ATƏT-in Minsk qrupu artıq arxivdədir - DEPUTAT AÇIQLADI

ATƏT-in Minsk qrupu artıq arxivdədir - DEPUTAT AÇIQLADI

"ATƏT-in Minsk qrupu artıq arxivdədir. Çünki bu qurumun fəaliyyətinin Azərbaycana heç bir xeyri yoxdur və bu qurum 30 il ərzində də Azərbaycanla Ermənistan arasındakı münaqişəni həll edə bilmədi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu heç bir nəticə əldə edə bilməyib: "Ona görə də Azərbaycan bu qurumun fəaliyyətindən narazı idi və bundan sonrakı mərhələdə Azərbaycanın Minsk qrupunun fəaliyyətinə ehtiyacı yoxdur. Çünki Minsk qrupu Ermənistanla Azərbaycan arasında olan münaqişəni həll etmək, Qarabağ məsələsinə aydınlıq gətirmək əvəzinə bu məsələnin uzanması üçün çalışırdı. Azərbaycan artıq öz gücü ilə Qarabağ problemini həll edib.

Qeyd edim ki, indi Rusiya ilə Ukrayna arasında müharibə olduğu üçün Minsk qrupu çərçivəsində Amerika və Fransanın həmsədrləri ilə Rusiyanın həmsədri arasında əməkdaşlıq mümkün deyil. Demək olar ki, onlar da Rusiya ilə əməkdaşlıq etməkdən imtina ediblər. Ona görə də Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün özünün nümayəndəsini təyin edib. Belə demək olar ki, Rusiya da ATƏT-in Minsk qrupunu dəfn edib. Bundan əlavə Avropa İttifaqının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycanla Ermənistan arasında ikitərəfli görüşlərin təşkili həyata keçirilir. Bu qrupun fəaliyyətini Şarl Mişel öz üzərinə götürüb və uğurla həyata keçirir. Belə bir halda Minsk qrupuna ehtiyac yoxdur. Düşünürəm ki, yaxın zamanlarda ATƏT-in Minsk qrupu ilə bağlı tərəflər öz qərarını verəcək. ATƏT-in Minsk qrupu birdəfəlik və de-yure olaraq hüquqi cəhətdən ləğv ediləcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə