Ulu Öndərin misilsiz xidmətləri heç vaxt unudulmayacaq!

Turani Əliyev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz bünövrəsini təşkil edir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu baxımdan, demək olar ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanmış dahi şəxsiyyətdir.

Ulu Öndər Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildən başlayaraq bu böyük insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir.

Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünyamiqyaslı siyasətçilər siyahısında ön cərgələrdə öz layiqli yerini tutmuşdur. Adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Ulu Öndərin öz xalqına, millətinə misilsiz xidmətləri yaddaşlara əbədi həkk olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni və intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdır.

Bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edərək Cənubi Qafqazda yaranan yeni reallıqların müəllifi kimi çıxış edir. Belə ki, Ümummilli Liderimizin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi şanlı qələbəmizi, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etmiş oldu.

Ulu Öndərin siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada öndər ölkə kimi yerinin yüksəlməsi, MDB məkanında isə birinci yerdə qərarlaşması da buna daha bir sübutdur. Dövlət başçımızın inamla davam etdirdiyi siyasi kurs Azərbaycanın son illər ərzində möhtəşəm iqtisadi inkişafını təmin etmiş, ölkəmizi sözün əsl mənasında qüdrətli dövlətə çevirmişdir.

Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etmiş, özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi bir daha təqdim etmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Məhz qeyd edilən səbəblərdən birmənalı şəkildə demək olar ki, bütün Azərbaycanda bu günlərdə hörmətlə anılan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq! yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...