Deputatların Suraxanı rayon gənclərilə görüşü keçirilib FOTOLAR

Deputatların Suraxanı rayon gənclərilə görüşü keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Müasir dünya çağırışları fövqündə Azərbaycan gənclərinin məqsədləri, hədəfləri, təklifləri və bu istiqamətdə qarşıya çıxan problemlər, onların həlli yolları" adlı panel diskussiya təşkil edib. Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsi anılıb, önünə tər güllər düzüblər. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və "Müasir Gənclər və Dövlət Gənclər siyasəti" adlı video-çarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, gənclərlə görüşlərin keçirilməsi və onların özlərini ifadəsi üçün münbit şəraitin yaradılması gələcək nəsillərin daha mütərəqqi yetişməsinə səbəb olacaqdır. Bu gün təşkil edilən panel müzakirələrin əsas məqsədi dövlətin həyata keçirdiyi gənclər siyasətinə öz töhfəmizi verməkdir. V.Seyidov YAP-ın həyata keçirdiyi gənclər siyasətinə toxunaraq, deyib ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 11 sentyabr 1993-cü ildə yaranıb: “1995-ci ildə YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyevin birbaşa tövsiyəsi və tapşırığı ilə YAP Gənclər Birliyi yarandığı tarixdən rayon təşkilatında da gənclərlə iş yüksək səviyyədə təşkil olunmuşdur. YAP-ın Sədri Cənab İlham Əliyev ölkə gənclərinin inkişafında xüsusi rola malikdir. Prezident ölkə gənclərinə güvənir, etimad göstərir. Həyata keçirilən işlərin əsas hissəsi məhz gənclərin üzərinə düşməkdədir. Vətən Müharibəsi və “Covid-19” pandemiyası ilə mübarizə bir daha sübut etdi ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizin bütün sahələrində onun mühafizəsini, müdafiəsini və maariflənməsini təşkil edən əsas sütundur”.

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında Suraxanı rayonunda gənclər sahəsində görülən işlərə toxunaraq, bildirib ki, Cənab Prezidentin tövsiyə və tapşırıqlarına sözsüz əməl olunmaqdadır. Ə.Əzizov qeyd edib ki, Suraxanı gəncləri yüksək səviyyəli tədbirlərdə tribunadan çıxış edib, dövri mətbuatda yazıları çap olunmuş, ölkə və dünya miqyasında keçirilmiş yarışlarda rayonumuzu ləyaqətlə təmsil ediblər. Rayon icra hakimiyyətinin başçısı vurğulayıb ki, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi istiqamətində gənclərlə vaxtaşırı görüşlər keçirilməkdədir. Belə tədbirlərin təşkilində YAP Suraxanı rayon təşkilatı, Bakı Şəhəri üzrə Təhsil idarəsi, Suraxanı rayon Heydər Əliyev Mərkəzi, Suraxanı rayon gənclər və idman idarəsi və digər təşkilatlar fəal iştirak edirlər.

Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Ramin Məmmədov, Etibar Əliyev, Kamal Cəfərov, Naqif Həmzəyev müəyyən edilmiş mövzular ətrafında çıxışlar etdikdən sonra, gənclərlə qarşılıqlı dialoq şəklində müzakirələr aparılmış, gəncləri maraqlandıran suallara cavablar verilmiş və onları narahat edən məsələlərə aydınlıq gətirilib. Görüşdə iştirak edən gənclər açıq müzakirələrin keçirilməsinin əhəmiyyətinə toxunaraq bildiriblər ki, vaxtaşırı bu cür görüşlərin təşkil olunması dövlətin gənclər sahəsində həyata keçirdiyi siyasətə xidmət etməkdədir. Gənclər istər partiya və rayon rəhbərliyi ilə, istərsə də Milli Məclisin üzvləri ilə qarşılıqlı dialoq şəklində keçirilən müzakirəni yüksək qiymətləndirərək, belə görüşlərin daimi xarakter almasının arzusunda oldunduqlarını ifadə ediblər. Gənclərin təklifləri protokollaşdırılmış və onlarla səmimi xarakterli görüşlərin daimi keçirilməsi qərara alınıb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə