Azərbaycanın bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən ulu öndər Heydər Əliyev milli lider, qüdrətli dövlət xadimi kimi bugünkü müstəqil Azərbaycan dövlətinin təməlini qoyub. “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” söyləyən dahi şəxsiyyət Heydər Əliyev bütün mənalı ömrünü canından artıq sevdiyi doğma xalqına həsr etmişdir.
Ulu öndər öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə yerinə yetirdi və xalqın sabaha inamını bərpa etdi. Ulu öndər Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ümummilli liderin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində mümkün oldu:
"Dahi şəxsiyyətin həyatının ana xəttini, ömrünün hər anı, hər dəqiqəsi Vətənə, millətə sədaqətlə xidmət təşkil edib. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri misilsizdir. Heydər Əliyevin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlayıb. Həmin qarışıq dövrdə Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ölkədə ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü nizami ordunun təməli qoyuldu. Ulu öndərin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı".
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi: “Təhsil millətin gələcəyidir”,– deyən ulu öndər Heydər Əliyev cəmiyyətdə milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”,- deyə təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən ulu öndərin Azərbaycan təhsilinin inkişafı naminə xidmətləri əvəzsizdir. Müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb. O, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib. Azərbaycan müstəqillik qazandıqdan sonra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qovuşması da məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşib.
Ulu öndərin rəhbərliyi ilə təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən alıb, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaradıb.
Müstəqil ölkəmizin bugünkü uğurları ulu öndər Heydər Əliyev strategiyasının təntənəsidir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ulu öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. İllərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi. Müzəffər Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları keçirərək işğal olunmuş ərazilərimizdən yağı düşməni qovdu, işğalçı Ermənistan hakimiyyətinə layiq olduğu yeri göstərdi. Bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Əlbəttə ki, qazanılan hər bir uğurumuzun, o cümlədən möhtəşəm Qarabağ Zəfərimizin kökündə, əsasında ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt dayanır. Şübhəsiz ki, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi hər zaman yaşayan ulu öndər Heydər Əliyev yolu bundan sonra da Azərbaycanı yeni-yeni zəfərlərə aparacaq!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB