Şuşa təkcə musiqi beşiyi deyil, həm də siyasi qərarların qəbul olunduğu ərazidir - MÜSAHİBƏ

Politoloq Rəşad Bayramovun SİA-ya müsahibəsini təqdim edirik:

- Şuşada növbəti dəfə "Xarıbülbül" festivalı keçirilib. Bu festivalın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- İstər "Xarıbülbül" festivalı, istərsə də Şuşada beynəlxalq səviyyədə keçirilən başqa tədbirlər çox böyük əhəmiyyətə malikdir. Ən mühüm əhəmiyyəti bütün dünyaya bir daha Şuşanın Azərbaycan torpağı olduğu mesajını verməsidir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa, yenidənqurma işləri və s. barədə də beynəlxalq ictimaiyyətin məlumatlandırılması təbii ki, müsbət haldır. Şuşa artıq təkcə musiqi beşiyi deyil, həm də siyasi qərarların qəbul olunduğu ərazidir. Bu baxımdan, əminəm ki, Xarıbülbül festivalından sonra Şuşada mütəmadi olaraq bu cür tədbirlər layiqincə həyata keçiriləcək.

- Azərbaycanın Şuşada beynəlxalq tədbirlər keçirməsi təkcə Ermənistanda deyil, digər ölkələrdə də müəyyən qısqanclıqla qarşılanır. Bunun səbəbi nədir?

- Zaman-zaman bəzi qonşu ölkələr, həm də Ermənistan tərəfindən Azərbaycanın həyata keçirdiyi bu və ya digər tədbirlərə mənfi münasibətin şahidi olmuşuq. Bu da təbii bir haldır. Ermənistanın 30 ildir əlində olduğu ərazidə bugünkü gündə Azərbaycan beynəlxalq tədbirlər keçirirsə, təbii ki, bu istər-istəməz erməni rəhbərliyini qıcıqlandırır.

Bəzi xarici ölkələr də 44 günlük müharibədə, o cümlədən ondan əvvəlki dövrdə Ermənistanın blokadadan çıxarılmasında oynadıqları rolda da, Zəngəzur dəhlizi ilə bağlı məsələdə də öz kəskin mövqeyini ortaya qoyurlar. Amma kimin hansı mövqedən çıxış etməyindən asılı olmayaraq Azərbaycan öz istədiyi istiqamətdə addım-addım irəliləyir.

- Artıq iki həftədir ki, Ermənistanda aksiyalar ara vermir. Sizcə, Paşinyan iqtidarı üçün təhlükə varmı?

- Əgər müharibədən sonrakı dövrdə keçirilən aksiyalara nəzər salsaq görərik ki, indiki aksiyalar əvvəlkilərdən sadəcə intensivliyi ilə fərqlənir. Amma kütləvilik baxımından həmin aksiyalarla arasında böyük bir fərq yoxdur. Ən yaxşı halda, bu gün Ermənistan müxalifəti meydana 8-10 min civarında insan toplaya bilir. Paşinyanın mövqeyidə kifayət qədər güclüdür. Düşünmürəm ki, Ermənistanda bu cür aksiyaların keçirilməsi ilə Paşinyanı hakimiyyətdən devirmək və ya istefaya məcbur etmək mümkün olsun. Çünki Ermənistan əhalisinin əksəriyyəti müharibəyə razı olmayaraq Paşinyana növbəti şansı verdilərsə, indi yenidən müharibə tərəfdarlarının, revonşist qüvvələrin hakimiyyətə gəlməsi razı ola bilməzlər. Aksiyaların əsas hərəkətverici qüvvəsi Rusiyadır. Rusiya yaxşı bilir ki, bu cür aksiyaların keçirilməsi ilə Paşinyanı devirmək mümkün deyil. Bu aksiyalar sadəcə sülh sazişinin imzalanması prosesinə maneçilik törətmək məqsədi daşıyır.

- Hakimiyyət dəyişikliyi fonunda yeni müharibə riski gözlənilirmi?

- Ümumiyyətlə, mən düşünmürəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsun. Amma hakimiyyəti dəyişikliyi baş versə belə, böyük mənada bir şey dəyişməyəcək. Hətta Paşinyan getsə belə, revanşist qüvvələrin hakimiyyətə gəlməsi mümkün deyil. Çünki buna Ermənistan ictimaiyyəti imkan verməyəcək. Həm Rusiya, həm də Qərb tərəf yeni simasını hakimiyyətə gətirmək istəyəcək. Amma hazırda Ermənistanda rusiyameylli siyasi qüvvələrin yenidən hakimiyyətə gəlməyi sıfıra bərabərdir. Ermənistan yaxşı bilir ki, yenidən müharibəyə başlamaq onlar üçün mənfi nəticələr doğuracaq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə