Tərtərdə Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirilib FOTOLAR

Tərtərdə Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirilib FOTOLAR

21 aprel 2022-ci il tarixdə YAP Tərtər rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmış, tədbir iştirakçıları görkəmli oftomoloq akademik Zərifə xanım Əliyevanın və Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə etmişdir. O, qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirdiktən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib. Zərifə Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. Zərifə Əliyeva 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. O zaman xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi və onunla mübarizə təkçə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir. Konkret müalicə təcrübəsindən başqa o, Azərbaydanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

Böyük xidmətlərinə, çoxillik elmi- tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftamoloqları Elmi Cəmiyyəti İdarə də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır. Zərifə xanım Əliyeva 1985-ci ildə aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə onun nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda atasının qəbrinin yanında dəfn edilmişdir. Böyük alimin adı əbədiləşdirilmiş, bu gün Bakıda Göz Xəstəlikləri İinstitutu, Naxçıvan şəhər poliklinkası, Bakının Binəqədi rayonunun ərazisində istirahət parkı, bir sıra məktəblər, Bakı və Naxçıvanda küçə onun adını daşıyır. Azərbaycan xalqı onun xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur.

Tədbirdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sərxan Cəlahani , həkim Pərvanə Xuduyeva, Yeganə Əliyeva, Zəhra Hüseynova və YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək, görkəmli oftomoloq alim Zərifə xanım Əliyeva haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşlər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə