edir. Biz müharibənin yolverilməzliyini bildiririk və müharibənin dayandırılmasının tərəfdarıyıq. Müharibə eyni zamanda dünyanın əsas hüquq normalarının zəifləməsinə gətirib çıxarır. Çox ümid etmək istəyirik ki, bu konfilikt qısa zaman ərzində həll ediləcək. Bu məsələdə Azərbaycan öz yardımını göstərməyə hazırdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə