Heydər Əliyevin gəlişi ilə Azərbaycan öz həqiqi dövlət müstəqilliyinə qovuşdu - DEPUTAT ŞƏRH ETDİ

“Hazırkı yüksək inkişaf və tərəqqi mərhələsinə qədəm qoymuş Azərbaycan bu tarixi mərhələyə heç də qısa zaman kəsiyində və asan yolla çatmayıb. Respublikamız qazandığı sosial-iqtisadi uğurlara və bu sahədə nümayiş etdirdiyi artım templərinə yerli resursların səmərəli istifadəsi və sosial ədalət prinsiplərinə uyğun bərabər bölüşdürülməsi, xüsusən də, düşünülmüş mükəmməl iqtisadi strategiyanın həyata keçirilməsi yolu ilə nail olub. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın dinamik templərlə iqtisadi tərəqqisini özündə ehtiva edən inkişaf strategiyasının hazırlanaraq həyata keçirilməsi yalnız Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib

Deputatın sözlərinə görə, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və kompleks institusional islahatların həyata keçirilməsi, milli iqtisadiyyatın formalaşdırılması, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılması və digər köklü dəyişikliklər obyektiv zərurətə çevrilmişdi: “Yenicə müstəqilliyini bərpa etmiş bütün postsovet respublikaları kimi, Azərbaycanın da qarşısında yeni formasiyanın tələblərinə müvafiq mühüm zəruri siyasi, sosial, iqtisadi, hüquqi vəzifələr dururdu. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir cəmiyyətin davamlı sosial-iqtisadi inkişafı və yeniləşməsi, dünya birliyinə inteqrasiyası, yeni iqtisadi münasibətlərin formalaşması yalnız çoxmülkiyyətli bazar iqtisadiyyatı, azad rəqabətin və liberal qiymətlərin üstünlük təşkil etdiyi şəraitdə mümkündür. Ona görə də, belə bir vəziyyətdə köklü dəyişikliklərə nail olmaq olduqca çətin və ağır bir iş idi”.

H.Babaoğlu vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi kompleks strateji tədbirlər sayəsində siyasi sabitlik bərqərar olundu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı: “Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Bu kontekstdə ən əsas istiqamətlərdən biri sosial dövlət fəlsəfəsinin hüquqi əsaslarının yaradılması idi. Böyük dövlət xadimi Heydər Əliyev 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamızda sosial dövlət fəlsəfəsinə əsaslanan prinsipləri hüquqi baza kimi əks etdirməklə sonrakı mərhələdə aztəminatlı ailələrimizn rifahı üçün konstitusiyon əsaslar yaratdı. Bu gün də həmin hüquqi prinsiplər vətəndaşlarımızın sosial hüquqlarının ən başlıca qoruyucusu kimi çıxış edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...