Azərbaycan İƏT-i mühüm regional təşkilat hesab edir - Sahibə Qafarova

Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatını (İƏT) mühüm regional təşkilat hesab edir və üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır.

SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, xalqlarımızı birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir.
“Bu mənada, xalqlarımızın təmsilçiləri kimi, biz, parlament üzvləri xüsusi məsuliyyət daşıyırıq. İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası təşkilatın hədəf və məqsədlərinin reallaşdırılmasını dəstəkləməklə yanaşı, parlamentlərimiz arasında əlaqələrin gücləndirilməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir”, - deyə o bildirib.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Milli Məclisi Parlament Assambleyası çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verir.

“Assambleyanın Nizamnaməsinin ratifikasiya edilməsi bunun bariz nümunəsidir. Mən digər üzv parlamentləri də Assambleyanın Nizamnaməsini imzalamağa və ratifikasiya etməyə çağırıram. Hesab edirəm ki, bu addım üzv parlamentlərimiz arasındakı əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.

Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının mövzusu olduqca aktualdır. COVİD-19 pandemiyası qlobal iqtisadiyyata, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə kəskin şəkildə təsir göstərməklə ciddi çətinliklər yaratmışdır. Təəssüf ki, dünya ictimaiyyəti bu çətinliklərə hazırlıqlı olmamışdır və böhrandan çıxış yollarının tapılması üçün müəyyən vaxt tələb olunmuşdur. Pandemiyanın yaratdığı problemlərin bir-biri ilə bağlı olması və ilk növbədə, sosial-iqtisadi yükünün ağır olması fonunda pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması üçün qlobal səylərin səfərbər olunması zəruri idi.

Azərbaycan Respublikası bu istiqamətdə bir sıra uğurlu qlobal təşəbbüslər irəli sürmüşdür. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmiş, 2021-ci ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilmişdir. Digər tərəfdən, Azərbaycan pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərmiş, xəstəlik əleyhinə peyvənd ianə etmişdir", - sədr vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə