“Azərbaycanın son illər həyata keçirdiyi müstəqil xarici siyasət xüsusilə də, 2020-ci ilin sonlarında erməni təxribatlarına cavab olaraq başlatdığı 44 günlük Vətən müharibəsi ilə Cənubi Qafqazda maraqları olan böyük güclərin uzun illər ərzində durduqları planlara zidd nəticələr ortaya qoymuş oldu. 2020-ci ilin sonlarında Azərbaycan Cənubi Qafqazda yeni hərbi siyasi konfeqrasiya formalaşdırdı, yeni reallıqlar yaratdı”. Bunu politoloq Anar Əliyev “Səs” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu reallıqlar bir çox dövlətlərin heç də maraqlarına uyğun addımlar deyildi: “Bunları əsas götürərək həmin dövlətlər tərəfindən müxtəlif vasitələrlə Azərbaycana təzyiq mexanizmləri işə salındı, xüsusilə də, daxildə mövcud olan və ayrı-ayrı dövrlərdə müxtəlif maliyyə mənbələrindən maliyyələşdirməyə çalışdıqları qüvvələr vasitə ilə Azərbaycan daxilində narazılıqlar, özbaşınalıqlar, anarxiya formalaşdırmaq və bununla da Azərbaycanın yeni yaratdığı reallıqlara təsir etmək və öz maraqlarını təmin etməyə çalışdılar. Xüsusilə qeyd etmək istəyirəm, Vətən müharibəsindən sonra keçən dövr ərzində Azərbaycanda bir sıra qüvvələrin ölkəmizdə insan hüquq və azadlıqları ilə bağlı məsələləri müzakirəyə çıxarmaları bu istiqamətdə Azərbaycan cəmiyyətində əldə olunmuş möhtəşəm birliyi poza biləcək şübhə toxumları səpməyə çalışmaları onu deməyə imkan verir ki, bəli, müxtəlif dövrlərdə ayrı-ayrı güclər tərəfindən Azərbaycan daxilində bu proseslərə start verilibdir. Təəssüf ki, son günlər Azərbaycanda bu istiqamətdə addımlar daha da genişlənib, xüsusilə ilə “5-ci kolon” nümayəndələri kimi qeyd olunan şəxslər tərəfindən Azərbaycanda insan hüquqlarının pozulması barədə hay-küylü informasiyalar yaymaları və bütün bunların Azərbaycanın Ermənistanı Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına məcbur etdiyi indiki dövrdə baş verməsi də heç də təsadüf sayıla bilməz. Çünki Azərbaycan müstəqil xarici siyasət yeritməklə yanaşı, həm də Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların tələblərinə uyğun olaraq Ermənistanı addımlar atmağa məcbur edir. Ermənistanın havadarları, Ermənistan üzərindən Cənubi Qafqazda oyunlar quran, Azərbaycana daim təzyiqlər etməyə çalışan dövlətlər də bununla barışmaq istəmirlər”.
A.Əliyev hesab edir ki, məkrli qüvvələr özlərinin daxildəki əlaltılarını işə salmaqla və onları aktivləşdirməklə Azərbaycanın mövqeyini zəiflətməyə çalışırlar: “Azərbaycan artıq uzun illərdi Cənubi Qafqazda xüsusilə də Qarabağ problemi ilə bağlı məsələlərdə daim Azərbaycan dövlətinin, xalqının maraqlarını əsas götürərək bu maraqlar prizmasından çıxış etdiyi üçün demək olar ki, mütəmadi olaraq ayrı-ayrı güclər, ayrı-ayrı strukturlar, beynəlxalq institutlar tərəfindən bir çox hallarda əsassız olaraq tənqidlərə məruz qalırdı. İndiki dövrdə də bu addımların atılması eyni ssenarinin işə düşdüyünü göstərir. Ancaq Azərbaycan cəmiyyəti artıq kifayət qədər siyasi prosesləri beynəlxalq güclərin Azərbaycanda və Cənubi Qafqazdakı maraqlarını və onun mahiyyətini düzgün dərk etməyə bacaran yetkin bir cəmiyyətdir. Bu mənada cəmiyyətin əlaltı funksiyasını yerinə yetirən “5-ci kolon”un nümayəndələrinin xüsusilə də, ermənilərə gedib çatan, ermənilərə söykənən qaranlıq fondların maliyyəsi əsasında fəaliyyət göstərən şəxslərin pozucu təxribatçı addımlarına, çağırışlarına cavab verməyib və bundan sonrada verməyəcək. Həmin qüvvələr nail olmaq istədikləri arzularına bu dəfə də çata bilməyəcəklər və Azərbaycan dövləti qısa bir müddət ərzində ortaya qoyduğu güc və iradə ilə Ermənistanı məcbur edəcək ki, mövcud reallıqlar istiqamətində addımlarını davam etdirsin və Cənubi Qafqaza davamlı sülh gəlsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB