Azərbaycan konstruktiv yanaşma nümayiş etdirdi - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan konstruktiv yanaşma nümayiş etdirdi - DEPUTAT ŞƏRH ETDİ

"İnsan haqları və humanitar məsələlərin beynəlxalq münasibətlər sistemində hər hansı ölkəyə qarşı siyasiləşdirilməsi yolverilməzdir və qərəzsizlik Azərbaycanın xarici siyasi kursunun prioritetlərindən biridir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Şərq Tərəfdaşlığının (ŞT) Birgə Bəyannaməsinin qəbulu zamanı beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşma nümayiş etdirib: "Belarusla bağlı maddə ŞT-nin əsas prinsiplərinə və Azərbaycanın xarici siyasətinə uyğun olmadığına görə Azərbaycan Birgə Bəyannaməni öz qeyd-şərti ilə qəbul edib. Dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin birgə bəyannaməsi qəbul edilib".

"Azərbaycan özünü Şərq Tərəfdaşlığı Sammitinin 15 dekabr 2021-ci il tarixli Birgə Bəyannaməsinin 11-ci bəndindən ayırıb. Ölkəmiz birgə bəyannamənin Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndi ilə razılaşmayıb və bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb", - deyə S.Mikayılova qeyd edib.

Deputat vurğulayıb ki, Şərq Tərəfdaşlığının Birgə Bəyannaməsində açıq şəkildə qeyd olunub ki, təşkilat konstruktiv əməkdaşlığa əsaslanır və heç kimə qarşı yönəlməyib: "Azərbaycan da hər zaman Şərq Tərəfdaşlığının Birgə Bəyannaməsinin bu prinsiplərini əsas götürüb və təşkilatın proqramının qarşıdurma məzmununda qurulmasının əleyhinə olub. Azərbaycanın təşkilatın əsas prinsiplərinə söykənən mövqeyi ondan ibarət olub ki, üçüncü ölkələrə qarşı olan çağırış və Şərq Tərəfdaşlığının (ŞT) proqramına gətirməməlidir", - deyə S.Mikayılova qeyd edib.

Onun sözlərinə görə, Belarusla bağlı maddə təşkilatın əsas prinsiplərinə və Azərbaycanın xarici siyasətinə uyğun olmadığına görə Azərbaycan, Birgə Bəyannaməni öz qeyd-şərti ilə qəbul edib və Belarusla bağlı 11-ci bənddəki mövqeyi bölüşməyib.

Sevil Mikayılova onu da əlavə edib ki, Azərbaycannın ŞT-nin Birgə Bəyannaməsinin "münaqişənin təsirinə məruz qalan ərazilər"lə bağlı hissəsində də qeyd-şərti olub. Azərbaycan öz verdiyi qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə