Yevgeni Mixaylov: “Müttəfiqlik Rusiya və Azərbaycanın mövqelərini möhkəmləndirəcək” - ŞƏRH
Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar başlayıb. Danışıqlar iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir. Kremlin məlumatına görə, görüşdə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair tədbirlərə də baxılacaq. Danışıqların yekunu olaraq Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamə imzalanacaq. Rusiya və Azərbaycan münasibətlərinin statusunun artması praktikada nə demək olacaq və bu, regiondakı münasibətlərə necə təsir edəcək?
Millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov bu barədə fikirlərini “Moskva-Baku” platformasına verdiyi şərhində açıqlayıb. Ekspertin şərhini oxucularımıza təqdim edirik.
- Rusiya və Azərbaycan liderləri tərəfindən Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinin imzalanması gözlənilirdi. Azərbaycan özünü çoxdan Rusiyanın etibarlı tərəfdaşı kimi təsdiqləyib. Ona görə də iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatması xəbəri mənim üçün təəccüblü deyil. Mən həmişə Rusiya-Azərbaycan münasibətləri haqqında danışarkən güman etmişəm ki, yaxın gələcəkdə münasibətlərin indi baş verən yeni səviyyəsinə çıxmaq mümkün olacaq. Bəli, Rusiya ilə Azərbaycanın müttəfiq olacağı faktı Qərb tərəfdaşları adlandırılan bir çox ölkələr üçün görünməmiş əhəmiyyətə malik, gözlənilməz hadisədir. Aydındır ki, belə bir razılaşma ilə Rusiya Cənubi Qafqazda öz mövqelərini daha da möhkəmləndirəcək. Necə ki, Azərbaycan öz mövqelərini möhkəmləndirəcək. Şübhə yoxdur ki, bütün bu hərəkətlər Azərbaycanla Türkiyə arasında da əlaqələndirilir. Qafqazın cənubunda yeni geosiyasi reallıq qurulur. Bu da Türkiyə ilə yaxınlaşmanı ehtiva edir.
Rusiya ilə Türkiyənin qarşılıqlı əlaqədə ola bilməyəcəyini deyənlərin hamısı yanıldı. Biz yaxşı bilirik ki, Rusiya Federasiyasında ermənipərəst mövqeyi əks etdirən lobbi strukturları var. Bu, hətta özlərini Rusiyanın maraqlarını müdafiə edən bəzi media orqanlarında da özünü göstərir. Amma əslində belə bir məqsəd güdülmür. Onlar həmişə Rusiya və Osmanlı imperiyaları arasındakı tarixi qarşıdurmada parazitlik ediblər. Əslində bizi bilərəkdən Osmanlı imperiyasına qarşı itələdilər. Anqlosaksonlarda həmişə belə bir hiss olub ki, Türkiyə və Rusiya müttəfiq olarsa, bu, Qərb dövlətlərinin istənilən ambisiyalarına müqavimət göstərməyə imkan verəcək güclü qarşılıqlı əlaqə olacaq.
Və bu gün biz başa düşürük ki, Rusiya Qərbə yox, Şərqə baxmalıdır. Qərb bizə həmişə mənfəət nöqteyi-nəzərindən baxıb. Rusiyanın Azərbaycanla müttəfiqliyinə Ermənistanın reaksiyası necə olacaq? Ermənistanın çox seçimi yoxdur. Rusiya tərəfdaşlarını özü seçir. O, Ermənistanı qapı arxasında qoymur və ona kömək edəcək, lakin kimin, nəyin onun üçün daha yaxşı olduğunu Rusiya özü müəyyən edəcək. O, erməni diasporasını dinləməyəcək. Ermənistan Rusiya üçün tarixi müttəfiqdir, Azərbaycan isə Cənubi Qafqazın həm tarixi, həm də bu gün ən mühüm müttəfiqidir, onunla heç bir halda münasibətləri korlanmamalıdır.
Mən tam etiraf edirəm ki, Əliyevlə Putinin Moskvada gözlənilən görüşündə İlham Əliyev bir diplomat kimi Ukrayna ilə Rusiya arasında vəziyyətin həllində vasitəçilik təkliflərini səsləndirəcək. Biz Türkiyə prezidentinin bu məsələdə fəal vasitəçilik cəhdlərinin şahidi olduq. İlham Əliyev yanvarda Kiyevə səfər edib və qayıdandan sonra Rusiya dövlət başçısına zəng edib. Mediada Zelenskinin Əliyevdən vasitəçi olmasını istəməsi barədə məlumatlar yayılıb. Əslində, Zelenskiyə heç nə mane olmur, əgər istək varsa, Qərb tərəfdaşları ilə əlaqələrindən imtina edib, ölkəsinin qan gölünə atıldığını anlayıb, dövlətin gələcəyini düşünsün, telefonu götürüb Putinə zəng edib desin: "Vladimir Vladimiroviç, mən əməkdaşlığa hazıram". Amma etmir.
Əliyev və Ərdoğanın birbaşa Zelenski ilə əlaqə saxlamaq imkanı var. Amma qərarı Zelenski deyil, Rusiya Federasiyası ilə sülhə ehtiyacı olmayan Bayden verir. O, siyasi tərəfdarlarının maraqlarından çıxış edir. Həmişə olduğu kimi, Amerika liderləri siyasi məqsədlərinə çatmaq üçün ya müharibə, ya da sülh oynayırlar. Və bütöv xalqların və dövlətlərin taleyini asanlıqla mübadilə edirlər.
Prezidentimiz tərəfdaşlarından, müttəfiqlərindən gələn istənilən dialoqa, təkliflərə hazırdır. Bu gün Ukrayna ətrafında böyük geosiyasi oyun gedir. Biz Vladimir Putinlə İlham Əliyevin çox gözəl münasibətlərini bilirik və etiraf etmək olar ki, prezidentimiz dostunun fikrinə və istəklərinə qulaq asır. Onlar, demək olar ki, həmişə ən narahat məsələlərdə belə, qarşılıqlı anlaşma tapırlar, bunu Qarabağ münaqişəsinin həlli göstərdi.
Ukrayna ətrafında yaranmış vəziyyət, Rusiya-NATO münasibətləri, təhlükəsizlik təminatı problemləri fonunda ümumilikdə postsovet məkanında, xüsusən də Cənubi Qafqazda təhlükəsizlik məsələsi ortaya çıxır. Müharibə başlasa, Ukraynanın özündə yarım milyon Azərbaycan diasporunun yaşadığını başa düşürük. Azərbaycanın Rusiya Federasiyası ilə əla münasibətləri var. Silahlı qarşıdurma isə bir çox birgə layihələrin inkişafına mane olacaq, ən azı diqqəti yayındıracaq, şübhəsiz ki. Burada isə Əliyev oyun oynamağa - ilk növbədə öz dövlətinin təhlükəsizliyini, Azərbaycanın milli maraqlarını gücləndirməyə və siyasi xallarını almağa çalışır. Eyni zamanda, Azərbaycan əvvəlki kimi Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatlarında kifayət qədər dəqiq olacaq.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB