ATƏT sədrinin Qafqaz səfəri - nə gözləməli, nə gözləməməli?

ATƏT sədrinin Qafqaz səfəri - nə gözləməli, nə gözləməməli?

Yaxud, regionda dinc əməkdaşlıq, dialoq və sabitliyin yaranması üçün ikili standartlardan qurtulmaq lazımdır

Məlum olduğu kimi, ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau yüksək səviyyəli rəsmilərlə görüşlər keçirmək üçün martın 29-dan aprelin 1-dək Cənubi Qafqazın üç ölkəsinə - Gürcüstana, Azərbaycana və Ermənistana səfər planını reallaşdırır. Daha dəqiq desək, səfər Cənubi Qafqaz regionunda dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqi ilə əsaslandırılıb.

Lakin mövzuya tam keçməmişdən əvvəl səfərin məqsədi və digər məsələlərə toxunmaq zərurəti yaranır. Əslində, hansı məkanda, hansı yerdə sülhdən, dinc əməkdaşlıqdan və sabitlikdən danışmağın vacib olmasını yəqin ki, cənab Rau daha yaxşı bilir.

ATƏT-in çərçivəsindəki “Minsk qrupu” deyilən üçlük

Yəni bu gün bu barədə təşviqin aparılması daha çox Ermənistana lazımdır. Belə ki, məhz Ermənistan 30 il boyunca regionda sülhün, barışın, dinc əməkdaşlığın əksinə gedərək müharibə, işğalçılıq faktoru ilə inkişafa, tərəqqiyə maneələr törədirdi və bu gün Zbiqnev Raunun sədri olduğu ATƏT-in çərçivəsindəki “Minsk qrupu” deyilən üçlük ötən illər ərzində heç bir əməli işlər görə bilmədi. Və cənab Rauya qədərki sədrlər də BMT-nin qəbul etdiyi dörd qətnamənin qərarlarının icrası üçün əməli fəaliyyət göstərmədilər, işğalçı Ermənistanı sülhə məcbur edə, Azərbaycan torpaqlarını azad etdirə bilmədilər, ya da etmək istəmədilər. Nəticədə, Azərbaycan dövləti və xalqı öz gücü inamı, əzmkarlığı ilə işğal altındakı torpaqları erməni işğalından azad etdi. Və bu gün cənab Raunun sədri olduğu ATƏT-in “Minsk qrupu” deyilən ölü üçlüyü yenidən gündəmə gəlmək üçün dəridən-qabıqdan çıxırlar. Bəlkə də Ermənistanda bu gün də mövcud olan revanşizm hisslərinə benzin tökmək üçün. Çünki bu üçlük ölkələrin sülhə, əminamanlığa cəhd göstərmələri artıq inandırıcı görünmür, heç Azərbaycan xalqı da bu “qrupa” etimad göstərmir, etibar etmir!

Cənab Rau İrəvana güldən ağır söz deyəcəkmi?

Ona görə də yaxşı olardı ki, Zbiqnev Rau Azərbayaca deyil, elə Ermənistana sülh təşviqini aparsın və 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda əks edilən şərtlərin icra edilməsini də İrəvandan tələb etsin. Ancaq bu da inandırıcı görünmür, necə deyərlər, ikili standartlar bu gün də mövcuddur.

Onu da qeyd edək ki, Bakıda övlətimizin Başçısı və XİN rəhbəri ilə də görüşdüyü zaman yəqin ki, həmin məsələlər cənab Raunun diqqətinə çatdırılacaq və onun Bakıdan sonra İrəvana səfəri zamanı diqqətinə çatdırılmış fikirlər Ermənistanda da səsləndiriləcək. Fəqət, Ermənistanda onun sözləri, təklif və ola bilsin ki, sözdə “tələbləri” qulaqardına vurulacaq. Məsələn, Ermənistanın prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşündən sonra hər hansı diplomatik uğurun yaranacağına əsla inanmaq olmur.

ATƏT ümumiyyətlə, 30 il heç nə deməyib!

Amma belə olacağı halda gəlin müşahidə edək ki, cənab Rau İrəvana güldən ağır söz deyəcəkmi? Deyəcəkmi ki, 30 il ərzində itkin düşmüş, əsir götürülmüş 4 minə qədər azərbaycanlı vətənlərinə qaytarılmalıdır, tələb edəcəkmi ki, sülhün bərqərar olması üçün hələ də Qarabağda mövcud olan Ermənistan silahlıları, texnikaları Azərbaycanın ərazilərindən çıxarılmalıdır? Deməyəcək, çünki ATƏT ümumiyyətlə, 30 il heç nə deməyib!

Bu gün Azərbaycan istər regionda, istərsə də dünyada sülhün, dialoqun çağırışçısı kimi tanınır, amma söhbət Ermənistana gəldikdə, dərhal baxış bucaqları İrəvana tərəf çevrilir və bu ikiıi standatrlı siyasət isə nə ATƏT-ə, nə də onun rəhbərliyinə başıucalığı gətirməyəcək. Qafqaz isə bir çoxlarının dedikləri kimi "incə məsələdir", amma bu "incəliyin" gəlmə xalq olan ermənilərə, Ermənistana hər hansı bir dəxli, aidiyyatı yoxdur...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə