Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində dəyirmi masa keçirilib - YENİLƏNİB FOTOLAR

Bugün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı dəyirmi masa keçirilib. Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, üzvü Gülşən Paşayeva, Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Elşad İsgəndərov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov iştirak ediblər.

Millət vəkili Zahid Oruc qeyd edib ki, Heydər Əliyevi bir cümlə ilə xarakterizə etmək olsaydı, mən yalnız onun haqqında "öyrənmək" sözünü deyərdim. Bu yaxınlarda cənab Prezident XTQ-nin 23 illiyində çox əhəmiyyətli sözlər səsləndirdi. Bunlar arasında Heydər Əliyev haqqında deyilən ən mühüm şey "Heydər Əliyevin özünün Xüsusi Təyinatlı idi" oldu. Heydər Əliyev haqqında heç vaxt bitkin fikir söyləmək mümkün deyil. 30 il bundan sonra da hakimiyyətdə onun soyadı olmasa belə Heydər Əliyevə qarşı münasibət heç vaxt dəyişməyəcək.

Heydər Əliyev sübut etdi ki, iki dövrün qəhrəmanı olmaq mümkündür. Sovet dövründən sonrakı zamanda çox az insana bu nəsib olub.

Heydər Əliyev siyasi xətti deyilən bir fikri mütləq nəzərə çatdırmaq lazımdır. Onun siyasi xətti nə vaxt qırılsa, deməli Azərbaycanın siyasi xətti də həmin anda qırıldı deməkdir. Lakin Heydər Əliyev yalnız hökumət adamı olmayıb. O, eyni zamanda sadə xalqın lideri idi.

Azərbaycan XİN xüsusi tapşırıqlar üzrə səfir Elşad İsgəndərov qeyd edib ki, Ulu Öndər xarici siyasətimizin balanslaşdırılmasını təmin edib. O vurğulayıb ki, Heydər Əliyev milli maraqları hər şeydən üstün tuturdu". “Bununla da Azərbaycan bir çox beynəlxalq iqtisadi, siyasi, sosial sistemlərə inteqrasiya edib. Bunun bariz nümunəsi “Əsrin müqaviləsi”dir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə