YAP Astara rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olunub
Fevralın 11-də Astara şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olunub
Bu münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların rəhbərləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Prezidentinin gənclərə böyük inam bəslədiyini, onların yüksək təhsil alması, intellektual səviyyələrinin artırılmasına, ali dövlət orqanlarında məsul vəzifələrə irəli çəkməsinə daim diqqət yetirdiyini bildirib.
Qeyd olunub ki, YAP İdarə Heyətinin qərarı ilə 2022-ci il yanvarın 28-də partiyanın Astara rayon təşkilatının sədri seçilmiş Cəfərov Həbib Zərxan oğlu da bunlardan biridir.
Həbib Cəfərov dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib, rayonun ictimai-siyasi həyatında həmişə fəal iştirak edib.
Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan danışan icra başçısı qeyd edib ki, ulu öndər Heydər Əliyevin banisi olduğu, ölkədə yeganə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası Azərbaycanın ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranıb.
Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Torpaqlarımız düşmən tərəfindən işğal edilmişdi. Respublikada xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xalq ümidini təcrübəli dövlət xadimi Heydər Əliyevə bağlayaraq, ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün təkidlə rəhbərliyə dəvət etdi. 1992-ci ilin noyabrında təsis olunan Yeni Azərbaycan Partiyası qısa müddətdən sonra siyasi hakimiyyətə gələrək Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi. Bu, Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri idi.
Otuz ildir ki, güclü və demokratik siyasi qüvvə olan, xalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı inamla inkişafa, uğurlu gələcəyə doğru aparır. Ulu Öndərin ənənələrinə daim sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.
Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, mütərəqqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Ən böyük uğur isə sözsüz ki, 30 ilə qədər işğal altında olan müqəddəs torpaqlarımızın azad edilməsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabr tarixində başlayan əks-hücum əməliyyatında qəhrəman əsgər və zabitlərimiz canından keçərək torpaqlarımızı düşmən tapdağından azad etdilər. 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin göstərdiyi şücaət misilsizdir. Bu müharibədə 1990-cı illərdə ölkədə yaranmış boşluqdan, hakimiyyətsizlikdən istifadə edərək Azərbaycan torpaqlarını vəhşicəsinə işğal və talan edən quldur ermənilər cəsur oğullarımızın əsl gücünü, nəyə qadir olduğunu gördülər.
Həmin illərdə nizami ordu və vahid komandanlıq yox idi. Özünümüdafiə dəstələrinə başçılıq edən qeyri-peşəkarlar isə xalqı qırğına fəlakətə düçar etdilər və böyük torpaq itkisini miras qoydular. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ordu quruculuğunun əsası qoyuldu. Prezident İlham Əliyev isə Azərbaycan Ordusunu dünyanın ən nizami orduları sırasına yüksəltdi.
Bugünkü Qələbəmizin, tarixi Zəfərimizin əsl səbəbi də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə formalaşmış güclü Ordumuzun vahid komandanlıq ətrafında sıx birləşməsidir. Qəhrəman zabit və əsgərlərimiz, şəhidlərimiz, qazilərimiz böyük vətənpərvərlik, döyüşkənlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ən şanlı tarixini yazdılar.
İcra başçısı partiya üzvlüyünə qəbulda keyfiyyətə önəm verilməsi və bu işə nəzarətin gücləndirilməsi, dövlətə sadiq sədaqətli, perspektivli gənclərin partiya sıralarına cəlb edilməsi, partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında fəallığının artırılması, ərazi ilk partiya təşkilatlarının işinin gücləndirilməsi, yerlərdə dövlət siyasətinin təbliği istiqamətində aktivliyin təmin edilməsi, Prezident İlham Əliyevin gördüyü işlərin ictimaiyyətə çatdırılmasında partiya fəallarının gücündən səmərəli istifadə olunması barədə tövsiyələrini verib.
YAP Astara rayon təşkilatına yeni təyin olunmuş sədr Həbib Cəfərov göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə minnətdarlığını bildirərək bu etimadı doğrultmaq üçün böyük səylə çalışacağını qeyd edib.
Tədbirdə Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov, Gənclər və İdman İdarəsinin rəis əvəzi Rufan Şirinov, Astara Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Oqtay Əmənullayev və başqaları çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB