Paşinyan Brüssel görüşündən sonra Rusiyaya hesabat verməli idi - SİYASİ ŞƏRHÇİ AÇIQLADI
"Moskvada Putinin Paşinyanla görüşü nə beynəlxalq və regional münasibətlər, nə də MDB çərçivəsində siyasət baxımından o qədər də təsirli hadisə deyil. Çünki Ermənistanın özünün siyasi proseslərə böyük təsiri yoxdur. Amma bu görüşdə Paşinyanın gözləntiləri olsa da, Rusiyanın maraqları daha ön planda idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Putin Qərbin sanksiyalar tətbiq etdiyi bir şəraitdə dünyaya müttəfiqləri ilə münasibətlərinin əvvəlki qaydada davam etdiyini nümayiş etdirdi: "Rusiya bir daha müttəfiqi sayılan ölkələrin onun siyasəti ilə tam şəkildə razı olduğunu göstərdi. Digər tərəfdən bu səfərin 6 aprel Brüssel görüşündən sonraya təsadüf etməsi də müəyyən məna daşıyır. Bununla da Putin Cənubi Qafqazdakı proseslərin həll olmasında nə Avropanın, nə də digər beynəlxalq birliklərin fəallığına məmnun qalmadığını bildirdi. Buna görə də Moskvada Paşinyanla görüşdə imzalanmış sənəddə Azərbaycanla münasibətlərin normallaşmasında Rusiyanın da iştirakının olması da ayrı bir məna daşıyır".Ekspert sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu görüşdə Paşinyanın da məqsədləri var idi: "Paşinyan Brüssel görüşündən sonra onun hakimiyyətdə qalmasına dəstək verən, dövlətinin mövcudluğunu saxlayan Rusiya qarşısında hesabat verməli idi. Paşinyan Avropa Birliyi ilə görüşdən sonra Moskvanı Brüsseldə öz üzərinə götürdüyü öhdəlikləri onun Rusiya qarşısında vəzifələrinə xələl gətirməyəcəyinə inandırmalı idi. Bir sözlə, bu görüş həm Putinə, həm də Paşinyana lazımlıydı. Görüşdə imzalanmış bəyannamədəki müəyyən məsələlər gələcəkdə Ermənistanın köməyinə çata bilər. Xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) böhranlara reaksiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı 30 maddəlik sənəddə ayrıca bəndin olması Ermənistanın xeyrinə oldu. Çünki Ermənistan 44 günlük müharibədən sonrakı il yarım müddətində də sərhədlərdə baş verən müəyyən insidentlərə KTMT-nı cəlb etməyə çalışsa da, buna nail ola bilməmişdi. Amma bu sənəd yenə də Azərbaycan-Ermənistan münasibətlərində Ermənistanın üstünlüyünü təmin edə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB