Zəngəzur dəhlizi regionun simasını dəyişdirəcək layihədir - MƏQALƏ
Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə Xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanı olub. Zəngəzur- Ermənistanın cənub və Azərbaycanın bir hissəsini əhatə edən: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri (Meğri). Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəlində bu mahalda 149 türk, 91 kürd, 81 erməni kəndi olubdur.
Zəngəzur dəhliz probleminin yaranmasının tarixi-coğrafiyasına nəzər salsaq, görərik ki, bu problemin tarixi kökləri çox da uzaq deyil və bunun əsası 1920-ci illərdə qoyulmuşdur. Zəngəzur rusların təkidi ilə Azərbaycan bolşeviklərinin səriştəsizliyi üzündən, sovet hakimiyyətinin qurulmasına görə Ermənistana verilmişdir. Tarixi proseslərin davamı olaraq 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarından qovulmuşdular. Bu sovet hakimiyyəti dövründə baş versə də tarixin həqiqəti bərpa olunmalı və qədim Azərbaycan torpaqları öz kökünə birləşdirilməlidir.
Cənubi Qafqazda və bütövlükdə regionda yaranmış yeni geosiyasi reallıqlar zaman keçdikcə öz yerini tapmaqdadır. İndi növbə Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qələbə əldə etdi. Təslim olan Ermənistan 10 noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya liderləri ilə atəşkəs bəyanatı imzaladı. Bəyanatda qeyd olunan məsələlərdən biri də, Naxçıvanı Azərbaycanın digər hissələri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Üçtərəfli Bəyanatında da açıq-aydın deyilir ki, Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Ermənistan reallıqları anlayır və razılaşmalara əməl etmək məcburiyyətindədir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanatında iki ölkə arasında Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edib. Şarl Mişel həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edib. Bəyanatda birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür, regionda dəmir yolu xəttinin önəmi vurğulanır. Təbii ki, bütün bunlar Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.
Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. Açılmalıdır. Bu dəhlizin açılması ilkin növbədə regionlaşmanı sürətləndirəcək. Azərbaycan üzərindən keçən nəqliyyat kommunukasiya xətləri, Xəzər dənizinin gəmi bərə xətlərindən istifadə etməklə üzü şərqə doğru qloballaşma zonasına, Sakit okean rəqabət mərkəzinə doğru irəliləyəcəkdir. Bu yol bu dövlətləri dördüncü rəqabət mərkəzi olan Sakit okean rəqabət mərkəzinə çıxaracaq.
Zəngəzur dəhlizinin açılması region ölkələrinin sürətli inkişafına nail olacaq. Bu dəhliz Azərbaycanın, Türkiyənin mərkəzi Asiya dövlətlərinin, Pakistanın, Əfqanıstanın çiçəklənməsinə səbəb olacaq. Bu dəhlizin açılması Avropanı özünə cəlb edəcək. İstehsal və istehlak məhsulları,neft yanacaq məhsulları dünya tarixində mühüm yer tutan qədim şərq ölkələrinə yönələcəkdir.
Zəngəzur dəhlizinin açılmasının eyni zamanda Ermənistana da öz müsbət təsirini göstərəcək.Ermənistan qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan birbaşa Rusiya ilə əlaqələrini quracaq, alternativ marşrut əldə edəcək. Ümumi şəkildə desək bu əlaqələrin bərpası sərhədyanı ticarəti, dövlətlər arası gərginliyi də aradan qaldırmış olacaq. Digər bir tərəfdən isə bu dəhlizin açılması ilə Ermənistan Türkiyə sərhədləri də açıla bilər ki, bu da Ermənistanın iqtisadi vəziyyətini xeyli yaxşılaşdırmış olacaq.
Zəngəzur dəhlizi Rusiya üçün də cəlbedicidir. Bu dəhliz Rusiyaya Fars körfəzindən limanlara birbaşa çıxış imkanları aça və Hind okeanı hövzəsinə ticarət bağlantısını asanlaşdıra bilər. Bundan başqa dəhliz Rusiyanın Gürcüstandan asılılığını da azaldacaq. Azərbaycan üzərindən loqistik fəaliyyətini daha sərfəli şərtlərlə həyata keçirə biləcək. Bununla da Zəngəzur dəhlizi Azərbaycana və region ölkələrə dividentlər qazandıracaq.
Prezident cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında Zəngəzurun strateji əhəmiyyətdən danışarkən bunun ətraf ölkələrə də müsbət təsirini xüsusilə vurğulamışdır. Çıxışlarından birində dövlət başçısının səsləndirdiyi “Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün…” fikirləri Azərbaycanın tutduğu tolerant mövqeyi bir daha əyani şəkildə göstərmişdir.
Bu gün həm Azərbaycan, həm də Türkiyə Respublikaları Zəngəzur dəhlizinin reallaşması uğrunda əməli addımlar atmaqda davam edir. Türk dünyasını birləşdirəcək olan Zəngəzur dəhlizi uzun illərdir bütün türk dünyasının gözlədiyi layihələrdən biri və bəlkə də, ən birincisidir. Çox güman ki, 10 noyabr Bəyanatındakı ən uğurlu maddələrdən biri Zəngəzurun hələlik qismən də olsa, azad olması idi. Tarixə nəzər salsaq, görərik ki, sovet Rusiyasının anti-türkləşmə siyasətində ən uğurlu addımı məhz elə, Zəngəzuru türklərin əlindən alıb daşnaklara hədiyyə verməsidir. Zəngəzurun bu xüsusdakı önəmini türk dünyasının güclü liderlərindən sayılan Atatürkün onu “Türk qapısı” adlandırmasında da bariz şəkildə görə bilərik. Lakin Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi və bu hadisədən bir əsr keçməsinə baxmayaraq, bu günə qədər Azərbaycanın türk dünyası ilə əlaqələrinə yalnız quru yolla əngəl yaradılmış, lakin heç bir zaman türk dünyasının birlik-bərabərlik əzmini qıra bilməmişdir.
Ümumilikdə Zəngəzurun bizdən alınaraq Ermənistana birləşdirilməsi təkcə işğalçılıq siyasəti deyildi, eyni zamanda, türk dünyasını parçalamaq məqsədi daşıyırdı. İndi isə tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü olacaq. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də
Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq. Qalib dövlət olaraq Azərbaycan regionda yeni reallıqlar yaradıb və tezliklə bu reallıqların praktiki icra mərhələsinə keçməsinin şahidi olacağıq.
Səidə Rəhimova
Xəzər rayonu, Şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB