Münasibətlər dostluq və əməkdaşlıq fonunda inkişaf edib - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikası ilə İran İslam Respublikasının diplomatik əlaqələri 30 ildir uğurla davam etdirilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanla İran arasında münasibətlər hər zaman dostluq və əməkdaşlıq fonunda inkişaf edib: “Həmçinin İran dövləti Azərbaycanın qonşu dövlətlərindən biridir. Bu iki dövlətin ortaq tarixi var, ortaq mədəniyyəti var. Azərbaycan dövləti çalışıb ki, hər zaman İranla münasibətləri qorusun və bu münasibətlərin inkişafına müsbət cəhətdən təsir göstərsin.

Zaman-zaman Azərbaycandan asılı olmayaraq münasibətlərdə müəyyən anlaşılmazlıqlar olub, amma ümumi prosesə baxdıqda bu gün əlaqələr sürətlə inkişaf edir. İki ölkənin rəhbərləri əlaqələri gücləndimək üçün mühüm addım atır. Hesab edirəm ki, bir neçə gün bundan əvvəl kommunikasiyaların, əlaqələrin yaradılması ilə bağlı İranla imzalanan sənəd də xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək. Bununla da Azərbaycanla İran münasibətlərində yeni bir səhifənin açıldığını qeyd edə bilərik. İnanırıq ki, növbəti illərdə bu əlaqələr daha da gücləndiriləcək, inkişaf etdiriləcək. Birgə iqtisadi layihələr, enerji layihələri həyata keçiriləcək. Bu da hər iki ölkənin iqtisadiyyatının qarşılıqlı inkişafına öz töhfəsini verəcək. Azərbaycanın marağı bundan ibarətdir ki, bu münasibətlər hər zaman müsbət istiqamətdə irəliləsin. İnanıram ki, hər iki dövlət birgə səylər nəticəsində buna nail olacaqlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə