Yeni geosiyasi reallıqlar yaranıb

“Dövlət başçısı İlham Əliyevin istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə hər bir müsahibəsi, çıxışı Azərbaycanın işğal dövründə üzləşdiyi ikili standartlara əsaslanan siyasət nəticəsində yaşadıqlarına, eyni zamanda, tarixi Zəfərimizdən, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra yaranan yeni reallıqların regionda və dünyada qəbul olunmasına, Azərbaycanın diktə edən tərəf kimi mövqeyinin möhkəmlənməsinə işıq salır. Bu baxımdan ölkə Prezidentinin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi də özündə bir çox məqamları, mesajları ehtiva edir. Hazırkı dövrün əsas məsələsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan tərəfinin Ermənistana sülh müqaviləsinin imzalaması ilə bağlı təklifi və işğalçı dövlətin hələ də tərəddüd içərisində qalması diqqətdədir. Bu tərəddüdə səbəb nədir? Təbii ki, Ermənistanın yenə də ATƏT-in Minsk qrupunun həmsədrlərindən təkliflər gözləməsidir. Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Yeni geosiyasi reallıqlar yaranıb. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində müharibənin başa çatmasından ötən bir ildə beynəlxalq birliyin həmin reallıqların qəbulu ilə bağlı reaksiyasının qaneedici olduğunu bildirir. Həm işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə start verildi, həm də ədalətə və beynəlxalq hüquqa söykənərək münaqişənin artıq keçmişdə qaldığı, yeni səhifənin açılması zamanı olduğu təsdiqləndi. Daim irəli baxan Azərbaycan işğalçı Ermənistanı da keçmişlə yaşamamağa, gələcəklə bağlı addımlar atmağa çağırır”. SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, ötən il keçirilən Moskva, Soçi və Brüssel görüşləri Azərbaycanın qalib tərəf kimi möhkəmlənən mövqeyinin aydın mənzərəsini yaradır: “Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin Zəfərimizdən sonra ilk bəyanatları ilə hazırkı dövr üçün yanaşmalarını müqayisə etdikdə böyük dəyişiklik diqqətdən kənarda qalmır. Artıq 10 noyabr 2020-ci tarixli üçtərəfli Bəyanata və digər mühüm sənədlərə istinadlar edilir. Yəni, reallıq üstünlük təşkil edir. “Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, biz öz konstitusion hüquqlarımız, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Atılan addımların nəticəsində bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər”.

44 günlük Vətən müharibəsinin əbəs yerə həqiqət anı kimi dəyərləndirilmədiyini önə çəkən Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın haqlı tərəf olduğunu söyləyən, ancaq konkret məqam yetişəndə susmağa üstünlük verən bəzi dövlətlərin hazırkı dövrdə Azərbaycana müsbət münasibətinə diqqət yetirmək kifayətdir: “Cənab İlham Əliyev müsahibəsində bu məqamlara da xüsusi diqqət göstərərək bildirmişdir ki, həmişə qaliblərin dostları çox olur. Biz bunu tarixdə dəfələrlə görmüşük. Bu, müsbət addımdır. Təbii ki, bu addımlara, yanaşmalara təsir göstərən amillərdən biri də 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi oldu. Azərbaycan müharibəni beynəlxalq humanitar normaları pozmadan apardı. Ermənistan tərəfdən dinc əhali arasında itki az olub. Amma Vətən müharibəsinin gedişi dövründə döyüş meydanında məğlubiyyətləri ilə barışmayan Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi raket atəşinə tutmaları faktdır”.

M.Həsənov qeyd edib ki, diplomatik uğurlarımızın davamlılığı tarixi Zəfərimizin yaratdığı reallıqların dünyada qəbul edilməsini şərtləndirir: “Dünyanın əksər gücləri artıq baş verənləri görməzdən gəlmir, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. Bütün bu kimi amillər ölkəmizə hörməti və etimadı daha da artırdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox müsbət effektdir və daim müsbət təsir göstərəcək”.

Ölkə Prezidentinin müsahibəsində ATƏT-in Minsk qrupunun fəaliyyətinə də diqqət yönəltdiyini vurğulayan Milli Məclisin deputatı qeyd edib ki, 30 ilə yaxın dövrdə qurum fəaliyyətsizliyi ilə diqqət çəkib: “Heç bir irəliləyişə nail olmadı. Hazırda, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğu bir zamanda ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı? Möhtərəm Prezidentimizin “Onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik” mesajı özündə bütün məqamları ehtiva edir. Artıq göründüyü kimi, Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan dövlətini narahat etmir. Ölkəmizin qalib tərəf kimi diktə etdiyi yeni reallıqlar dünya gücləri tərəfindən qəbul olunaraq dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycan tərəfindən Ermənistana təklif olunan sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Ümumilikdə cənab İlham Əliyevin qeyd edilən müsahibəsi yeni dövrün yeni reallıqlarının təsdiqinin və qəbulunun təqdimatıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...