Prezident İlham Əliyev: "Bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur" ŞƏRH
Azərbaycan hazırkı qlobal təhlükənin "COVID-19" pandemiyasının ölkə əhalisinə təsirini mümkün qədər minimumlaşdırmaq üçün ilk gündən səmərəli tədbirlər həyata keçirib. Görünməz bir düşmənlə mübarizədə tədbirlər davamlı və məqsədyönlüdür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan dünya ölkələrinə nümunə olaraq təqdim olunur və ölkəmizin təcrübəsi öyrənilir. Bu gün dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da koronavirusun yeni ştammı "omikron"a yoluxma halları təsdiqlənib. Ölkəmiz az zərərlərlə çıxmaq üçün səmərəli tədbirləri həyata keçirir. Görülmüş tədbirlərin nəticəsidir ki, dünya ölkələri ilə müqayisədə Azərbaycan bu sınaqdan az itkilərlə çıxır. Ölkəmizdə bu virusdan 8 min 500-dən artıq insanın vəfatı elə də az itki deyil. Nəzərə alsaq ki, ilk gündən ciddi şəkildə tədbirlər görülməsəydi bu gün bu rəqəm daha yüksək göstəricilər üzərində olardı. Əlbəttə ki, həmişə vurğulandığı kimi, koronavirusdan qorunmağın əsas yollarından vaksinasiya olunmaqdır. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirdiyi kimi, MDB məkanında birinci ölkə idik ki, vaksinasiyaya start verdik: "Dəqiq xatırlayıram, keçən ilin yanvarın 18-də artıq biz vaksinləri əldə etdik. O vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi, indiki kimi deyildi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə biz "Sinovac" vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra biz həm "Sinovac"la, həm "Pfizer"lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik".
"HAZIRDA 46 XƏSTƏXANAMIZ COVID XƏSTƏLƏRİNİN MÜALİCƏSİ İLƏ MƏŞĞULDUR"
Yoluxma halının qarşısının alınması məqsədi ilə görülən işlər, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi, qapanmalar və bu kimi qərarların qəbul edilməsi virusun yayılmasının qarşısının alınmasına qarşı istiqamətlənmişdir. Qısa zamanda modul xəstəxanaların istifadəyə verilməsi, "Yeni klinika"nın açılışı və s. dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər sırasındadır. Qısa bir zamanda Maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərmiş oldu.
Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunaraq sağalıb və bu proses bu gün də davam etməkdədir. Müalicə prosesləri uğurla aparılır və xidmət keyfiyyəti yüksəkdir. "Bildiyiniz kimi, ölkəmizə modul tipli xəstəxanalar gətirildi, Yeni Klinikanı - ən gözəl xəstəxananı COVID xəstələrinin sərəncamına verdik və bütövlükdə hazırda 46 xəstəxanamız COVID xəstələrinin müalicəsi ilə məşğuldur" – deyə Cənab Prezident bildirib. Vaksinasiya ilə bağlı son məlumata gəlincə, dövlət başçısı qeyd edib ki, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az: "Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm". Dünya ölkələrində əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlı olduğu halda, Azərbaycan belə bir problemi yaşamır. Dövlət başçısı "Bizdə isə vəziyyət müsbətdir" – deyərək bizdə hazırda 10 min çarpayının olduğunu bildirib: "Onlardan cəmi 10 faizi doludur. Yəni, 9 min çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var. Burada önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yerimiz var, onlardan 26 faizi doludur. Burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik".
"YENİ DAVRANIŞ QAYDALARINA BİZ GƏRƏK ÖZÜMÜZÜ UYĞUNLAŞDIRAQ"
Həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ölkəmizdə məhdudiyyətləri aradan qaldırılıb. Bu gün dünya ölkələrində yenidən qapanmalar müşahidə olunur, məhdudiyyətlər tətbiq edilir. Cənab Prezident bunun insanların psixoloji vəziyyətinə, iqtisadi fəallığa çox mənfi təsir göstərdiyini bildirib: "Biz isə hər şeyi vəziyyətə uyğun şəkildə edirdik, lazım olan halda qapanırdıq, lazım olan halda açılırdıq. Yəni burada əsas məsələ bu virusun yayılma həcmini azaltmaqdır. Onu da bildirməliyəm ki, Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur. İndi insanlar şüurlu şəkildə gedirlər, bu peyvəndi alırlar və başa düşürlər ki, bu, onları qoruyur. Peyvəndlənmiş insanların arasında ölüm halları çox azdır. Bəlkə də peyvəndlənmiş xəstələrdən hansısa çox ciddi xəstəliyi olan, yaxud da ki, xroniki xəstələr dünyadan gedir".
Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən, artıq xeyli sayda insanlar peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 83, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 200 min 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 714 min 478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 757 min 277 təşkil edir. Bu o deməkdir ki, vətəndaşlarımız virusa qarşı məsuliyyətli yanaşır.
Azərbaycanda "COVID-19"-la mübarizə istiqamətində ilk gündən görülən tədbirlər, eləcə də vətəndaşların peyvəndlənməsi öz nəticəsini verir. Hər gün minlərlə insan yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunur. Öz həyatını, yaxınlarını təhlükədən xilas etmək üçün hər bir vətəndaş vaksinasiya olunmalıdır. Cənab Prezident müsahibəsində vətəndaşlara tövsiyələrini də verib: "Xüsusilə yaşlı insanlar özlərini qorumalıdırlar. Bütün bu yeni davranış qaydalarına biz gərək özümüzü uyğunlaşdıraq. İndi görək, deyirlər ki, bu viruslar illər keçdikcə öz gücünü itirir və sonra adi qrip halına çevrilir. Ümid edirəm ki, bunu da biz görəcəyik".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB