Yeni hədəflər və strateji prioritetlər: gələcək inkişafa doğru - ŞƏRH

Yeni hədəflər və strateji prioritetlər: gələcək inkişafa doğru - ŞƏRH

Uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkəmizin əsas inkişaf göstəriciləridir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə uğurlu daxili və xarici siyasəti, müasir yanaşmalar, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində yeni nailiyyətlərin qazanılmasına səbəb olub. Əlbəttə ki, istənilən ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında iqtisadi inkişaf önəmlidir. Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın bugünkü inkişafının göstəriciləridir.

Eyni zamanda gələcəyə hesablanmış hədəflər də vurğulanıb. "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik", - deyə Prezident İlham Əliyevin bildirməsi çox sevindirici haldır. Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran vəzifələr icra edilib. Cari ilin birinci rübünün yekunları bütövlükdə 2022-ci ili də uğurla başa vuracağımıza böyük əsaslar yaradır. Dövlət başçısı iqtisadi göstəricimizin müsbət olduğunu diqqətə çatdırıb. Bu müddətdə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir.

Həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər diqqəti çəkəndir. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

Bu günün reallıqları bizə deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib və lazımı addımlar atılıb.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanması nəticəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Zəfər qazanmış Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, yeni çağırışlar yaradır. Bu gün bildiyimiz kimi, Azərbaycan dövləti üçün ən prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir ki, ölkəmizin iqtisadi gücü tezliklə qarşıya qoyulan hədəflərin təminində öz sözünü deyəcəkdir. İşğaldan azad olunan ərazilərdə sürətli şəkildə görülən işlər bu gücü bir daha göstərir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir. Dövlət başçısının işğaldan azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışı, bir sıra obyektlərin, məktəblərin və s. təməlinin qoyması görülən işlərin sürətli və ardılıl olaraq görüldüyünü ehtiva edir. Bir daha vurğulayaq ki, bütün bunlar Azərbaycanın iqtisadi gücünün, inkişafının göstəricisidir.

İşğaldan azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilməsi əlbəttə ki, görülən işlərin bariz nümunəsidir. Dövlət başçısının çıxışında "Postmünaqişə dövründə, əlbəttə, biz bütün bizim iqtisadiyyatla bağlı, ərazilərin bərpası ilə bağlı addımlarımızı ölçüb-biçilmiş şəkildə atmışıq və nəticələr də göz qabağındadır", - deyərək bildirib ki, Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir: "Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb - həm hörmət, həm maraq. Bu marağı biz böyük investisiya layihələrində görürük. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək". Ölkəmizdə aparılan islahatların, şəffaflığın, həm kadr islahatlarının nəticəsində, eyni zamanda, İkinci Qarabağ müharibəsindəki Qələbə nəticəsində Azərbaycana çox böyük maraq olduğunu Cənab Prezident bildirib. Müharibədə hünər qazanan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə abadlıq-quruculuq işlərində də öz gücünü ortaya qoyur.

Cənab Prezident onu da diqqətə çatdırmışdır ki, biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. Bu Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuzunun göstəricisi, ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmiş, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. Həyata keçirilən regional və beynəlxalq miqyaslı enerji layihələri Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, dünya miqyasında isə əsas söz sahibinə çevirmişdir.

Mehman Ramazanov

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə