Dəhliz sayəsində Azərbaycan ilə Naxçıvan arasında quru yolu olacaq - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, professor Elnur Sadıqovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ölkədə sosial-iqtisadi vəziyyət necə idi?

- Azərbaycanın bugünkü tarixinə baxsaq, görərik ki, həqiqətən də çox keşməkeşli və ağır günlərimiz olub. Bu gün Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması, özünü sübut etməsi bir daha dövləti kimin və necə idarə etdiyini təsdiq etdi. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixinə, Azərbaycan dövlətinə olan xidmətləri bir qayda olaraq əvəzsizdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısıdır. Azərbaycan SSRİ-nin tərkibində olanda Azərbaycanın iqtisadi və sosial inkişafına dair Ulu Öndərin təklif etdiyi proqramlar digər sovet respublikalarından fərqlənirdi. Bildiyimiz kimi Azərbaycan neft istehsal edən bir ölkə idi. Ancaq buna baxmayaraq, xalqın gələcəyini düşünmək, xalqın müstəqilliyinin əbədi olmasını göstərmək, eyni zamanda konkret olaraq respublikamızın keçmiş SSRİ respublikaları içərisində ön plana çıxmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri doğrudan da əvəzsizdir. Ümummilli Lider Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı ilk növbədə onun iqtisadi inkişafından asılıdır. İqtisadi inkişaf olmadıqda ölkənin təməlini qoymaq, ölkənin beynəlxalq iqtisadi münasibətlərdə yerini müəyyənləşdirmək çox çətin idi. 1993-cü ildən etibarən artıq Azərbaycanda iqtisadi inkişafın ilk meylləri ortaya çıxdı. Hər kəsə məlumdur ki, həmin dövrlər Azərbaycan bir çox təzyiqlərə məruz qalırdı. 1993-cü ildən etibarən Ümummilli Liderin Azərbaycanı ilk növbədə enerji daşıyıcıları ilə təmin etməsi ilə yanaşı kənd təsərrüfatı, xüsusilə də təkrar emal müəssisələrinin işə düşməsi ilə dünya standartlarına uyğun məhsul istehsalı həyata keçirildi. 1994-1995-ci illərdə Azərbaycandakı gərgin vəziyyət get-gedə aradan qaldırılırdı. Bütün sahələrdə, xüsusilə də sosial, iqtisadi inkişaf sferasında Ulu Öndərin verdiyi proqnozlar öz təsdiqini qısa müddətdə tapdı.

- 2003-cü ildən ölkə rəhbəri olan cənab Prezident İlham Əliyev bu günə qədər iqtisadiyyatın inkişafı üçün hansı işləri gördü?

- 2003-cü ildən sonra sanki Azərbaycan iqtisadiyyatın ikinci nəfəsi açıldı. Bu dövrdən etibarən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar və düşünülmüş, atılmış addımlar bir daha onu təsdiq etdi ki, Prezident həyata keçirdiyi bütün islahatların nəticəsinə tam əmindir. Qısa bir müddətdə Azərbaycanın texnologiya sahəsində həyata keçirdiyi uğurlara bütün dünya şahid oldu. Dünya ölkələri arasında Azərbaycanın öz yerini müəyyən etmək, Azərbaycanı təkcə məhsul ixrac edən bir ölkə kimi yox, eyni zamanda yeni texnologiyaları dünyaya təqdim edən bir ölkə kimi görmək istəyirdi. Bu gün biz artıq buna nail olmuşuq. Nəticə etibarilə ölkə iqtisadiyyatının belə bir qısa müddətdə sıçrayışla inkişaf etməsi cənab Prezidentin iqtisadi məqsədli proqramların, həyata keçirdiyi islahatların nəticəsi idi.

- Bildiyimiz kimi noyabrın 26-da Soçidə üçtərəfli görüş baş tutdu. Bu görüşdə Zəngəzur dəhlizinin açılması gündəmə gəldi. Bir sıra ölkələr Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Ümumiyyətlə Zəngəzur dəhlizinin açılmasının iqtisadi cəhətdən əhəmiyyəti nədən ibarətdir?

- Soçi görüşündə cənab Prezident İlham Əliyev elan etdi ki, Zəngəzur dəhlizinin açılması və onun istifadəyə verilməsi nəinki Azərbaycanın, başqa qonşu ölkələrin birbaşa iqtisadi mənafeyinə xidmət edir. Əslində bu məsələ ötən ilin 10 noyabr sazişində var idi. Amma Ermənistan tərəfi bu məsələyə çox soyuq yanaşırdı. Qısa müddət ərzində Türkiyədən Rusiyaya və yaxud da İrandan Rusiyaya daşınacaq malların Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiyaya çatdırılması həm qısa, həm də müəyyən dövr ərzində həyata keçirilən bir layihə idi. Faktiki olaraq dəmir yollarının bərpa olunması, şosse xətlərinin çəkilməsi oranın relyefinə heç bir problem yaratmır. Bu dəhlizin açılması iqtisadi baxımdan digər ölkələr üçün çox vacibdir. Əvvəl-axır bu dəhliz açılacaq. Çünki bu ərazi Azərbaycanın əzəli torpaqları olmaqla yanaşı, həmçinin də bu dəhlizdən istifadə etmək Azərbaycanın tam hüququdur.

- Zəngəzur dəhlizi iqtisadi cəhətdən Azərbaycana hansı dividentləri gətirəcək?

- İlk növbədə bu Azərbaycanın büdcəsi üçün çox önəmlidir. Bildiyimiz kimi bir ölkənin nəqliyyat vasitəsinin başqa bir ölkənin sərhədləri daxilinə girməsi müvafiq rüsum ödəməklə həyata keçirilir. Bu bütün dünya ölkələrində var. İkinci bir tərəfdən də nəqliyyat dəhlizinin bu cür istifadəyə verilməsi Azərbaycanın buna hazır olması deməkdir. Ümumiyyətlə bu yolun istifadəyə verilməsi Azərbaycan üçün çox önəmlidir. Ən başlıcası isə bu dəhliz sayəsində Azərbaycan ilə Naxçıvan arasında quru yolu olacaq. Nəticə etibarilə bu həm Azərbaycanın iqtisadi əlaqələrinin artmasına, həm də Naxçıvanın potensialından tam istifadə etməyə imkan verəcək.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə