Bütün bunlar məmur ordusu qarşısında böyük vəzifələrin dayandığını göstərmiş oldu - ŞƏRH EDİLDİ

Bütün bunlar məmur ordusu qarşısında böyük vəzifələrin dayandığını göstərmiş oldu - ŞƏRH EDİLDİ

“Prezident İllham Əliyev icra başçısı vəzifəsinə yeni təyinatlar zamanı etdiyi çıxışda idarəetmədə müasir məqsəd və vəzifələrin nədən ibarət olduğunu izah edərkən üç mühüm prinsip üzərində dayanaraq onları vacib şərt kimi irəli sürdü”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bunlardan birincisi idarəetməni həyata keçirərkən vətəndaşın rəğbətinin qazanılması, yəni vətəndaş məmnunluğu, ikincisi hər bir məmurun xalqın xidmətçisi olması və üçüncüsü isə vəzifənin yüksək imtiyaz deyil, yüksək məsuliyyət olması ilə bağlı idi: “Əslində bu üç prinsip müasir məmur obrazının fəaliyyət kodeksi kimi də səciyyələndirilə bilər. Doğurdan da təkcə bu üç mühüm keyfiyyətə sahib olmaq, ya da bu üç prinsip əsasında fəaliyyəti qurmaqla müasir idarəetmədə ən yaxşı nəticələr əldə etmək mümkündür. Elə Azərbaycan cəmiyyətinin də məmurlardan gözləntisi yuxarıda göstərilən prinsiplərdən irəli gələn vəzifələrin icra edilməsi ilə bağlıdır. Çox təəssüf ki, biz hələ də bəzi hallarda vəzifəni məsuliyyət kimi yox, xüsusi imtiyaz kimi dərk edən və vəzifə səlahiyyətlərini öz maraqlarını həyata keçirmək üçün vasitə kimi görən məmurlarla da rastlaşırıq. Eyni zamanda həm də onun şahidi oluruq ki, bu tip məmurlar tutduqları vəzifə mərtəbəsindən asılı olmayaraq qanunlar qarşısında cavab verməli olurlar. Bu isə nəticə etibarilə həm məmurların şəxsi faciəsinə, həm də ictimai etimadın zədələnməsinə, məmura və yaxud dövlət səlahiyyətlisinə qarşı inamsızlığa gətirib çıxarır. Nəticədə isə uduzan bütün tərəflər olur. Ona görə də Prezident İlham Əliyevin tapşırıqları təkcə yeni təyin olunan icra başçıları üçün deyil, bütün məmurlar üçün bir fəaliyyət istiqaməti təşkil etməlidir.

Azərbaycan Prezidenti eyni zamanda hazırki yeni çağırışlar kontekstində rayonlarımızda iş yerlərinin yaradılması, işgüzar mühitin formalaşdırılması, sahibkarların fəaliyyətinin və onların təşəbbüslərinin dəstəklənməsinin də vacib olduğunu vurğulayaraq bu istiqamətdə mühüm addımların atılmalı olduğunun zərurətindən danışdı. Ölkəmizdə həyata keçirilən dərin islahatların yeni şərtlərlə formalaşdırdığını və bu imkanların yaratdığı yeni fürsətlərin lazımınca qiymətləndirilməsinin vacibliyini qeyd etdi.

Bütün bunlar isə məmur ordusu qarşısında necə böyük vəzifələrin dayandığını və onların uğurlu həllinin isə sosial-iqtisadi inkişafımıza necə böyük töhfələr verə biləcəyini göstərmiş oldu. Şübhəsiz ki, bütün bunlar milli inkişafımızın yeni mərhələsi üçün də əsas prioritetləri təşkil edən istiqamətlərdir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə