Rusiya öz məqsədinə çatana qədər dayanmayacaq - MÜNASİBƏT BİLDİRİLDİ
“Rusiya-Ukrayna müharibəsinin səkkizinci günüdür. Bu müddət ərzində Rusiya heç də ildırımsürətli müharibə aparmaq planı olmadığını ortaya qoydu. Məqsəd yavaş-yavaş Ukraynayı tamamilə çökdürmək idi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, hər iki tərəfdən ölənlər var: “Amma Ukraynada həm dinc əhali, həm də əsgərlər öldürülür. Müqayisə etdikdə təbii ki, gücləri eyni səviyyədə deyil. Rusiya daha məkrli bir əməliyyat planı hazırlayıb. Əvvəlcədən bildirmişdim ki, Rusiya öncə Azov dənizinə çıxışı bağlayacaq. Amma indi Odessanı zəbt etmək məsələsi gündəmdədir. Rusiyanın 4 desant gəmisi Qara dəniz donanmasından Odessaya doğru hərəkət edir. Yəqin ki, 2-3 gün ərzində Odessa Rusiya tərəfindən işğal ediləcək. Odessa çoxmillətli şəhərdir. Ona görə də Odessada güclü müqavimət göstərilməyəcəyini qeyd edə bilərəm.
Rusiya sürünmə müharibə taktikasını seçib. Ukraynadan fərqli olaraq Rusiya daha ağıllı informasiya müharibəsi aparır. Ukraynanın apardığı internet müharibəsi televiziya vasitəsi ilə aparılırsa, Ukraynanın internet müharibəsi sosial şəbəkələr vasitəsi ilə həyata keçirilir. Düşünürəm ki, Zelenski müharibənin ciddiliyini hələ də dərk edə bilmir. Bu gün nəzərdə tutulan danışıqların bir nəticə verəcəyinə inanmıram. Çünki Rusiyanın tələbləri Ukraynanın birbaşa süqutu deməkdir. Təbii ki, Ukrayna bunu qəbul etməyəcək və Ukrayna artıq Qərbin girovuna, həmçinin əsirinə çevrilib. Ukraynaya heç bir köməklik göstərməyən Avropa ABŞ-ın təyziqi ilə bu addımları atmaq məcburiyyətində qaldı. ABŞ Avropanı qurban verir, Avropa da Ukraynanı girov saxlayır. Ukraynaya ehtiyacından 3-4 dəfə çox maddi yardım göstərilir. Ukrayna sınaq meydanına çevrilib. Bütün Avropa ölkələrində, Amerikada müddətinə az qalmış silahların hamısını Ukraynaya göndərirlər. Ölən də öldürülən də rusdur, ukraynalıdır. İkisi də provaslavdır. Təbii ki, Ukraynanın katolik hissəsi qərbdədir. O hissədə müharibənin olacağına da inanmıram. Rusiya Kiyev-Odessa xətti boyu Dnepr çayı sahilinə çıxacaq. Qərbi Ukraynaya qədər irəliləməyi Rusiya düşünmür. Çünki həmin ərazilərdə nə iqtisadiyyat var, nə də kənd təsərrüfatı var. Ona görə də hadisələrin gedişi göstərir ki, qarşıda Ukraynanı çox ağır vəziyyət gözləyir.
Qərb və ABŞ öz maraqlarını güdürlər. Ukraynanı Rusiyanın ayaqları altına atıblar. Rusiya Ukraynanı tam məhv etməyəcək. Öz məqsədinə çatana qədər Rusiya dayanmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB