Erməni ombudsmanı Tatoyanın “kitabı bağlanır” ANALİTİK

Erməni ombudsmanı Tatoyanın “kitabı bağlanır” ANALİTİK

Onu Nikol Paşinyanın sorosçu hüquqşünası Kristina Qriqoryan əvəzləyəcək

Ermənistan ombudsmanı Arman Tatoyan öz təsdiqini tapmayan bir sıra olaylarla bağlı davamlı şəkildə Azərbaycanı Avropa və s. Beynəlxalq məhkəmələrinə, insan hüquqları təşkilatlarına şikayət edən, nəticədə şikayətlərində dəlillər tapılmadıqdan sonra rədd edilən şəxs kimi daha çox tanınmaqdadır.

İstər 44 günlük Qarabağ müharibəsi zamanı, istərsə də sonrakı proseslər dönəmində ölkəmizə qarşı qarayaxma və şər-böhtan kampaniyaları aparmağa çalışan Tatoyan maraqlıdır ki, bu vaxta qədər beynəlxalq hüququn Azərbaycanın suveren ərazisi kimi tanıdığı Qarabağda qanunsuz məskunlaşdırılan və xarici ölkələrdən gətirilmiş ermənilər barədə bir kəlmə də olsun etiraflar etməyib və onu da etiraf etməyə cürəti çatmayıb ki, bu torpaqlardan zorla qovulan yüz minlərlə azərbaycanlıların hüquqları məhz onun təmsil olunduğu ölkənin hakimiyyətləri tərəfindən pozulub. Əslində, bu məsələdən təəccüb etmək də lazım deyil, atalar demişkən, it-itin ayağını basmaz...

“Vətəndaş sazişi” hakim partiyası zaman-zaman Tatoyanın hikkələrinə, tənbehlərinə, hətta təhdidlərinə məruz qalıb, məhkəmələrlə hədələnib

Bu günlərdə isə məlum olub ki, artıq hay-şivənçi erməni ombudsmanının vaxtı tükənir və 2022-ci ilin fevral ayının sonlarında o öz postunu tərk etməli olacaq. Üstəlik, Nikol Paşinyan iqtidarının da onu yenidən seçmək marağında olması inandırıcı görünmür. Çünki “Vətəndaş sazişi” hakim partiyası da zaman-zaman Tatoyanın hikkələrinə, tənbehlərinə, hətta təhdidlərinə məruz qalıb, məhkəmələrlə hədələnib. Artıq buna da son verilir.

Parlamentin insan hüquqları və ictimai məsələlər üzrə komissiyasının iclasında çıxış edən iqtidar deputatı Vladimir Vardanyan ədliyyə nazirinin müavini Karistina Qriqoryanın namizədliyini ombidsman vəzifəsinə irəli sürüb.

Kristina Qriqoryan iki ali təhsil alıb, həm hüquqşünas, həm də şərqşünasdır, 12 il müddətində, əsasən, dövlət müəssisələrində və parlament administrasiyasında çalışıb

SİA-nın məlumatına görə, bununla bağlı armenianreport saytı yazır ki, 1981-ci ildə anadan olan Kristina Qriqoryanın iki ali təhsili var - o, həm hüquq işini, həm də şərqşünaslığı bitirib, 12 il müddətində, əsasən, dövlət müəssisələrində və parlament administrasiyasında çalışıb.

Bu arada daha bir fakt bəlli olub ki, əsasən, Soros fondunun yaratdığı təşkilatlara çalışan və adıçəkilən fond tərəfindən hakimiyyətə gətirilən Nikol Paşinyan iqtidarının təmsilçisi Kristina Qriqoryan ABŞ-ın USAİD - beynəlxalq inkişaf fondunun “Ermənistanın parlament institutunun inkişaf imkanları” proqramında işləyib.

Beləliklə, Arman Tatonyanın necə deyərlər, “kitabı bağlanır” və çox yəqin ki, bununla baş nazir Nikol Paşinyan siyasi səhnədə daha bir düşmən qazanmaq üzrədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə