Dünyanın nəzər nöqtəsində olan Azərbaycanın reallıqları Prezident İlham Əliyevin müdrik siyasətindən qaynaqlanır. 44 günlük Vətən müharibəsi bir daha dünyanı Azərbaycanın gücü, reallıqları ilə təəccübləndirdi. Dünyanın heç bir nöqtəsində 44 günlük zaman məsafəsində hansısa müharibəni qalibiyyətlə başa vurmaq görünməmiş hal idi. Bunu tarixə Azərbaycan yazdı. 44 gün və qalib, müzəffər Azərbaycan xalqı. Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi, müasirliyi göstərdi.
Azərbaycan hərbi, iqtisadi gücü ilə dünyanın diqqətini özünə cəlb etdiyi kimi, bu gün işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə də dünya dövlətlərinin diqqətindədir. 2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyərək xoş müjdəni verdi. Cənab İlham Əliyev bütün dünyaya Azərbaycanın gücünü, tarixi ədaləti diplomatik yol ilə bərpa etdiyini göstərdi.
GERÇƏKLİYƏ ÇEVRİLƏN ARZULAR
Şuşa şəhərində keçirilən tədbirlər bir daha dünyanın diqqətəni ölkəmizə – tarixi Şuşa şəhərimizə cəlb edir. Uzun illərdən sonra yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirilməsi bir daha dünyaya göstərmiş oldu ki, işğaldan azad olunan torpaqlarımızda yeni, qaynar həyat başlanıb. Əlbəttə ki, "Xarıbülbül" musiqi festivalı hər bir azərbaycanlı üçün böyük qürurdur. Musiqi beşiyi, musiqi məbədi olan Şuşada belə bir tədbirin keçirilməsi hər birimizin müqəddəs arzusu, istəyi idi ki, bu gerçəkliyə çevrildi. Vurğulamaq yerinə düşər ki, ötən il "Xarıbülbül" musiqi festivalının açılışında çıxışında Cənab İlham Əliyev festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsinin təsadüfi olmadığını bildirərək "Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq", - deyə bildirmişdir.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı start götürdü. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən "Şuşa İli"ndə keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivala dünyanın müxtəlif ölkələrindən gələn folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar. Şuanın qoynunda ifa olunan "Qarabağ şikəstəsi"nin sədalarının Şuşa dağlarına yayılması əlbəttə ki, böyük bir sevgimizin izharıdır. İllərlə həsrətlə gözlədiyimiz bir məkanın qoynunda belə möhtəşəm tədbirin keçirilməsi qürurumuzdur.
Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.
"VERİLƏN GÖSTƏRİŞLƏR YERİNƏ YETİRİLİR"
Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Şuşada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, bu müqəddəs şəhər yenidən dirçəlir və yeni bir inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir".
Azərbaycanın qədim şəhəri Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Qədim mədəniyyət beşiyi olan Şuşanın daş yaddaşı tarixin keçməkeşli yollarının hər bir ilini silinməz səhifəsinə yazmışdır. Nə qədər hücumlara məruz qalsa da, öz məğrurluğunu qoruyub saxlamışdır.
İndi Şuşa yeni dövrünü yaşayır. Bu gün Şuşa dağları həsrətlə yaşadığı, acıdığı musiqimizə, sənət dünyamıza qovuşub. Toy-büsatlı Şuşamızda yenidən "Xarı Bülbül" Beynəlxalq musiqi festivalı keçirilir. Artıq hər kəs rahatlığa qovuşub. Üzeyirin, Natəvanın, Bülbülün güllələnmiş heykəlləri də Şuşada rahat nəfəs alır. Uzun illər R.Mustafayev adına Azərbaycan Dövlət Muzeyində saxlanılan heykəllər rahatlıq tapıb. Şuşa, "Cıdır düzü", "İsa bulağı" həsrətində olduğu sakinlərinə, Azərbaycan musiqisinə qovuşub.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə