20 Yanvar faciəsi bütün dünyaya xalqımızın mətinliyini və iradəsinin sarsılmazlığını göstərdi ŞƏRH

20 Yanvar faciəsi bütün dünyaya xalqımızın mətinliyini və iradəsinin sarsılmazlığını göstərdi ŞƏRH

32 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları paytaxt Bakı və respublikanın bir neçə rayonuna yeridildi. Hücum zamanı dinc insanlar ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildilər. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə qovuşmağa can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.

Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Qara 20 Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qırmızı rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı törədənləri ifşa etməsi o dövrdə xalqımıza dayaq, təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Uzun illər Azərbaycana rəhbərlik edən, keçmiş ittifaq dövlətində yüksək vəzifələrdə çalışan, zəngin idarəçilik təcrübəsi və sarsılmaz iradəsi ilə SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də, bütün məhrumiyyətlərə baxmayaraq, o ağır günlərdə xalqının sırasında, onunla birgə oldu, həmrəy oldu.

Ulu öndər Heydər Əliyev öz bəyanatı ilə, əslində, Azərbaycanda gedən proseslərə qiymət verdi. O, SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə qətiyyən xoşniyyətli davranmadığını diqqətə çatdırdı. Hakimiyyəti həm də onda qınadı ki, Azərbaycana siyasi savadı olmayan, kölə xislətli insanın rəhbər təyin olunması xalqla hakimiyyət arasında dərin uçurumun yaranmasına səbəb olub. Bu uçurumun yaradılması da, ilk növbədə, mərkəzi hakimiyyətin maraqlarına xidmət edirdi və bununla belə, gələcəkdə yaranacaq bütün problemlərin, konkret desək, 20 Yanvar faciəsinin baş verməsinə səbəb olmuşdu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması və cinayətkarların müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı.

Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, istər 20 Yanvar şəhidlərinin, istərsə də Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

HƏMİD PƏNAHOV,

YAP Qazax rayon təşkilat sədrinin səlahiyyətlərini icra edən

Bütün xəbərlər Facebook səhifəmizdə