20 Yanvar faciəsinin ildönümü ilə bağlı İranda anım tədbiri keçirilib

Azərbaycan Respublikasının İrandakı səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib.

SIA xəbər verir ki, İran ictimaiyyətinin və bu ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin, Tehranda yaşayan Azərbaycan vətəndaşlarının və səfirliyin əməkdaşlarının qatıldığı tədbirdən öncə səfirlikdə təşkil olunmuş “Şəhidlikdən Müstəqilliyə” adlı foto-sərgiyə baxış keçirilib, iştirakçılar 20 Yanvar şəhidlərinin xatirəsinə hazırlanmış lövhənin önünə gül dəstələri qoyublar.

Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anım tədbirində 20 Yanvar hadisələrinə dair film nümayiş olunub və çıxışlar edilib.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə mərasimdə çıxış edərək, tarixə qanlı, eyni zamanda, şanlı hərflərlə yazılmış 20 Yanvar tarixinin Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu nümayiş etdirdiyini diqqətə çatdırıb. Bildirib ki, həmin gün Azərbaycanın öz şəhidləri, mərd oğulları və qızları hesabına öz müstəqillik adını yenidən tarixə yazdığı gün kimi qəbul olunur. Səfir həyata keçirilmiş bu qətliamın məqsədinin həmin dövrdə ayağa qalxmış Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq və Azərbaycan torpaqlarının bir hissəsini Ermənistanın tərkibinə vermək olduğunu qeyd edib. Əslində, bu proses tarix boyu aparılıb, vaxtilə ermənilər öz havadarlarının köməkliyi ilə Zəngəzur, Vedi, Göyçə mahalı kimi bir çox Azərbaycan torpaqlarına yiyələniblər.

Əli Əlizadə Azərbaycan xalqının məruz qaldığı bu təcavüzün indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu hüquqi qiyməti almadığını, bunun səbəbkarı olan Azərbaycanın ovaxtkı rəhbərliyinin həmin dövrdə 20 Yanvarın gerçək miqyas və mahiyyətini beynəlxalq ictimaiyyətdən gizlətməyə, bu hərbi cinayəti həmin dövrdə ört-basdır etməyə çalışdığını qeyd edib. Səfir həmin dövrdə 20 Yanvar faciəsinin məhz ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını və sonradan Ümummilli Liderin sayəsində də bu hadisəyə Azərbaycan parlamentinin siyasi-hüquqi qiymət verdiyini bildirib.

Azərbaycan xalqına qarşı əsrlər boyu həyata keçirilən bu faciələrin, etnik təmizləmələrin xalqımızın mübarizliyini qıra bilmədiyini qeyd edən Əli Əlizadə ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Azərbaycan dövlətinin və xalqının birliyi, Müzəffər Ali Baş Komandanın qətiyyəti və müdrik rəhbərliyi, şanlı Ordumuzun qüdrəti sayəsində azad edildiyini vurğulayıb.

Anım mərasimində çıxış edən İranın tanınmış mədəniyyət işçisi, “Xoca” və “Qanlı Yanvar” filmlərinin prodüseri Əyyub Daneşvər Azərbaycan xalqına qarşı sovet rəhbərliyinin ədalətsiz mövqeyindən danışıb. Diqqətə çatdırıb ki, filmlərin üzərində işləyərkən Azərbaycan xalqının ağrı-acısını dərindən başa düşüb və dərin təəssüf hissi keçirib. Haqqını və hüququnu, həmçinin torpaqlarının işğalına son qoyulmasını tələb edən xalqa qarşı törədilən bu faciənin insanlığa qarşı törədilən cinayət hesab olunduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan, fars və ingilis dillərində hazırlanmış “20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı” press-reliz və bu faciəni əks etdirən fotoşəkillər İranda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların Tehrandakı təmsilçiliklərinə, eləcə də yerli kütləvi informasiya vasitələrinə göndərilib. Səfirliyin saytında və sosial şəbəkə səhifələrində 20 Yanvar faciəsi ilə əlaqədar hazırlanmış ətraflı məlumat, press-reliz və fotolar paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə