ZƏFƏR PARADI - MİLLİ BİRLİYİMİZİN TARİXDƏ QALACAQ İMZASI TƏHLİL
44 günlük İkinci Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbənin təntənəsi olan və 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı milli birliyimizin tarixdə qalacaq imzası oldu. Biz bu günü 30 il gözlədik. Otuz il bizi inandırmağa çalışdılar ki, bu münaqişənin hərbi yolla həlli variantı mövcud deyil və yalnız danışıqlar yolu ilə nəyəsə nail olmaq olar. Lakin Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli mümkündür və lazım gələrsə biz bu yola əl atacağıq. Zaman yenə də dövlət başçımızın haqlı olduğunu sübut etdi. Əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qalacaqsa, bu zaman münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz olur. Digər tərəfdən isə, xüsusilə, son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu. “Qarabağ Ermənistandır” kimi əsassız bəyanatlar verməklə Ermənistan rəhbərliyi faktiki olaraq öz niyyətini ortaya qoymuş oldu. Diqqətəlayiq haldır ki, bu ilin sentyabr ayında, müharibəyə 3 gün qalmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının kürsüsündən demişdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Təkcə bu il Ermənistan tərəfindən Azərbaycana qarşı 3 dəfə hərbi təxribat törədilmişdi. Əvvəlcə iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və yeni ərazilərin işğalına cəhd edildi, daha sonra avqust ayında Azərbaycana diversiya qrupu göndərildi. Əlbəttə ki, bu cəhdlərin qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı. Nəhayət, sentyabrın 27-də ermənilər bizim kəndlərimizi, hərbi mövqelərimizi artilleriya atəşinə məruz qoydular. Həm mülki şəxslər, həm də hərbçilər arasında itkilərimiz oldu.
“Dəmir yumruq” - Lider ətrafında sarsılmaz həmrəyliyin, birliyin nümayişi
Ali Baş Komandan “İrəli, Azərbaycan əsgəri!” əmrini verməklə Şanlı Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın müddət ərzində istehkamlarla möhkəmləndirdiyi əraziləri “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə tamamilə azad etdi, düşmənin belini qırdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi. Noyabrın 8-də isə Şuşa şəhərinin azad edilməsi ilə düşmən təslim olmağa məcbur qaldı.
Həmçinin, 44 gün davam edən Vətən müharibəsinin gedişi ərzində Ali Baş Komandan cənab İlham Əliyev eyni zamanda həm savaş meydanında ordumuzun apardığı hərbi əməliyyatlara rəhbərlik edir, həm də özü təkbaşına siyasi-diplomatik müstəvidə gərgin mübarizə aparırdı. Dünyanın 35 ən aparıcı informasiya vasitələrinə verilən müsahibələrdə təxribat xarakterli sualların müəyyən edilərək onların məntiqli şəkildə cavablandırılması və əsil həqiqətlərin növbəti dəfə ört-basdır olunması cəhdlərinin puça çıxarılması, sonda hətta Fransa, ABŞ, Rusiya və erməni lobbisinin güclü təsirə malik olduğu digər ölkələrin KİV-lərində belə erməni vandalizminin qınanmasına nail olunması – bütün bunlar sözsüz ki, birmənalı olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsən nail olduğu möhtəşəm nəticələrdir. Və dövlət başçımızın cavabları qarşısında heç bir dəlil-sübut göstərə bilməyərək mat vəziyyətinə düşürdülər. Xüsusilə də, bu gün də bəzi Avropa ölkələri Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığından, eləcə də Türkiyənin Cənubi Qafqazda mövqeylərinin getdikcə möhkəmlənməsindən, xüsusilə də, Dağlıq Qarabağda əmin-amanlığın bərpa olunması prosesinə Rusiya sülhməramlıları ilə birlikdə Türkiyə hərbçilərinin də nəzarət edəcəklərinə dair əldə olunmuş anlaşmadan yetərincə narahat olmaqdadırlar. Məhz bu səbəbdən də, xüsusilə, Fransa və Hollandiya parlamentlərində erməni lobbiçiləri tərəfindən maliyyələşdirilən bəzi qüvvələr həm Azərbaycana, həm də qardaş Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürməklə öz hökumətlərini qanunazidd hərəkətlərə təhrik etməyə çalışırlar. O cümlədən Fransa Senatının noyabrın 25-də qəbul etdiyi qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi bütün beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə birmənalı olaraq ziddir. Həmçinin, bu sənədi qəbul etməklə Fransa Senatı öz hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmiş oldu. Eyni zamanda da, erməni diasporunun və lobbisinin təsiri altına düşmüş Fransa Senatı bu addımı atmaqla Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyasına, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərə zidd hərəkətə yol verdi. Əlbəttə ki, nəticə etibarı ilə bu sənədlər heç bir əhəmiyyət kəsb etməyən boş kağız parçasından başqa bir şey olmadı. Lakin bu hadisələr qeyd olunan Avropa dövlətlərinin öz ölklərində erməni lobbiçilərinin Türkəfob və İslamofob meyillərini qızışdırmaq üçün göstərdikləri səylərə nə qədər önəm verdiklərini üzə çıxarmış oldu.
Və 44 günlük qələbəmizin rəmzi olan Zəfər Paradında....
Düşmənimiz məğlub, dostlarımız bəlli...
Bakıda keçirilmiş Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın iştirak etmələri, eləcə də Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərinin bu möhtəşəm tədbirə qatılmaları bir daha bir millət, iki dövlət olmağımızı, düşmənimizin məğlub, dostlarımızın həmrəyliyini, birliyini nümayiş etdirdi.
Bu barədə Ali Baş Komandan cənab İlham Əliyev Zəfər paradında etdiyi çıxışında belə demişdir: “Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.”
"Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək". O gün gəldi. Verdiyi bütün söz və vədlərin sahibi olan, onu həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin vaxtilə səsləndirdiyi bu bəyanat gerçəkləşdi. Vətən müharibəsində böyük Qələbəmizə həsr olunmuş Zəfər paradında "mənim Ali Baş Komandanım, mənim əsgərim, mənim zabitim,"- deyə hər bir soydaşımız Müzəffər Azərbaycan Ordusu ilə qurur duydu.
Güc – birliyin, həmrəyliyin amili olaraq Azərbaycan Zəfər Paradı ilə dünyaya güclü Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı ilə torpaqlarını erməni işğalından təmizləməyə qadir olduğunu nümayiş etdirdi. Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, vətən sevgisindədir. Bu müharibədə yalnız haqlı və haqsız tərəflər qaldı. Bütün dünya heyranlıqla lider-xalq vəhdətinin yüksək nümunəsini, eyni zamanda cəsarətlə mərhəmətin uğurlu sonluğunu izlədi. Bu qələbə birliyin, bütövlüyün möhtəşəmliyi, böyüklüyü idi. Bir sözlə, Zəfər Paradı xalqın öz lideri, Ali Baş Komandanı, Prezident İlham Əliyev ətrafında sıx birliyinin, həmrəyliyinin sarsılmaz olduğunun nümayişi idi.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB