Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq ŞƏRH

Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq ŞƏRH

Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Məsələn, nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq.

Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib. "Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yük göndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.

Yeni bölgüdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması strateji, iqtisadi və tarixi baxımdan çox vacib bir qərardır. Təsadüfi deyil ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası kimi dəyərləndirilir. Şərqi Zəngəzurun mövcudluğu, Qərbi Zəngəzurun da mövcudluğu deməkdir. Bu addım bütün müsbət iqtisadi cəhətləri ilə birlikdə Ermənistan cəmiyyətindəki mövcud revanşist qüvvələrə ciddi bir zərbədir. Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdiriləcək, tam yeni nəqliyyat dəhlizi açılacaq. Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.

Ermənistan isə Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Əks halda, təcavüzkar siyasətindən əl çəkməsə, bu ölkədə işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, düşmən respublikada xaos və özbaşınalıq daha da dərinləşəcək.

Samirə Zeynalova

YAP Tərtər rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə