Müstəqilliyimizi daimi və dönməz edən Lider ŞƏRH

Müstəqilliyimizi daimi və dönməz edən Lider ŞƏRH

Müasir Azərbaycan dövlətinin yaranması və inkişafı Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş Heydər Əliyev kimi tarixi şəxsiyyəti var. Ümummilli lider Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətlər sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur.

Bu bir reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün Onun siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq məqsədəmüvafiqdir.

1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Beləliklə, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malikdir.

Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.

Fəxrlə deyə bilərik ki, prezidentimiz cənab Ilham Əliyevin də vurğiladığı kimi, bugünkü müasir müstəqil Azərbaycan məhz Ulu öndərimiz, əbədiyaşar Liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə