Azərbaycan-Türkiyə qardaşlığı əbədidir - ŞƏRH

Azərbaycan və qardaş ölkə Türkiyə arasında münasibətlər, əlaqələr və əməkdaşlıq artan xətt üzrə inkişaf edir. Sevinclə qeyd edə bilərik ki, rəsmi Ankara ilə Bakı arasında imzalanan müqavilələr reallaşır. İnkişaf edən münasibətlərin davamlı olmasında Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradə və nüfuzu başlıca rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkədə Qara dəniz üzərində inşa edilmiş Rize-Artvin Hava Limanının açılışında iştirak edib.

Qeyd edək ki, dünyada dəniz üzərində qurulan beş hava limanından ikisi Türkiyədədir. Belə ki, Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresundan sonra dəniz üzərində qurulan ikinci, dünyada isə beşinci hava limanıdır. Rize-Artvin Hava limanının ildə 3 milyon sərnişinə xidmət etməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Rize-Artvin hava limanının açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir. Dövlət başçılarının belə strateji obyektlərin açılışını birlikdə etməsi tərəflər arasında ənənəyə çevrilib.

Belə ki, 2021-ci il oktyabrın 26-da Azərbaycanın işğaldan azad edilən Füzuli rayonunda eyniadlı Beynəlxalq Hava Limanının açılışı olub. Azərbaycan və Türkiyə liderləri açılış mərasimində iştirak ediblər. İşğal altında olan torpaqlarımız azad edildikdən sonra tərəflər arasında əlaqələr daha da genişlənməkdədir. Belə münasibətlər hər iki ölkənin müxtəlif sahələrini əhatə edir. İki qardaş ölkə Azərbaycan və Türkiyə arasında imzalanan "Şuşa Bəyannaməsi" artıq hüquqi sənəd olaraq beynəlxalq münasibətlər baxımından böyük əhəmiyyət daşıyır. Günümüzün ən vacib və aktual məsələsi sənəddə ərazi bütövlüyü və suverenliyin qorunmasının vurğulanmasıdır: "Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər".

İki qardaş ölkə arasında imzalanan "Şuşa Bəyannaməsi"də iki ölkə arasında nəqliyyat məsələsi də vurğulanır: "Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər".

Bakı və Ankara bu Bəyannamənin siyasi, hərbi, sosial ruhuna uyğun olaraq son zamanlar beynəlxalq aləmdə baş verən hadisələrdə bir mövqedən çıxış edirlər. İki qardaş ölkənin əməkdaşlığı bir sıra beynəlxalq məsələlərin həllinə yardım edir. Xüsusilə, son zamanlar Qara dəniz hövzəsində yaranan gərginliklə bağlı Avropa İttifaqına üzv ölkələr təbii qaz təchizatı ilə bağlı problemlərlə üzləşiblər. İki dövlətin bu istiqamətdə birgə səyi və əzmkarlığı nəticəsində inşa edilib, istismara verilən təbii qaz kəməri hazırda avropalıların "mavi yanacağa" tələbatının ödənilməsinə yardım edir. Azərbaycan ilə Türkiyə arasında imzalanan və həyata keçən layihələr regional əhəmiyyətli olduğu qədər qlobal mahiyyət də daşıyır.

Qeyd edək ki, Rize-Artvin Hava Limanı regionun inkişafına, əlaqələrinə və təhlükəsizliyinə müsbət təsir edəcək. Azərbaycan və Türkiyə arasında münasibətlər ölkə rəhbərlərinin uğurlarındandır.

Cənab Prezident İlham Əliyevin danılmaz rolu və əməyi sayəsində Azərbaycan beynəlxalq nəqliyyat və enerjidaşıyıcıları layihələrində önəmli yer tutur. Dövlət başçısının iradə və əzmkarlığı sayəsində bir sıra layihələr reallaşıb. Ölkə lideri Prezident İlham Əliyevin nəzarəti ilə işğaldan təmizlənən bölgələrdə quruculuq işləri görülür.Azərbaycan və Türkiyə liderinin yürütdüyü ardıcıl xarici siyasi kurs beynəlxalq aləmdə də uğurla nəticələnib. İki ölkənin qarşılıqlı dostluq, qardaşlıq münasibətləri Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirir.

İki qardaş ölkə rəhbərlərinin arasında möhkəm dostluq təkcə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu Azərbaycan və Türkiyənin tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləyir. İki qardaş ölkənin bir-biri ilə dostluq və qardaşlığı bütün dünyaya nümunədir. Azərbaycan və Türkiyə ilə yanaşı, bu qardaşlıq və dostluqdan başqaları da faydalanır. Azərbaycanda Füzuli Beynəlxalq Hava limanı və Türkiyədə Rize-Artvin Hava limanının açılışı buna daha bir nümunədir.

Fərid Mustafayev

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun

YAP ərazi partiya təşkilatı sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə