Ləyaqət, intellekt və xeyirxahlığın vahid simfoniyası

Ləyaqət, intellekt və xeyirxahlığın vahid simfoniyası

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli, ardıcıl və məqsədyönlü fəaliyyəti də ölkəmizin dayanıqlı inkişafına, xalqımızın rifahının daha da yaxşılaşmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, respublikamızın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə və müxtəlif sahələrdə davamlı strateji nailiyyətlərin əldə olunmasına müstəsna töhfədir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ilə Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulub.

Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Dövlət rəhbərimizin ömür-gün yoldaşı kimi Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşdü. Mehriban xanım Əliyeva tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində ümid yerinə, xeyirxahlıq, haqq-ədalət ünvanına çevrilib. Cənab Prezident İlham Əliyev cəmiyyətdə gender bərabərliyinin inkişafı çərçivəsində respublikanın həyatında qadınların rolunun daha da yüksəlməsinə yönəlmiş güclü strategiyanın həyata keçirilməsini təmin edir. Azərbaycan qadını bəşəri dəyərləri özündə ehtiva edən bugünkü cəmiyyətimizdə “Birinci xanım” ənənələrini bərqərar edərək dövrün tələblərinə uyğun inkişaf etdirməyə nail olmuşdur. Respublikamızda qadın hərəkatının geniş vüsət alması, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişləndirilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.

Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin təbliği, mənəvi irsimizin qorunması, Azərbaycanın zəngin tarixi və mədəni mirasının dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyəti dərin milli məzmun və qlobal xarakter daşıyır. Xalqımızın sarsılmaz həmrəyliyinin, qətiyyətli mübarizə əzminin ifadəsi və dövlətimizin qüdrətinin rəmzi olan “Dəmir yumruğun” düşmənin başını əzməsi – belini qırması nəticəsində qazanılan tarixi Zəfərdən sonra yeni mərhələdə də mədəniyyət diplomatiyası uğurla davam etdirilir. Bu, xüsusilə Azərbaycan xalqının maddi irsinə, tarixi-mədəni abidələrinə qarşı həyata keçirilmiş terror fəaliyyətinin - erməni vandalizminin ifşası və faktların beynəlxalq aləmə təqdim olunması üçün vacibdir.

Müxtəlif statuslarda çoxşaxəli və genişmiqyaslı səmərəli fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə mühüm nailiyyətlərə imza atan, xalqımızın və dünya miqyasında geniş ictimaiyyətin böyük rəğbətini qazanan Mehriban xanım Əliyevanın həyat yolu parlaq nümunədir. Əminliklə söyləmək olar ki, Mehriban xanım Əliyeva qarşıdakı dövrdə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi yerli və beynəlxalq ictimaiyyət tərəfindən təqdirlə qarşılanan fəaliyyətini uğurla davam etdirəcək, ölkəmizin strateji hədəflərinin reallaşdırılmasına öz misilsiz töhfəsini verəcək!

Arzu Abdullayev

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə