Prezident İlham Əliyev: “Minsk Qrupunun fəaliyyəti uğursuzluq idi, biz həqiqəti deməliyik” ŞƏRH
“Minsk Qrupunun fəaliyyəti uğursuzluq idi. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik”. Bu barədə Prezident İlham Əliyev Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində Minsk Qrupunun fəaliyyəti ilə bağlı suala cavabında bildirib. “Əgər Minsk “rupunun həmsədrləri - dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz? ”, - deyə Prezident İlham Əliyev qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Minsk Qrupu 1992-ci ildə fəaliyyətə başladı, üç aparıcı ölkə isə bundan bir neçə il sonra həmsədr oldu. Lakin istənilən halda, 20 ildən çox fəaliyyət göstəriblər, nəticə sıfra bərabər olub: “Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Biz bilirik ki, müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma”.
"AZƏRBAYCAN XALQI MİNSK QRUPU ÜÇLÜYÜNÜN DAİMİ SƏFƏRLƏRİNDƏN YORULMUŞDU"
Prezident İlham Əliyev “İl Sole 24 Ore” qəzetinə müsahibəsində onu da söyləyib ki, Azərbaycan xalqı Minsk qrupunun daimi səfərlərindən yorulmuşdu: «Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar ötən il noyabrın sonunadək, biz 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdilər".
Dövlət başçısı bildirib ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir: «Bu, uğursuzluq idi. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrləri - dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?”.
Prezident İlham Əliyev “Sözünüzü kəsdiyimə görə, üzr istəyirəm. Madrid prinsiplərindən başlayaq. Lakin bu, uzun dövrdür” sualına cavabında isə qeyd edib ki, Madrid prinsipləri 10 il əvvəl idi. Onlar isə 1992-ci ildə fəaliyyətə başladılar: “Mənim qeyd etdiyim üç aparıcı ölkə isə bundan bir neçə il sonra həmsədr oldu. Lakin istənilən halda, 20 ildən çox fəaliyyət göstəriblər, nəticə sıfra bərabər olub. Bəs, niyə? Bəlkə də ona görə ki, siz qeyd etdiyiniz kimi, status-kvo onlar üçün qəbuledilən idi. Buna baxmayaraq, sizə deyə bilərəm ki, müəyyən mərhələlərdə, hətta Minsk qrupu həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində müsbət bəyanatlar var idi ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, bizi çox ümidləndirirdi. Lakin əfsuslar olsun ki, heç bir hərəkət yox idi. Bu, çox sadə idi. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Biz bilirik ki, müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma. Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu. Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi. Onların fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndən sonra tamamilə iflic oldu. Bu, o demək idi ki, danışıqların sonudur. Çünki əgər Ermənistan “Qarabağ Ermənistandır” deyirsə, nə barədə danışmaq olar? Digər məsələ ondan ibarətdir ki, bir qədər sonra Ermənistan rəhbərliyi dedi ki, Qarabağ müstəqil ölkədir. Bu da əvvəlki bəyanatla ziddiyyət təşkil edirdi. Lakin Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi”.
BMT TŞ-nin daimi üzvü olan beş ölkədən üçünün ATƏT-in Minsk qrupuna həmsədrlik etməsinə baxmayaraq, 28 il ərzində lazımi imkanlar çərçivəsində heç bir əməli iş görülmədi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Azərbaycan bu 28 illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq belə göstərilmədi. Həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdlər etmişdi. Nəticədə, etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. Və 44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli olmaqla, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu.
Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz "Dəmir yumruq» siyasəti yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğal altındakı torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi.
“VASİTƏÇİLƏR NEYTRAL OLMALIDIRLAR”
Prezident İlham Əliyev İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, ATƏT-in Minsk Qruppu fəaliyyətə başladığı andan hər zaman Azərbaycanın əleyhinə olub: “Yəni onların əvvəldən fəaliyyəti, mövqeyi bu gün də daxil olmaqla hər zaman bizim əleyhimizə olub. Hesab edirəm ki, gələcəkdə də belə olacaq, heç bir dəyişiklik edilməyəcək. Buna görə Ermənistanla bizim aramızda təxribatlar, gərginliklər, anlaşmazlıqlar, ümumiyyətlə, hər hansı bir problemlər baş verdikdə Azərbaycan bu məsələləri özü yoluna qoyur, özü də həll edir. Bizə ATƏT-in Minsk qrupu kimi vasitəçi lazım deyil. Çünki onların mövqeyi ortadadır. Fransanın bu günlərdə özlərini dövlət adamları kimi adlandıran separatçı qurumun iki cinayətkarını yüksək səviyyədə qəbul etməsi, onlarla görüşlər keçirməsi, bəyanatların verilməsi, yəni bu Fransanın mövqeyi deyilmi? Təbii ki, mövqeyidir. Bu 44 günlük müharibə dövründə Fransa və onun prezidenti Emmanuel Makron ermənilərdən çox ermənilik edirdi. Bu gün də həmin mövqeyi davam etdirirlər. Ona görə də bizə Fransa kimi həmsədr lazım deyil. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu kimi həmsədrlik edən qurum lazım deyil. Biz torpaqlarımızı işğaldan azad etmişik, qalan digər problemlərimizi də tədricən həll edəcəyik”.
Göründüyü kimi, vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Prezident İlham Əliyev müsahibələrində, görüşlərində də dəfələrlə vurğulayıb ki, vasitəçilər neytral olmalıdırlar: «Vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar».
“ARTIQ MÜNAQİŞƏ TARİXDƏ QALIBDI. İNDİ İSƏ YENİ DÖVR BAŞLAYIB – QURUCULUQ DÖVRÜ, BƏRPA DÖVRÜ”
Bəli, artıq müharibə bitib, münaqişənin həll olunmasından bir il ötüb. Artıq Azərbaycanın həyatında yeni dövr - quruculuq, torpaqlarımızın bərpası dövrü başlanıb. 30 ilə yaxın dövrün işğalının Ermənistana nə verdiyini yalnız və yalnız bir sözlə ifadə edə bilərik ki, uğursuzluq. İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Və bu gün Ermənistanın müdafiəsinə qalxan, erməni lobbisinin əlində alətə çevrilən dövlətlər və siyasi mərkəzlər yaxşı anlayırlar ki, «status» məsələsini ortaya atmaqla Azərbaycana təsir edə bilmələri qeyri-mümkündür. Göründüyü kimi, Azərbaycanın ATƏT-lə münasibətlərində yeni mərhələ başlayır. Dövlət başçımızın dediyi kimi, hər zaman öz prinsiplərinə sadiq qalan Azərbaycan bundan sonra da bu siyasətini davam etdirəcək. Bu da ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bir sözlə, artıq Minsk qrupu və onun həmsədrlərinin addımları məşhur el məsəlimizdə deyildiyi kimi, «öz cəzandır, çək!». Bizim artıq nə danışıqlara, nə Minsk qrupuna, nə də həmsədrlərə ehtiyacımız var. Bizim öz tənzimləyicimiz – "Dəmir yumruğumuz" var. Necə ki, 44 gündə də bu yumruq öz tarixi missiyasını layiqincə yerinə yetirdi... Ədalət Zəfər çaldı. Ermənistan da, onun yanında duranlar da layiqli cavablarını aldılar. Prezident İlham Əliyevin sözləri ilə desək: "Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!...Bu, reallıqdır..."
Bir sözlə, həqiqət budur ki, indiki şəraitdə bizim ATƏT-in Minsk Qrupuna ehtiyacımız yoxdur. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu kimi həmsədrlik edən qurum lazım deyil. Çünki Azərbaycan xalqı bu üçlüyün səfərlərindən yorulub. Prezident İlham Əliyev Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində dediyi kimi: “Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu. Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi...Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi”.
Ona görə də Minsk Qrupu öz fəaliyyətini yeni reallıqlara uyğun qurmalı, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasını nəzərdə tutan təşəbbüslərlə çıxış etməlidir. Əgər edə bilməyəcəksə, dövlət başçısının dediyi kimi: “Bu, uğursuzluq idi. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB