“Bəşəriyyəti təhlükəli bəladan qoruyaq” elmi nəzəri praktik konfrans keçirilib - TƏDBİR-FOTOLAR

“Bəşəriyyəti təhlükəli bəladan qoruyaq” elmi nəzəri praktik konfrans keçirilib - TƏDBİR-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında "Gənc Vətənpərvərlər" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində “Bəşəriyyəti təhlükəli bəladan qoruyaq” elmi nəzəri praktik konfrans keçirilib. SİA xəbər veri ki, tədbirin açılışı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində narkomaniya və QİÇS-lə bağlı videoçarx nümayiş etdirilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, hal-hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, yer kürəsində 250 milyon narkoman qeydə alınmışdır: “Bu da Yer kürəsində 7 milyardlıq əhalinin 3 faizi deməkdir. Gəlin narkotikaya yox deyək, gələcəyimizi qoruyaq. Narkomaniya bütün dünyada aktual olan bir məsələdir. Azərbaycan dövləti, bu dövlətin ziyalıları, eləcə də cəmiyyətimiz öz imkanları səviyyəsində bu bəlaya qarşı mübarizə aparır. Ağ ölümün qarşısını almaq üçün hər cür tədbirlər görülür. Lakin təəssüf ki, bu ölümün qarşısı hələ də tam alınmayıb.

Aparılan araşdırmalara görə, 2019-cu ildə 32 min 921 nəfər, 2020-ci il 33 min 788 nəfər, keçən il isə 34 min 62 nəfər narkotik və psixotrop vasitələrin aludəçisi olmuşdur. Bu onu göstərir ki, narkotik vasitələrdən istifadə edənlərin sayı getdikcə çoxalır. Bu da dövlətimizi və xalqımızı narahat edən məsələdir. Bunun qarşısını almaq üçün dövlət səviyyəsində müvafiq sərəncamlar, fərmanlar verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” qəbul olunmuşdur. Bu proqram çərçivəsində bir çox layihələr, tədbirlər həyata keçirilmişdir”.

"Gənc Vətənpərvərlər" İctimai Birliyinin rəhbəri Muğam Əliyev qeyd edib ki, “Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində Bakı şəhərini əhatə edən ümumtəhsil və ali təhsil müəsisələrində tədbirlərin keçirilməsinə start verilmişdir: “Bizim gələcəyimiz gənclərdir. Biz onları qorumalıyıq. Bu günlərdə yüzlərlə insan narkotikadan həyatını itirir. Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər.
Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir”.

Səbail Rayon Polis İdarəsinin nümayəndələri baş leytenant Emin Bağırzadə və polkovnik Mərdan Məmmədov gənclər arasında narkomaniya, alkoqollu içkilər və siqaretə aludəçilik kimi zərərli vərdişlərin qarşısının alınması istiqamətində mübarizə tədbirlərinin görüldüyünü bildirmişlər.

Daha sonra layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və "Gənc Vətənpərvərlər" İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanılıb.

Sonda aktiv gənclər sertifikatlarla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə