Suqovuşanda yeni həyat qaynayır TƏHLİL

Suqovuşanda yeni həyat qaynayır TƏHLİL

Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərimizə səfəri zamanı erməni faşistlərinin törətdiyi vəhşiliklərlə tanış olur, öz tapşırıq və göstərişlərini verir. Reallaşacaq layihələr işğaldan azad edilmiş rayon, kənd və qəsəbələrin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. İrimiqyaslı layihələr sırasında beynəlxalq hava limanları, "yaşıl enerji" zonasının yaradılması məqsədilə pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilməsi və s. ərazilərdə aparılan abadlıq quruculuq işləri Böyük Qayıdışın təntənəsidir.

VƏTƏN MÜHARİBƏSİNƏ QƏDƏR MADAGİZ ADLANMIŞ SUQOVUŞANDA ABADLIQ-QURUCULUQ İŞLƏRİ SÜRƏTLƏNİR

Görülən işlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Tərtərin Suqovuşan qəsəbəsində olduqları zaman "Azərişıq" ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı, Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışı olub. Xüsusi olaraq qeyd etməliyik ki, işğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı Azərbaycanın hərbi təhlükəsizliyinin xüsusi diqqətdə saxlanılmasının göstəricisidir. Suqovuşanda açılışı olan hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.
Onu da bildiriək ki, Suqovuşanda Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Suqovuşan qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında olub, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanıblar. Yararsız vəziyyətə düşmüş məktəbinin binası təmir olunacaq. Əlbəttə ki, bu və ya digər irimiqyaslı lahiyələrə start verilməsi işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir.

ERMƏNİ VANDALLIĞI: 67 MƏSCİDDƏN 63-Ü TAMAMİLƏ, 4-Ü İSƏ QİSMƏN DAĞIDILARAQ YARARSIZ HALA SALINIB

Vurğulamaq yerinə düşər ki, Azərbaycan mədəniyyəti, dini-mədəni abidələri, irsi ilə neçə əsrlərə malik tarixini, qədimliyini təsdiqləyir. İki əsrdən artıq Azərbaycana qarşı təcavüzkar siyasətini həyata keçirən Ermənistan saxta tarix yaratmaq məqsədi ilə torpaqlarımıza göz dikərək, burada olan dini, mədəni abidələrimizi, toponimlərimizi saxtalaşdıraraq "Böyük Ermənistan" yaratmaq xülyaların həyata keçirmək istəyiblər. Tarixdən məlumdur ki, Ermənistan ərazidəki türk mənşəli adların dəyişdirilməsi "Türkmənçay" sülh müqaviləsindən sonra baş vermişdir. Yüzlərlə kəndlərimizin adı dəyişdirilərək erməni soyqırımına məruz qalıb. Beləliklə, tarixin müxtəlif dönəmlərində Qızıl Bulağın adı dəyişdirilərək Güllüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud, Ağbulaq-Axpurak, Acıbac-Acabac, Qovşud-Kavçut, Gabut-Kapuyt, Molla Musa-Musakan və s. adları ilə əvəzləniib, saxtalaşdırılıb. Tarixi faktlara istinad edərək qeyd edək ki, 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə saxtalaşdırıldı. Azərbaycan artıq bu saxtakarlıqlara qarşı öz iradəsini ortaya qoyub. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın zamanda erməni işğalı altında olan torpaqlarımız azad edildikdən sonra torpaqlarımızda aparılan abadlıq-quruculuq işləri ilə yanaşı, Azərbaycanın tarixi adları özünə qaytarılır, dini-tarixi abidələrimiz təmir və bərpa olunur.
Tarixdən bəllidir ki, 1969-cu ilin iyun ayında Basarkeçər rayonunun adı dəyişdirilərək Vardenis qoyulmuşdur. Bu ad Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bərpa edildi. 2020-ci ilə qədər Madagiz adlanmış Suqovuşanın da tarixi adı Prezident İlham Əliyev tərəfindən bərpa edildi. Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, toponimlərini də, tarixi-mədəniyyət abidələrini də bərpa və təmir edir. İşğaldan azad olunmuş Şuşa, Ağdam, Zəngilan, Cəbrayıl kimi ərazilərimizdə olan tarixi dini-mədəniyyət abidələrimiz dağıdılmış və məhv edilmişdir. İşğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında İslam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Belə ki, Qarğabazar kəndində Cəlil turbəsi, Aşağı Veysəlli kəndində Mirəli turbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə turbəsi, Aşağı Aybasandı kəndində İbrahim turbəsi və s. tarixi əhəmiyyətli abidələrimiz erməni vandalları tərəfindən məhv edilib, yararsız hala salınıbdır. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar. Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən, məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.
Ağdam Cümə məscidinin, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidlərinin əsaslı təmir edilməsi istiqamətində görülən işlər, eləcə də Şuşada, suqovuşanda yeni məscidin inşasına başlanılması Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin qorunmasına verdiyi böyük önəmi göstərir. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi istiqamətində işlər aparılır. Bütün bu tədbirlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu müstəsnadır.
Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı qeyd etdiyimiz bu və ya digər layihələrin reallaşmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə tezliklə müasir infrastruktur yaradılacaq və yeni həyat başlayacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə