Rusiya ATOM bombasından istifadə edəcək? - GƏRGİNLİK ARTIR - MÜSAHİBƏ

Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Sahil Kərimlinin SİA-ya müsahibəsini təqdim edirik:

- Rusiya-Ukrayna münaqişəsinin yaratdığı yeni real durumu necə şərh etmək olar?

- Ukrayna ətrafında baş verən proseslər bütün dünya üçün təhlükə yaradır. Əvvəlki günlərdə hərbi əməliyyatlar bir qədər kiçik miqyas daşıyırdı. Getdikcə vəziyyət daha da ciddiləşməyə başladı.
Azərbaycan dövlətinin baş verən hadisələrə mövqeyi məlumdur. Azərbaycan dünyada daim sülhə və təhlükəsizliyə mühüm töhfələr verən bir dövlət olaraq bu məsələnin də sülh yolu ilə həll olunması mövqeyindən çıxış edir. Təəssüf ki, dünən Belarusiyada baş tutan görüşün də nəticəsi olmadı.

- Rusiyanın özü üçün hansı mənfi tendensiyalar formalaşa bilər?

- Artıq Rusiyaya qarşı bütün dünya, xüsusilə Qərb ölkələri sanksiyalar tətbiq edib. Bu sanksiyalar nəticəsində Rusiya rublu kəskin şəkildə dəyərini itirməyə başlayıb. Bu isə Rusiya iqtisadiyyatının çöküşünün göstəricilərindən biridir. Rusiya üçün mənfi tendensiyalar bundan sonra da davam edəcək. Tətbiq olunan sanksiyaların yalnız Rusiya üçün deyil, bütün dünya iqtisadiyyatı üçün öz mənfi təsirləri olacaq.

- Nüvə təhdidi hazırda gündəmdədir. Bunun nə dərəcədə qorxulu məcraya yönəlmə ehtimalı var?

- Əlbəttə ki, nüvə atom silahı bütün dünya üçün böyük təhlükə yaradır. Əgər Qərb ölkələri Rusiyaya qarşı hərbi əməliyyatlardan istifadə edərsə ehtimal var ki Rusiya nüvə silahından istifadə etsin. Amma bu qarşılıqsız qalmayacaq. Bu da dünyanın məhvinə aparacaq prosesin başlanğıcı ola bilər.

- Bəzi ekspertlər bu sanksiyaları kifayət qədər ciddi hesab etmirlər. Düşünülür ki, Rusiya üçün az əhəmiyyət kəsb edən bu sanksiyaların ticarət tərəfdaşlarına təsiri olmayacaq. Sizcə, sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərər vura bilərmi?

- Mən belə hesab etmirəm. Artıq sanksiyaların ilkin nəticələri görünməkdədir. Biraz öncə də qeyd etdiyim kimi, Rusiyanın milli valyutası çökmək üzrədir. Sanksiyalar çox güclü təsirə malikdir. Rusiyanın rəhbərliyinin, dövlət orqanları nümayəndələrinin, tanınmış insanların, mətbuat işçilərinin də sanksiyalara məruz qaldığını görürük. Bu da Rusiyanın xeyli zəifləməsinə, iqtisadiyyatın çöküşünə səbəb ola bilər.

- Bu sanksiyalar paketinin tətbiqi kifayət qədər genişlənir. Bu sanksiyalardan Azərbaycan iqtisadiyyatına dəyən ziyanın həcmi maraqlıdır.

- Azərbaycan bir çox ölkələrlə xüsusilə də Rusiya və Ukrayna ilə ticari əlaqələr quran bir ölkədir. Buna görə də həmin ölkələrin iqtisadiyyatında tendensiyalar baş verərsə bu bizim iqtisadiyyatımıza da təsirini göstərə bilər.

- Baş verən proseslərin ərzaq bazarlarına təsirləri də maraqlıdır. Xüsusən taxılın qiyməti bundan sonra hansı dinamika nümayiş etdirəcək?

- Hərbi əməliyyatlar nə qədər ki davam edəcək, qiymət artımı qaçılmazdır. Nəinki ərzaq, eyni zamanda, tikinti materiallarının da bahalaşması gözlənilir. Neft məhsulları da artıq bahalaşmağa doğru gedir. Bu da onu göstərir ki, münaqişə inkişaf etdiyi müddətdə bu proseslərdə qiymət artımı davam edəcək.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...