Qəzəb, qərəz və qısqanclıq.... ŞƏRH

Qəzəb, qərəz və qısqanclıq.... ŞƏRH

“Human Rights Watch” Qarabağ müharibəsi faktlarına niyə kölgə salır?

Məlum olduğu kimi, ikili standartlara əsaslanaraq Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən, erməni lobbisinin maraqlarına xidmət göstərən “Human Rights Watch” ölkəmizlə bağlı növbəti dəfə şər-böhtan dolu “hesabat” açıqlayıb. Bu dəfə də subyektivliyi, qərəzi ilə seçilən “hesabat”da əsl həqiqətlər təhrif olunub, yalan, böhtan və qərəz önə çıxarılıb. Belə ki, təşkilatın 2021-ci il üzrə hesabatında iddia edilir ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb. Belə çıxır ki, dünyanın 102 ölkəsində insan haqlarının durumunu təsvir edən, hüquqların məhdudlaşdırılmasını stimullaşdıran amilləri qiymətləndirən hesabat müəllifləri ikinci Qarabağ müharibəsinin Ermənistan deyil, Azərbaycan ərazisində aparıldığını, işğaldan azad edilən ərazilərdə bir zamanlar Ermənistan tərəfindən məskunlaşma siyasəti yürüdüldüyünü, həmin torpaqlardakı məktəblərin də qanunsuz inşa olunduğunu görməzlikdən gəliblər. Hesabatda Azərbaycanla Ermənistana bərabər şəkildə - 7 səhifəlik həcmlik yerin ayrılması təcavüzkarın gizlədilməsi məqsədindən başqa bir şey deyil.

Yenə də öz qərəzli mövqeyini nümayiş etdirən “Human Rights Watch” təşkilatı günahı yalnız Azərbaycanda görərək “Altı günlük müharibəsinin doğurduğu nəticələr” adlı bölümdə qeyri-obyektiv fikirlər verilib. Dünyaya obyektivlikdən, insan haqlarının müdafiəsi barədə “mühazirə” keçməyə cəhd edən ekspertlər müharibənin və onun təbii fəsadları olan dağıntıların günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazmağa can atıblar. Belə çıxır ki, 102 ölkədə “hər şeydən xəbərdar olan” “ekspertlər” ya Qarabağın hansı ölkəyə məxsus olduğunu “unudublar”, ya da məqsədli şəkildə “zavallı” Ermənistanın yanında yer alıblar. Bütün dünya gördü ki, Azərbaycan 44 günlük müharibədə tam ədalətli davranıb, bütün humanizm prinsiplərinə tam əməl edib. Müharibə zamanı əsir götürülmüş bütün ermənilər geri qaytarılıb. Müharibədən bitdikdən 16 gün sonra Azərbaycana qarşı təxribat törətmək istəyən 62 nəfər isə diversantlardır. Həmin terrorçular müharibə bitdikdən sonra 4 əsgərimizi şəhid edib. Onlar müharibə bitdikdən və üçtərəfli razılaşma imzalandıqdan sonra ərazilərimizə qanunsuz şəkildə daxil olduqları üçün hərbi əsir hesab olunmur. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi onların bəzilərini də geri qaytarıb. Hazırda ölkəmizdə erməni əsir yoxdur. Özünü tərəfsiz kimi təqdim etməyə cəhd edən beynəlxalq hüquq müdafiə təşkilatları isə, hətta insan taleyinə də ikili standartlardan yanaşır və beləliklə, Azərbaycana qarşı qərəzlərini ortaya qoymuş olurlar. Bu qərəzli təşkilatların istəkləri də Ermənistanın baş naziri Paşinyan kimi məhvə düçar olacaq, qərəzli bəyanatlarını da bu gün ancaq özlərindən başqa eşidən olmayacaq da! Çünki sentyabrın 27-dən Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi təxribatçı hərbi təcavüzünü və hərbi cinayətlərini dəstəkləyən dövlət və beynəlxalq təşkilatlar yalnız faşist xislətli olanlardır və bunu dünya dövlətləri də təsdiqləyir. Çünki Azərbaycan öz topağında vuruşur, erməni əsgəri isə başqa dövlətin torpağında.

Səbəb nədir, bu kağız üzərində olan beynəlxalq təşkilatlar Azərbaycanla bağlı qərəzli, faktları təhrif edərək böhtanlı hesabatlar hazırlayırlar? Səbəb bəllidir - Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsi, siyasi arenada söz sahibinə çevrilməsi və bu kimi digər əhəmiyyətli amillərə söykənən inkişaf trayektoriyasını genişləndirməsi. Söz yox ki, bu qurumun fəaliyyət prinsipi, bilavasitə inkişaf etmək qətiyyətini ortaya qoyan ölkələrə qarşı istiqamətlənib və Azərbaycan bu sıralamada daim hədəfə götürülməkdədir. O da sirr deyil ki, "Human Rights Watch" kimi təşkilatlartın qərəzləri arxasında dayanan əsas təkanverici mənbə Qərbdə fəaliyyət göstərən güclü və zəngin erməni lobbisidir. Məhz bu baxımdan, mayaları böhtan və qərəzdən, siyasi şantaj üsullarından yoğrulmuş bu tipli "insan hüquqlarının müdafiəsi" təşkilatları beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə mənfi rəy yaratmağa cəhd edirlər.

"Human Rights Watch" hər il, demək olar ki, eyni məzmunlu "hesabatlar" hazırlamaqla, sadəcə, rəqəm dəyişiklikləri edir

Çirkli pullar, siyasi korrupsiya hesabına "hesabatlar" yayan belə ikiüzlü qurumlara artıq inanan da yoxdur. Çünki onların hazırladıqları yalanla dolu hesabatlar, artıq bu qurumların iç üzünü və xəbis niyyətlərini çoxdan ortaya qoyub. Məsələn, üzə çıxan və ifşa olunan məqamlardan biri də budur ki, "Human Rights Watch" hər il, demək olar ki, eyni məzmunlu "hesabatlar" hazırlamaqla, sadəcə, rəqəm dəyişiklikləri edir. Bu isə qurumun yalanlarını aşkar şəkildə üzə çıxarmış olur. Digər tərəfdən, o da gizlin deyil ki, ayrı-ayrı qrupların və satqınların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlardan faydalanan "Human Rights Watch" təşkilatı daha çox Azərbaycanda "müxalifət" adı altında fəaliyyət göstərən radikal və dağıdıcı siyasi partiyaların əməyindən "faydalanır". Ona görə də, "Human Rights Watch" təşkilatı öz ciddiliyini itirib. Yəni qeyri-ciddi qurumlarla əlbir olan hər hansı bir təşkilatın ciddiliyindən söhbət gedə bilməz.

Novella Cəfəroğlu: “Yenə də ermənipərəst “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq təşkilatların “hesabatları” ciddi qəbul edilmir”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu yenə də ermənipərəst beynəlxalq təşkilatların, o cümlədən, “Human Rights Watch”, “Amnesty International” erməni terrorçularının Azərbaycan ərazisində törətdikləri terror aktlarını görmədiyini, “ağa” “qara” deyərək təcavüzkar Ermənistanı müdafiə edərək sentyabrın 27-də başlanan müharibədə yenə də hədəf Azərbaycanı qınadığına münasibət bildirərkən deyib: “Bu, təəccüb doğurmur. Xislətləri budur. Bu təşkilat indiyədək bir dəfə də olsun Azərbaycana edilən təcavüzü, erməni terrorçularının Azərbaycan ərazisində törətdikləri terror aktları ilə bağlı məsələ qaldırmayıb. Mənim “Amnesty International”a bir neçə sualım var. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından didərgin düşüb Azərbaycanın digər yerlərinə pənah gətirməsi, onların təməl insan hüquqlarının pozulması məsələsi bir dəfə bu təşkilat tərəfindən qaldırılıb? İkincisi, "Amnesty International" BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən dörd qətnaməsini icra etmir. Bununla da faktiki olaraq BMT-ni saya salmır, onun qərarlarına tabe olmur. “Amnesty International” bir dəfə də olsun bununla bağlı Ermənistana çağırış edib?”.

N.Cəfəroğlu onu da bildirib ki, ermənilər Gəncə, Mingəçevir, Ağcabədi, Tərtər və digər şəhər və rayonlarda əhalinin sıx yaşadığı yerlərə raket və artilleriya zərbələri endirirlər: «Mülki insanlar həlak olur, yaralanır. Onların əmlakına külli miqdarda ziyan dəyir. Hətta Gəncədə yaşayan erməni əsilli bir qadın bu zərbələr nəticəsində yaralanıb. "Amnesty International" mülki insanların öldürülməsi məsələsini qaldırıb? Ermənistan monoetnik respublikadır. Azərbaycanlılar oradan zorla qovulub. Ancaq orada elə bir mühit mövcuddur ki, digər bütün xalqlar könüllü olaraq oranı tərk edib. Bu gün nəinki "Amnesty International", digər beynəlxalq təşkilatların da heç biri Azərbaycana bir söz deyə bilməz. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun hərəkət edir. Azərbaycan öz haqlı davasını aparır”.

Novella Cəfəroğlu qeyd edib ki, Azərbaycan Ermənistanın mülki insanların ölümünü istəmədiyini birmənalı şəkildə bəyan edib: "Ona görə də biz yavaş-yavaş hərəkət edirik. Dövlət başçımız da mülki insanlarla işimizin olmadığını, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu birmənalı şəkildə bəyan edib. Bizim istəyimiz öz torpaqlarımızın bizə qaytarılmasıdır. Biz müharibəni öz torpaqlarımızda aparırıq. Ermənistan ərazisinə girmirik. Biz Ermənistana girmək istəsək, Naxçıvandan raket və artilleriya zərbələri ilə İrəvanı yerlə-yeksan edərik”.

Göründüyü kimi, “Human Rights Watch” Azərbaycan silahlı qüvvələrini “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyduğu üçün” qınayır, ancaq on illiklərdir erməni vəhşiliyi, terroru ilə üzləşən azərbaycanlıların çəkdikləri müsibətlərin, eləcə də ikinci Qarabağ müharibəsində Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərdə mülki şəxlərin Ermənistan silahlı qüvvələrinin atəşə tutulması nəticəsində həlak olması faktının üstündən sükutla keçir. Sadalanan faktlara göz yuman hesabat müəllifləri azərbaycanlıları “...erməni mülki şəxslərə, hətta yaşlı insanlara, uşaqlara qarşı işgəncə törətdiklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə görə...” ittiham ediblər.Nədənsə beynəlxalq təşkilatların Ermənistanla bağlı qətnamələrinə göz yuman hesabat müəllifləri ancaq həmin qurumların Azərbaycana dair bəzi çağırışlarında “gözləri açılıb”. Elə təsvir verilib ki, guya bu qətnamələrin, bəynatların hər biri Azərbaycana qarşı olub. Əslində, həmin bəyanatlar anti-Azərbaycan xarakterli olmayıb. Əksinə, hər iki ölkəyə - həm Azərbaycana, həm də Ermənistana-ünvanlanıb. Hesabatdakı “faktlar”la, “statistik”a ilə tanış olan, regionda baş verənlərdən xəbərsiz olan hansısa üçüncü ölkənin vətəndaşlarında Qarabağın reallıqda kimə məxsus olması barədə haqlı suallar ortaya çıxa bilər. Belə isə “Human Rights Watch”ın obyektivlikdən danışıb obyektivlikdən uzaq olan “ekspertlər”inin məqsədi nədir? Cavab məlumdur – beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycanla Ermənistan, təcavüzdən zərər çəkənlə təcavüzkar arasında bərabərlik işarəsi qoyumaq. Hesabatda sanki ermənilərin öz evlərində oturub əmin-amanlıq içində yaşamaları, sülh istədikləri, Azərbaycanın isə 44 günlük müharibə zamanı təcavüz edərək “sülhpərvər”lərin hüquqlarını pozmaları qeyd edilib. Hesabat müəllifləri müəyyən mənada haqlıdırlar. Ermənilər doğrudan da əmin-amanlıq, sülh içində yaşamaq istəyirdilər, amma bunu Azərbaycan ərazisini işğal etməklə nail olmağa çalışırdılar. Elə “Human Rights Watch” təşkilatı kimi Azərbaycanla Ermənistanı eyniləşdirən digər beynəlxalq təşkilatların onilliklərdir bitib-tükənməyən vasitəçilik missiyalarını, mənasız danışıqlarını süni şəkildə uzatmaq da rəsmi Yerevanın bu missiyasına xidmət edirdi. Lakin “Human Rights Watch” əks etdirdiyi faktları bugünlərdə yayımladığı ümumi illik hesabatına daxil etməyib. Məqsəd aydındır: - müharibədən azacıq sonrakı dövrdə qeydə alınan faktlar sonuncu hesabatdakı “faktlar”ı tamamilə təkzib edir.

Bütün bunlar onu göstərir ki, hesabatda Azərbaycanın əleyhinə verilmiş “arqumentlər” saxta, bəlkə də sifarişlidir. Bir sözlə, özünü insan hüquqlarının, ədalətin “carçısı” kimi qələmə verməyə çalışan “Human Rights Watch” təşkilatının qərəzli hesabatının Azərbaycanla bağlı hissəsi ölkəmizi məqsədli şəkildə hədəf seçib. Bu "demokratiya carçılarının " əsl siması budur. Ancaq bu ermənipərəst beynəlxalq təşkilatlar nə qədər qərəzli kampaniyalar aparsalar da, Azərbaycan tez bir zamanda öz ərazi bütövlüyünü bərpa edəcək, azad olunan torpaqlarımızda üçrəngli Bayrağımız sancılacaq. Bunu həm erməni xalqı, həm də qərəzli beynəlxalq təşkilatlar anlamalıdır!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə