"Bir ovuc erməni silahlısı o qədər qudura bilməz ki,..." - EKSPERT ŞƏRH ETDİ

“Müvəqqəti olaraq Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdən Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələrinin atəşə tutulması ilk dəfə deyil ki, baş verir. Lakin belə bir intensivliyi birgə bəyanatın imzalanmasından sonra keçən 14 ayda ilk dəfədir ki, müşahidə edirik. Hesab etmirəm ki, belə bir fəaliyyətlər Rusiya sülhməramlılarının dəstəyi olmadan həyata keçirilə bilsin”. Bu sözləri SİA-ya açıqlamasdında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bir ovuc erməni silahlısı o qədər qudura bilməz ki, Azərbaycan ordusunun mövqelərini 4 istiqamətdə və bir gündə 23 dəfə pozsun: “Odur ki, Azərbaycan artıq bu məsələdə kifayət qədər ciddi və çəkindirici addım atmalıdır. Bu addımlardan biri də atəş açılan mövqelərin dərhal məhv edilməsidir. Orada sülhməramlıların olub-olmaması bizə maraqlı deyil”.

Ekspert sözlərinə belə davam edib: “Müdafiə Nazirliyi atəş açılacaq mövqelərə zərbə endirilməsi barədə Rusiya sülhməramlılarına yanlız bir dəfə məlumat xarakterli bəyanat göndərməli, bundan sonra isə istənilən atəş açılan nöqtənin məhv etməli, orada Azərbaycan Ordusunun heyətini yerləşdirməli və bayrağımız qaldırılmalıdır. Bundan sonra onlar anlayacaq ki, atəş açmaq olar ya yox.

Ümumilikdə isə Birgə bəyanatın 4-cü bəndinin yerinə yetirilməsi üçün konkret müddəti təyin etməliyik. Əgər bu müddətdə Rusiya sülhməramlıları vəzifələrini yerinə yetirməzlərsə Azərbaycan tərəfi öz imkan və funksiyaları ilə öz ərazilərinin ermənilərdən təmizlənməsini müstəqil olaraq həyata keçirməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə