Moskva bəyannaməsinə deputatların baxışı - SORĞU

Moskva bəyannaməsinə deputatların baxışı - SORĞU

Xəbər verildiyi kimi, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Mövzu ilə bağlı SİA Milli Məclisin üzvlərinin fikirlərini öyrənməyə çalışıb:

Milli Məclisin üzvü Aydın Mirzəzadə: “Azərbaycan və Rusiya prezidentləri arasında dünən Rusiyanın paytaxtı Moskvada imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ilə tanışlıq, bu bəyannamənin uzun müddət və çox ciddi şəkildə hazırlanmasından xəbər verir. Bəyannamə iki ölkə arasındakı münasibətləri daha yüksək mərhələyə qaldırır. Azərbaycan və Rusiya tarixən qonşu dövlətlər olub, bir-biri ilə sıx münasibətlərə malikdir. Bəyannamə bu münasibətləri daha da genişləndirir və dərinləşdirir. Tərəflər bir-birinin müstəqilliyinə ərazi bötüvlüyünə hörmət etdiklərini beynəlxalq hüquqi normalara uyğun olaraq bir daha bəyan edirlər. Tərəflər əməkdaşlığı dərinləşdirməkdə bütün sahələr üzrə birgə fəaliyyət göstərmək yollarını axtarmaqda maraqlı olduqlarını göstərirlər. Tərəflər bir-birini təhlükəsiz yaşamasında maraqlı olduğunu göstərirlər. Hər iki ölkə üçün ümumi təhlükə yaradan faktorları aradan qaldırmaq üçün birgə səy göstərməkdə maraqlarını ortaya qoyurlar. Eyni zamanda tərəflər beynəlxalq hüquq normalarına uyğun olaraq müstəqil daxili və xarici siyasət yeritməklə hər birinin hüququ olduğunu bildirirlər. Beynəlxalq birlikdə birgə fəaliyyət göstərmək üçün ümumi baxışların çox olduğunu və bunları daim axtarmaöa çalışdıqlarını da sənəddə öz əksini tapıb. İqtisadi əməkdaşlıq və bunun yeni sahələrinin tapılması bəyannamədə xüsusilə vurğulanır. Bu da əlbəttə ki, dövlətin iqtisadi qüdrətinin artması, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək. Azərbaycan üçün vacib olan ərazi bütövlüyünün təmin edilməsi məsələsinə Rusiyanın hörmətlə yanaşmasıdır. Rusiya, Azərbaycan və Ermənistan arasında imzalan üçtərəfli sazişlərin dəqiq yerinə yetirilməsində maraqlı olduqlarını ortaya qoyurlar. Rusiya prezidentinin bəyannaməni imzaladıqdan sonra keçmiş Dağlıq Qarabağ probleminin həllində Rusiyanın səy göstərdiyini bəyan etməsi də vacib məqamlardan biri idi. Şimal qonşumuzun mövqeyi Azərbaycanın öz ərazi bütövlüyünü təmin edilməsinə beynəlxalq hüququn dəstəyi kimi göstərmək olar. Ermənistanın bütün cəhdlərinə baxmayaraq Rusiya 44 günlük Vətən müharibəsində Ermənistanın çirkin oyunlarını müdafiə etmədi. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi fəaliyyətində onun daxili işi olduğunu göstərdi. Hesab edirəm ki, dünənki bəyannamə hər iki dövlətin bir dövlət kimi möhkəmlənməsində, əməkdaşlığın, dostluğun, qardaşlığın güclənməsində çox böyük rol oynayacaq. Bu sənəd qarşılıqlı sürətdə Tərəflərin beynəlxalq birlikdə öz fərqli yerini tutması üçün cəhd göstərdiyini, bir-birinin daxili işlərinə qarışmadan, bir-birilə mehriban qonşuluq münasibəti yürütməkdə və münasibətlərin artıq müttəfiqlik səviyyəsinə qaldırılmasına dair öz mövqelərini ortaya qoydular. Kifayət qədər ciddi əsaslı və diqqətçəkən bir sənədi imzalanmasının şahidi olduq. Bu tarixi bir hadisədir”.

Milli Məclisin üzvü Cavid Osmanov: “Azərbaycan milli maraqlarına uyğun çoxşaxəli müstəqil siyasət yürüdür. Əlbəttə ki, bu siyasətin əsas amillərindən biri qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verməklə həyata keçirilir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox təşəbbüslərlə çıxış etmiş, atdığı praktiki addımlarla Azərbaycanın dünyada qeyd olunan qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa öz sədaqətliyini nümayiş etdirib. Azərbaycan hər zaman qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulmasını pioritet hesab edib. Eləcə də Vətən müharibəsində zəfər çalmağımızda bu amil öz böyük rolunu oynayıb. Bu gün isə Azərbaycanın növbəti qələbəsi, növbəti diplomatik uğuru Rusiya ilə bəyannamə imzaladı. Nəzərə almaq lazımdır ki, Rusiya dünyanın ən böyük ölkələrindən biridir və eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzv ölkələrindən biridir. Azərbaycan ilə Rusiya arasında çox sıx mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələri daha da genişləndirmək dünən imzalanmış tarixi sənəddə öz əksini tapıb. Müttəfiqlik bəyannaməsi Azərbaycan ilə Rusiya arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə çıxarır. Bu sənədin hazırlanması artıq uzun müddətdir ki, həyata keçirilir. Bəyannamədə bir çox əsas məsələlər öz əksini tapıb. Eyni zamanda bəyannamədə qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, ölkələrin bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək kimi öhdəliklər götürülüb. Eyni zamanda bəyannamədə əks olunur ki, hər iki ölkə müstəqil siyasət yürüdür. Həmçinin bəyannamədə 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan tərəfindən birgə imzalanmış sənədlər də öz əksini tapmışdır. Bir daha qeyd etmək lazımdır ki, bu bəyannamənin imzalanması tarixi bir hadisədir. Müstəqil siyasət yürüdən cənab Prezidentin növbəti diplomatik qələbəsidir”.

Milli Məclisin üzvü Könül Nurullayeva: “Azərbaycan və Rusiya arasında imzalanan Moskva bəyannaməsi Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək. Şuşa bəyannaməsindən sonra Moskva bəyannaməsinin imzalanması Azərbaycanın milli maraqlarını tam ehtiva edir. Hər iki sənəd strateji xarakter daşıyır və Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Sənəd əsasında tərəflərin üzərinə götürdüyü əsas öhdəliklərdən biri də separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir. Regionun əsas aktorları olan Türkiyə və Rusiya ilə müttəfiq olmaq olduqca vacibdir. Moskva bəyannaməsi üzərində iş uzun müddətdən bəri gedirdi. Bu barədə dövlət başçıları da bəyan etdi. Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılırdı. Eyni zamanda dövlət başçımız Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar xalqa müraciətində də Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu mənada sənədi regionda baş verən son siyasi proseslərlə əlaqələndirmək doğru deyil. 43 bəndin heç birində Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edən məqam yoxdur. Azərbaycan-Rusiya müttəfiqliyi Ermənistana böyük zərbədir. İlk növbədə ona görə ki, Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək. Bu bəyannamə ilə Bakı və Moskva Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Azərbaycan eyni zamanda digər tərəfdaşlarla da münasibətləri inkişaf etdirmək üçün səylərini davam etdirəcək. Bu gün rəsmi Bakının qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xəttlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bir sözlə, Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib”.

Milli Məclisin üzvü Naqif Həmzəyev: “Azərbaycan 30 ilə yaxın müddət ərzində həll olunmayan Qarabağ münaqişəsinə son qoyub. Azərbaycan qalib ölkə kimi Ermənistana humanizm nümayiş etdirərək sülh təklif etdi. Üçtərəfli bəyanatda Ermənistanın götürdüyü öhdəliklər var. Bu öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan diplomatik və siyasi səylərini artırır. Bu üçtərəfli bəyanatın və bundan sonrakı Moskva, Soçi, Brüssel görüşlərinin əsas formatı da məhz Ermənistanın götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzərində qurulub. Ancaq Ermənistan bu müddət ərzində Rusiyanın vasitəçiliyindən razı qalmadığına eyham vurub və bu münasibətlərin tənzimlənməsi üçün Avropa İttifaqını, ATƏT-in Minsk Qrupunu, Fransanı daxil edib. İstənilən halda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici diplomatik siyasətin nəticəsində Azərbaycanın mövqeyi bütün tərəflər tərəfindən hörmətlə qarşılanıb. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Rusiya ilə də ölkəmizin yüksək səviyyəli əlaqələri var. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir. Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir. Moskva Bəyannaməsində də BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır: “Bəyannamədə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə