“Human Rights Watch təşkilatı Ermənistan üçün qalxan rolunu oynayır” ŞƏRH

Azərbaycana qarşı mütəmadi olaraq qərəzli və ikili baxış bucağı sərgiləyən “Human Rights Watch” (HRW) təşkilatı 2021-ci il üzrə hesabatını açıqlayıb. Təşkilat dünyanın 102 ölkəsində insan haqlarının durumunu təsvir edib, hüquqların məhdudlaşdırılmasını stimullaşdıran amilləri dəyərləndirib. "Təsadüfi deyil ki, "Amnesty İnternational", "Human Rights Watch", "Article XlX" və onun koordinatoru olduğu "Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu" adlı qondarma qurum və digər xarici hüquq-müdafiə təşkilatları nəinki 2021-ci ildə, hətta on il əvvəlki hesabatlarında da Azərbaycanı qaralamaq, böhtan atmaq siyasətindən əl çəkməyiblər. Uzun illərdir davam edən bu cür siyasi xətt əlbəttə ki, bir məqsədə, mərama bağlanır. Heç bir, qurum, təşkilat maddi qazancı olmadan tutduğu haqsız, qərəzli, ikiüzlü yolu davam etdirməz. Belə ki, qeyd edə bilərik ki, Human Rights Watch təşkilatı məqsədyönlü şəkildə Azərbaycanı qaralama siyasətini həyata keçirərək öz maliyyə dəstəkçiləri olan erməni diasporunun və Azərbaycanı gözü götürməyən digər qurum və təşkilatlarının qəlbini şad edir. Bir sözlə, təşkilatın Azərbaycana qarşı hesabatları başdan ayağa qərəz doğurur. Dövlətimizin başçısı da dəfələrlə, hətta xarici KİV-lərə müsahibəsində də bir neçə təşkilatın, o cümlədən də “Human Rights Watch”un Azərbaycana qarşı aqressiyasını şərh edib. Prezident İlham Əliyevin də söylədiyi kimi, “onlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistan həbsxanasında jurnalist öləndə onlar sakit idilər. Ermənistanın əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz idilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz idilər. Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur.” Prezident İlham Əliyevin bu fikirləri qeyd etdiyimiz məqamları tam təsdiq edir. Belə anlamaq olar ki, Human Rights Watch birbaşa Ermənistan dövlətinin mənafeyinə xidmət edir, onların maraqlarını müdafiə edərək orada baş verən qanunsuzları görməzdən gəlir. Təşkilat Ermənistanı dünya arenasında hər vəchlə qoruyaraq psixoloji üstünlük qazandırır. Ermənistanın əleyhinə siyasi platformalarda təsdiq olunaraq səsləndirilən işğalçı, zorakı, vandal fikirlərini yayındırmaq üçün, beynəlxalq hüququn aliliyi prinsiplərini hər zaman qoruyan Azərbaycanın üzərinə böhtan ataraq onlardan fikiri yayındırmaq məqsədi güdür. BMT-nin Ermənistan əleyhinə qəbul etdiyi 4 qətnamə onların işğalçı və beynəlxalq hüquqa əməl etmədiyini göstərən ən hüquqi-siyasi ciddi dəlildir. 4 qətnamə bəs edir ki, Ermənistanı siyasi kuluarlarda tanımaq olsun. Amma gəlin diqqət edək, Human Rights Watch təşkilatı dünyanın ən önəmli qurumu olan BMT-nin qətnamələrinə istinad edirmi? Əlbəttə ki, xeyr. Məsələn, hesabatda Azərbaycanla Ermənistana bərabər şəkildə - hər birinə 7 səhifə həcmində - yer ayırıblar. Yaxud, hesabatın həm Azərbaycana, həm də Ermənistana aid hissəsi II Qarabağ müharibəsinin doğurduğu nəticələrin təsviri ilə başlayır. Savaşın və dağıntıların günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazmağa çalışıblar.

Human Rights Watch qeyri-hökumət təşkilatının 2021-ci il üzrə hesabatı yenə də Azərbaycana qarşı böhtan, yalan xarakteri daşıyan məlumatlarla zəngindir. Belə ki, təşkilatın hesabatında iddia edilir ki, guya müharibə zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb. Bu cür absurd iddia ilə çıxış edən təşkilat öz nüfuzunu aşağı salır. Təşkilat rəhbərləri, araşdırmaçılar əvvəlcə aydınlaşdırmalıdır ki, 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını böyük güclərin dəstəyi ilə Ermənistan ordusunun işğal altında saxlaması nəticəsində 11557 Azərbaycan hərbçisi şəhid olub, 800.000 azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 4000-dən çox insan itkin düşüb və hələ də barələrində məlumat yoxdur. Qarşı tərəfdən isə itkin düşmüş azərbaycanlılar haqqında beynəlxalq hüquqa zidd olaraq heç bir məlumat verilmir. 30 ilə yaxın müddətdə bu məsələ Avropa platformalarında Ermənistana təzyiq kimi ilk dəfə keçən ilin 15 dekabrında Brüsseldə keçirilən görüşdə 4000-mindən çox azərbaycanlının taleyinə aydınlıq gətirilməsi istiqamətində qaldırıldı. Amma hələ də bu barədə bir xəbər yoxdur. Diqqət çəkən məqamlardan biri də Human Rights Watchun bu məsələni öz hesabatına salmamasıdır. Əslində, təşkilatın bu cür iki standartlara istiqamətlənən addımı bizi təəccübləndirmədi.

Təşkilatın unutduğu və ya görməzdən gəldiyi digər bir məsələ isə müharibənin Ermənistan sərhədləri daxilində yox, Azərbaycanın suveren ərazilərində getməsidir. Belə olan təqdirdə təşkilatın bu barədəki hesabatı yalan və böhtandan başqa bir şey deyil. Bununla bərabər, Azərbaycanda döyüş zonasına daxil olmayan ərazilərə Ermənistan tərəfindən qadağan olunmuş raketlərin atılması məsələsi də hesabata salınmadı. Ermənistanın bu addımı nə hüquqi əsaslara, nə də mənəvi əxlaqa sığmayan hərəkətdir. Belə ki, BBC 28 oktyabr 2020-ci il tarixdə “Human Rights Watch Azərbaycanda araşdırma aparacaq” başlığı ilə məqalə yayımlayıb. Məqalədə qeyd edilir ki, “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Human Rights Watch və Amnesty International təşklilatlarını Azərbaycana dəvət edib. 2020- ci ilin oktyabrında təşkilat tərəfindən “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə də hazırlandı. Həmin sənəddə də qeyd olundu ki, “noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər, ən azı dörd ayrı hadisə zamanı mülki şəxslərin və ya mülki obyektlərin raket hücumuna məruz qaldığı aşkarlanıb. Bütün bunlar onu deməyə əsas verir ki, 44 günlük Vətən müharibəsində kimin günahkar olduğunu, hüquqa zidd davrandığını, məktəbləri, xəstəxanaları dağıtdığını göstərən faktlar “Human Rights Watch”un öz arxivində də var. Təşkilatın Avropa və Orta Asiya üzrə rəhbəri Hugh Williamson həmin məruzədə qeyd edib ki, “Ermənistanın hərbi qüvvələri müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atıblar, ağır artilleriya zərbələri endirdilır. Qeyd olunub ki, Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərinində bu cür faktlar qeydə alınıb. 40 mülki vətəndaşın öldürülməsi, bir çoxunun yaralanması ilə nəticələnən 18 hücum faktı da müşahidə edilib. Bütün bu faktları əks etdirən 10 peyk görüntülərinə baxılıb”. Human Rights Watch” 11 dekabrda yayımladığı məruzədə əks etdirdiyi bu faktları 13 yanvarda yayımladığı ümumi illik hesabatına daxil etməyib. Elə bil ki, bu məruzə heç olmayıb, onu arxivində gizlədib saxlanılıb. Məsələ ondadır ki, 11 dekabr məruzəsində əks etdirilmiş faktlar nisbətən Azərbaycanın lehinə, 13 yanvar hesabatında əks etdirilən arqumentlər isə tamamilə əleyhinədir. Aralarında kəskin təzad, ziddiyyət var.

Human Rights Watch-ın 11 dekabr 2020-ci tarixli məruzəsində yer tutmuş faktlar 2021-ci ilin hesabatında dolayısı ilə inkar edilir. HRW nəinki BMT-nin, AŞ-nin, Avropa Parlamentinin Azərbaycanın haqlı olduğu bəyanatlarına istinad etməyib, heç öz arxivinə də baxmayıb, ölkəmizin leyhinə bircə kəlmə də işlətməyib. Aydın görünür ki, bu, ya təşkilatın ermənipərəst ekspertlərinin fantaziyasıdır, ya da erməni mənbələrinin şişirdilmiş rəqəmlərdən ibarət məlumatlarından götürülüb. 2021-ci ildə Ermənistanda insan hüquqlarının pozulması, qanunsuzluq barədə 177 hadisə baş verib. Amma qəribə odur ki, bütün bunların heç biri Human Rights Watch təşkilatının 2021-ci il üzrə nə gündəlik bülletenlərində, nə də illik hesabatında yer tutmayıb. HRW-nin hesabatında Ermənistanda baş vermiş 177 hadisədən yalnız 2-nə yer ayrılıb. Təşkilatın Ermənistanyönümlü məqsədinin nə olduğu bilinməsə də, bəllidir ki, işğalçı dövlət üçün qalxan rolunu oynayır. Digər bir qərəzlı məqam isə Azərbaycan ordusunun guya “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyması” ilə bağlıdır. Belə ki, hesabatda guya BMT və AŞPA-nın əsirlərlə bağlı Azərbaycana müraciət etməsinə istinad olunur. Halbuki həm BMT, həm də AŞPA hər iki ölkəni müharibənin fəsadlarını aradan qaldırmağa çağırıb. Məsələ ondadır ki, Azərbaycanın həmin bəyanatlara cavabında “əsir” adlandırılan şəxslərin müharibədən sonra sərhədlərimizi keçən terrorçular olduqları sübuta yetirilib. Amma təşkilatın hesabatında Azərbaycanın cavab bəyanatları barədə bircə cümlə də işlədilmir. Müharibənin bitməsindən sonra sərhədləri keçib təxribatlar törədən erməni terroristlər mövzusuna toxunulmur. Aydın olur ki, HRW ekspertləri Ermənistanı haqlı çıxarmaq, Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün hər fürsətdən faydalanıblar.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə