Rusiya-Ukrayna gərginliyi regiona nə vəd edir? - ŞƏRH EDİLDİ

“Rusiya-Ukrayna gərginliyi təkcə regiona yox, onun bütün dünya üçün qlobal mənada təhlükəsizlik potensialından danışmaq daha doğru olardı. Ona görə ki, bu gərginlik yüksəldikcə təkcə regionun yox, ümumiyyətlə, Avrasiyanın və bütün dünyanın gələcəyi haqqında ən pis və qorxulu proqnozları vermək üçün əsaslar yaranır. Doğrudur bunu Rusiya da, Ukrayna da, Qərb ölkələri də konkret olaraq anlayırlar və əslində bu qədər gərginlikdən sonra indiyə qədər orada odlu müharibənin başlamaması yalnız onun nəticəsidir ki, əslində hər iki tərəf müharibəyə hazırlaşsalar da amma müharibənin mümkün olan bütün nəticələrini hesablamaqda o qədər də dəqiq nəticələrə gələ bilmirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bəlkə də Ukrayna ətrafında yaranmış gərginliyin odlu müharibəyə çevrilməsinin qarşısını alan şey yeganə olaraq budur: “Amma təbii ki, hər iki tərəf istər Qərb ölkələri olsun, istərsə də Rusiya odlu müharibənin başlanmasını tamamilə real edən ən sonuncu addım atmaqdan çəkinirlər. Hələlik real vəziyyət bundan ibarətdir. Çünki, başa düşürlər ki, bu Baydenin dediyi kimi həqiqətən İkinci Dünya müharibəsindən sonra Avrasiyada ən qorxulu bir hadisəyə çevrilə bilər və başlamış proseslərin qarşısını almaq onu dayandırmaq sadəcə olaraq mümkün olmaya bilər”.

Aydın Quliyev sözlərinə belə davam edib: “Diqqətlə yanaşanda bu gün Ukraynanın ətrafında yaranmış vəziyyət xeyli dərəcədə 2008-ci ildə Gürcüstanın ətrafındakı vəziyyətə oxşayır. Yəni, Gürcüstan-Rusiya və Gürcüstana görə Rusiya qərb gərginliyini biz bugün Ukraynanın timsalında yaşayırıq. Rusiyada yaxşı başa düşürlər ki, Rusiyada da, Amerika Birləşmiş Ştatları da Mərkəzi Ukrayna hakimiyyəti ilə separatçı bölgələrin arasında nə baş verdiyini çox diqqətlə izləyirlər. Aydın məsələdir ki, Ukraynanın Mərkəzi hakimiyyəti ilə separatçı bölgənin arasında baş verəcək hər hansı bir kiçik fakt iki ölkənin arasında, bəlkə də dünyanın iki super dövlətinin arasında böyük müharibənin başlamasına nədən ola bilər. Ancaq hər iki tərəfin özünün hesabatı var. Rusiya eynilə 2008-ci ildə Gürcüstandakı kimi düşünür ki, əgər separatçı bölgəyə Ukraynanın hər hansı təcavüzü, müdaxiləsi olarsa onda Rusiya bunun qarşısını almaq üçün hücuma keçəcək. Ancaq bu hücumun nəticəsində Kiyevdəki mərkəzi hakimiyyəti devirmək və onu Rusiyaya meylli bir hakimiyyətlə əvəzləşdirmək həddinə qədər gedib çata bilməyəcək. Çünki Qərb ölkələri buna müdaxilə edib qarşısını alacaqlar və yaxud da ki, Qərb ölkələri də yaxşı anlayırlar ki, əgər Ukraynanın mərkəzi hakimiyyəti, Ukraynadakı o separatçı bölgələrin üzərinə hücuma keçərsə onda Rusiya separatçı bölgələri müdafiə etmək üçün hərbi əməliyyatlara başlayacaq”.

Aydın məsələdir ki, separatçı bölgələrin tamamilə məhv edilməsinə və onların Ukrayna mərkəzi hakimiyyətinə birləşdirilməsinə maneçilik törədəcəklər. Beləliklə də bu prosesin hədsiz uzana biləcəyi, yəni, nə Ukrayna mərkəzi hakimiyyətinin separatçı bölgələri özünə qata bilməsi, nə də separatçı bölgələrin Ukraynadan tam şəkildə ayrılması vəziyyətinin ortaya çıxması xeyli dərəcədə uzana bilər. Buna görə də istər Amerika, istərsə də Rusiya olsun Ukraynada mərkəzi hakimiyyətlə separatçı bölgələrin arasındakı münasibətləri çox diqqətlə izləsələr də amma baş verə biləcək hər hansı bir toqquşmadan olduqca narahatdırlar. Çünki bilirlər ki, separatçı bölgə ilə mərkəzi hakimiyyətin arasında toqquşma artıq qanlı müharibəyə gətirib çıxara bilər. Necə ki, 2008-ci ildə Gürcüstanda separatçı bölgələri müdafiə etmək istəyən Rusiya açıq hərbi müdaxilə edərək hətta Tiflisə qədər gedib çıxsa da, amma Gürcüstanın NATO-ya doğru yolunu bağlaya bilmədi. Eynilə də Ukraynanın timsalında Rusiyanın hərbi müdaxilə edərək separatçı bölgələrdə artıq özünün hərbi mövcudluğunu rəsmi qaydada bərqərar etsə də amma Ukraynanın NATO-ya doğru yolunun dayandırılıb-dayandırılmayacağını bu başdan söyləmək çox çətindir. Əslində real vəziyyət bundan ibarətdir ki, həm Rusiya, həm də Amerika çalışırlar ki, Ukraynada baş verə biləcək qanlı toqquşmaların məsuliyyətini qarşı tərəfin üzərinə atmaq üçün daha çox əsaslara malik olsunlar.

Bugün müharibənin olub-olmayacağından daha çox tərəfləri düşündürən sual odur ki, kim məsuliyyət altında qalacaq? Rusiya məsuliyyət altında qalacaq, yoxsa Amerika Birləşmiş Ştatları? Bu da müharibənin başlanmasına maneçilik törədən amillərdən biridir. Fikrimcə, vəziyyətin dünya üçün nə qədər kritik və təhlükəli olduğunu hər iki tərəf anladığı üçün mümkündür ki, heç müharibə də olmasın. Çünki hər bir hərbi-siyasi gərginlik nöqtəsində uzaq hədəflərlə bərabər yaxın hədəflər də olur. Artıq həm Rusiya, həm də Amerika yaxın hədəflərə nail olublar. Belə ki, Amerika Ukrayna ətrafındakı gərginlikdən istifadə edərək Qərbi Avropa ölkələrinə Rumıniyaya, Polşaya, Pribaltika ölkələrində özünün hərbi mövcudluğunu daha da artırıb, əlavə hərbi hissələr yerləşdirilib, hərbi mövcudluğunu gücləndirib. Eynilə də Rusiya da Ukrayna gərginliyindən istifadə edərək Krım yarımadasında Qara dənizdə özünün hərbi mövcudluğunu daha da möhkəmləndirib ki, ora yığılmış hərbi potensialın bir daha geri qayıtması artıq mümkünsüzdür. Yəni, tərəflər artıq istədiklərini minimum şəkildə əldə ediblər. Qalır Ukraynanın NATO-ya doğru yolunun bağlanması, burada hər şey NATO rəhbərliyinin və Amerikanın nə qədər qətiyyətli addım atacağından çox şey asılı olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə