Kiyev məsələsi istənilən müddətdə baş tutmadı - MÜSAHİBƏ

Hərbi ekspert Ədalət Verdiyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Belarusda Rusiya və Ukrayna arasındakı danışıqların ikinci turu başa çatdı. Sizcə, bu görüş hansı məqamlarla yadda qaldı?

-Bu danışıqlarda humanitar atəşkəs haqqında razılıq əldə olundu. Bütün detalları açıqlanmasa belə bu razılığın sadəcə qarşılıqlı olaraq əsirlərin, yaralıların və həlak olanların dəyişdirilməsi ilə bağlı olduğunu düşünürəm. Növbəti həftənin bazar ertəsi günü üçün bu danışıqların III hissəsinin baş tutması nəzərdə tutulub. Ukrayna Rusiya qoşunlarının ərazilərdən çıxarılması, Rusiya isə Krımın tanınması ilə bərabər, Luqanski və Danetskinin də muxtar vilayət kimi tanınması şərtini irəli sürür. Rusiyanın digər bir şərti isə hakimiyyət dəyişikliyi ilə bağlıdır. Hələ təsdiq olunmamış məlumata əsasən Rusiya Zelenskini əvəz edəcək şəxsi müəyyənləşdirib. Kiyevi işğal etdikdən sonra Rusiya dövlətin idarə edilməsini həmin şəxsə həvalə etmək niyyətindədir.

-Bir neçə gündür Rusiyanın Ukraynadakı işğalı davam edir. İtkilərdən qəzəblənən Putin dünyanı nüvə silahları ulə hədələyib. Üstəgəl, Rusiyanın nüvə qüvvələri döyüşə hazır vəziyyətə gətirib. Hdaisələrin bundan sonrakı gedişatını necə proqnozlaşdırırsınız?

- Belə bir təhdidin Avropanın iki böyük dövlətinin müharibəsində səsləndirilməsi Amerika və başqa bir neçə güclü dövlətləri o qədər də narahat etmədi. Görünür ki, onlar bunun sadəcə blef olduğunu düşünür. Amma 1962-ci il Karib dənizindəki böhrandan sonra belə bir təhdidi ilk dəfə Rusiya səsləndirdi. Bu onu göstərir ki, Rusiya Beynəlxalq Təhlükəsizlik Arxitekturası üçün təhlükə törədən bir tərəfdir. Zamanında bunun qarşısı alınmalı idi.

- Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda sülh arxitekturasının təminatı haqqında nə demək olar?
- Dövlət heç vaxt planlaşdırılmamış addımlar atmamalıdır. Bunun nə ilə nəticələnəcəyinin Ukraynada şahidi olduq. Əlbəttə ki, biz bu müharibədə Ukraynanı dəstəkləyirik. Amma yanlış addımların nəticəsində Ukrayna kimi dünyanın dəstəklədiyi dövlət Rusiya ilə baş çıxara bilmir.

- Ukraynada baş verənlər hansı ssenari üzrə inkişaf edə bilər?
- Rusiyanın ilkin məqsədi Kiyevi ələ keçirmək idi. Ona görə də müharibənin ilk günlərində digər istiamətlərdə döyüşlə olsa da, əsas zərbə istiqaməti Kiyev idi. Lakin bu Kiyev məsələsi istənilən müddətdə baş tutmadı. Ona görə də əməliyyatlar davam edir və tətbiq olunan sanksiyalar artır. Rusiyanın ikinci məqsədi Ukraynanı dənizlərdən təcrid etmək, son olaraq isə Ukraynanı cilovlamaq, hakimiyyəti altına almaqdır.

- İndi ABŞ və Rusiya arasında görünən diplomatiya yoxdur, bəs görülməyən diplomatiya?

- ABŞ-ın kənardan bu qədər rahatlıqla bu məsələləri izləməsi onu göstərir ki, Rusiyanın Ukrayna bataqlıqlarında daha çox itki verməsi, daha çox texnikanın məhvi onun maraqlarına uyğun gəlir. Ona görə ki Rusiya onun potensial düşməni kimi zəifləyir. Həmçinin, bu Rusiyanın deyilən qədər imkanlara malik olmadığını göstərir. Eyni zamanda, bütün bunların nəticəsində ABŞ Rusiyaya qarşı asanlıqla sanksiyalar tətbiq edə bilir. Bir tək birbaşa olaraq hərbi qüvvələrdən istifadə etmir, lakin yenə də dolayısıyla dəstək verir.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...