Prezident İlham Əliyev: "Bakı şəhərinin bütövlükdə memarlıq ansamblı unikaldır"
Bənzərsizliyi ilə dünyanın ən gözəl şəhərlərindən seçilən və nadir şəhərlər sırasında yer alan Azərbaycanın paytaxt şəhəri Bakı müasirliyi ilə köhnəliyin, qədimliyin vəhdətində diqqəti cəlb edir. Hər zaman tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayan Bakının adı bu gün yeni-yeni möhtəşəm və bənzərsiz abidələri ilə dünyanın ən gözəl və müasir şəhərləri sırasında yer alıb. Tarix boyu bu şəhər öz əzəməti, füsünkarlığı ilə diqqəti cəlb edib. Böyük elmi-mədəni və sənaye mərkəzi olan Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunur. Sinəsində məskən salan abidələri bu şəhərin sirli memarlıq nümunələrinin abidəsidir. Möhtəşəm Şirvanşahlar Sarayı kimi abidələr şəhərin memarlıq abidəsinə gözəl rəng əlavə edib. Qədim qala divarları, uca qüllələr Bakının əzəmitini özündə ehtiva edir. Bakının ən möhtəşəm və sirli abidələrindən biri Milli Dənizkənarı Parkın qənşərində yerləşən məşhur Qız qalasıdır.
Bu gün ölkəmizin iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunduğundan ölkəmizin hər bir yerində abadlıq, quruculuq işləri geniş vüsət alıb. Dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri regionlarla yanaşı, paytaxt Bakıda da uğurla davam etdirilib. Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Paytaxtımızın görkəmi dəyişir, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması istiqamətində ardıcıl işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şahin Seyidzadəni "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı bildirdiyi kimi, "Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır".
"BAKIDA QƏDİMLİKLƏ MÜASİRLİK ARASINDA VƏHDƏT VAR"
Qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunan Bakının rəmzinə çevrilən və ona yeni sima və rəng verən müasir tikililər də, məhz iqtisadi göstəricilərin məntiqidir. Bakının ümumi görünüşünü daha da müasirləşdirən şəhərdəki ən hündür bina olan "Alov qüllələri" kompleksi, Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və s. istiqamətində sistemli fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, eləcə də Xalça muzeyi, Bakı Su İdmanı Mərkəzi və eləcə də digər tikililər Bakının simasına müasirlik gətirib.
Əlbəttə ki, bugünkü müasir Bakının ruhu cəlbedicidir və burada olan müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar şəhərə rəng əlavə edib. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması paytaxtımızın simasına daha bir çalar bəxş edib. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" - dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. "Bakı şəhərinin bütövlükdə memarlıq ansamblı unikaldır" – deyən Prezident həm coğrafi yerləşmə, həm Xəzər dənizinin kənarında yerləşməsi, eyni zamanda, qədim abidələr, tarixi abidələr, müasir memarlıq nümunələri Bakıda xüsusi bir aura yaratdığını bildirib: "Əminəm, hər gələn qonaq görür ki, Bakıda qədimliklə müasirlik arasında vəhdət var".
"10-15 İL BUNDAN ƏVVƏL BULVARIN VƏZİYYƏTİ NECƏ İDİ - QARANLIQ, SƏLİQƏSİZLİK VƏ HEÇ BİR ŞƏHƏRƏ ŞƏRƏF GƏTİRMƏYƏN MƏNZƏRƏ"
Bakıdakı Dənizkənarı Milli Park Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindəndir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Bu bənzərsiz, möhtəşəm görkəm Bakının dünyanın ən görməli 52 şəhərindən biri kimi seçilməsinə səbəb olub. Dövlət başçısı çıxışda "10-15 il bundan əvvəl bulvarın vəziyyəti necə idi - qaranlıq, səliqəsizlik və heç bir şəhərə şərəf gətirməyən mənzərə" –deyə bildirib: "Biz indi bulvarın uzunluğunu 5 dəfə artırmışıq və bulvarın hər bir yerində səliqə-sahman var. Nə üçün? Çünki xüsusi idarə yaradılıb, o idarənin işi ancaq bulvara qulluq etmək, təmizliyi və bulvarın canlı orqanizm olmasını təmin etməkdir. Yəni, Bakı şəhərində mənim sərəncamlarımla yaradılmış xüsusi bir idarəetmə mexanizmi vardır, - Bakı şəhəri, İçərişəhər və Bulvar, - üç qurum. Əlbəttə, bu üç qurum arasında işgüzar əlaqələr təbii ki, vardır, olmalıdır, güclənməlidir. Çünki İçərişəhərdə olan insan - ya yerli vətəndaş, ya qonaq o qədim məkandan çıxıb bulvara keçməklə tam yeni bir Bakı görür, müasir bir Bakı görür".
"BAKININ MEMARLIQ ANSAMBLI XEYLİ SAĞLAMLAŞDI"
Bakı Bulvarında bərpa edilən "Qu quşları" fəvvarə kompleksi də paytaxtımızın əzəmətinə, görkəminə xüsusi bir rəng verir. Bakı Bulvarının tarixi rəmzlərindən biri olan "Qu quşları" fəvvarə kompleksi 60 ildən artıq tarixə malikdir. Paytaxtımızda qurulan "Qu quşları" fəvvarəsi də sakinlərin sevimli məkanlarından biri kimi hər zaman sevilib. Dünyaşöhrətli, Azərbaycanın dahi şairi Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə paytaxtın gözəl məkanlarından biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi. Layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub və 7 qu quşu heykəli hazırlanıb. Bu məkan müasirləşən paytaxt Bakının görkəminə daha bir gözəllik və möhtəşəmlik gətirdi. İndi şəhərimizin sakinləri və buraya üz tütan minlərlə əcnəbi bu gözəlliyi seyr edərək qədim və müasir Bakının gözəlliklərinə və hüsnünə heyran qalırlar.
Paytaxt Bakı inkişafının yeni dövrünü yaşayır və şəhərimizi gözəlliyinə yeni gözəlliklər qatılır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması davam edir. Yeni salınan parklar Bakının simasının daha da gözəlləşməsi baxımından mühüm rol oynayır. "Son vaxtlar görülmüş tədbirlər nəticəsində Bakının memarlıq ansamblı xeyli sağlamlaşdı" - deyən Prezident bir daha vurğulayıb ki, Bakı unikal şəhərdir, dünyanın ən gözəl şəhərlərindən biridir: "Bunu hər kəs deyir, mənim aləmimdə Bakı dünyanın ən gözəl şəhəridir. Hamımız Bakını sevirik, Bakını qorumalıyıq və yenə də deyirəm, şəhər inkişaf etməlidir, ancaq planlı şəkildə. Bundan sonra da müasir memarlıq Bakının qədimliyini, o qədim tarixi simasını pozmamalıdır. Bu iki önəmli amil bir-birinə ziddiyyət təşkil etməməlidir, əksinə, qədimlik və müasirlik - Bakının xüsusi aurası qorunmalıdır və əminəm ki, biz buna nail olacağıq".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə