“Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də ana dilimizə dövlət dili statusunun verilməsidir” ABİL AĞASƏFOV

“Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də ana dilimizə dövlət dili statusunun verilməsidir” ABİL AĞASƏFOV

“Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli sərvəti, xalqın mövcudluğunun əsas göstəricilərindən biridir. Buna görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir. Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi müqəddəsdir və bu müqəddəsliklərin hər biri məhz tərəfindən qorunmalı, saxlanılmalı və gələcək nəsillərimizə ötürülməlidir”. Bu fikirləri SİA-ya YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasını əks etdirən və 1978-ci ilin 21 aprel tarixində Azərbaycan SSR Konstitusiyasında yer alan tarixi əhəmiyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dili zəngin və qeyri-adi gözəlliyə malik bir dil olması ilə yanaşı, həm də əcdadlarımızın bizə miras qoyulub: “Bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan Azərbaycan dili həm ulu mədəniyyətimizin mühüm parçasıdır. İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun kimi dahi yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə və gözəlliyinə olan danılmaz sübutdur”.

Abil Ağasəfov vurğulayıb ki, 1978-ci ildə SSRİ-nin son Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə isə bütün qadağa və təhlükələrə baxmayaraq, Ulu Öndər Heydər Əliyev ölkəmizin rəhbəri kimi ana dili məsələsində öz mövqeyini kifayət qədər cəsarətlə, qətiyyətlə bildirdi: “1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyada vermək təklif olundu və Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu”.

“Müstəqillik illərində Azərbaycan dili tarixinin öyrənilməsi, tədqiqatı geniş vüsət almışdır”, deyə qeyd edən YAP Qəbələ rayon təşkilatının sədri onu da vurğulayıb ki, dilimizin inkişaf etdirilməsi ilə bağlı müxtəlif tarixlərdə bir sıra addımlar atılmışdır: “1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz təsdiqini tapdı. Konstitusiyanın 21-ci bəndində belə deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin etməlidir.”

Bununla yanaşı, Abil Ağasəfov daha bir xatırlatma edərək 2018-ci il noyabrın 1-də Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərman haqqında fikrini bildirdi və qeyd etdi ki, məhz bu Fərman vasitəsi ilə dilimizin, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilməsi məsələləri öz əksini tapdı: “Bununla yanaşı, dövlətimizə dəstək olaraq bizlər də dilimizin saflığını qoruyub saxlamalıyıq. Müasir dövrümüzdə sosial şəbəkələrdən istifadədə virtual məkanda, radio və televiziyada, mətbuatda və dövlət idarələrində dilimizdən istifadə edərkən, həmçinin dilimizin saflığının qorunması da düşündürücü məqamlardan biridir. Bunun üçün də biz doğma dilimizin qrammatik, leksik qaydalarına riayət edərək ondan istifadə etməliyik ki, doğma dilimizin saflığı pozulmasın. Biz müqəddəs ana dilimiz olan Azərbaycan dilinə qayğı göstərməli, onu sevməli və qorumalıyıq ki, gələcək nəsillərimiz də bu yolu davam etdirsinlər, yaratsınlar, təbliğ etsinlər”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə