"Rusiya sülhməramlılarının statusu bu günə qədər bəlli deyil" - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya sülhməramlılarının hələ də bu günə qədər statusu bəlli deyil. Bilirsiniz ki, Rusiya sülhməramlıları BMT-dan hələ ki, mandat almayıb. Ayrıca rus sülhməramlılarını fəaliyyət sferası da bu günə qədər müəyyən edilməyib. Bu da müəyyən mənada problemlər yaradır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

“İlk növbədə Rusiyanın bu yöndə konkret hədlər, çərçivələr müəyyənləşmədiyi üçün özünün geosiyasi maraqları kontekstində hərəkət edir. Biz bunu Qarabağda müşahidə edirik. Hansı ki, Rusiya sülhməramlılarının birinci vəzifəsi, ilk növbədə edə biləcəkləri atəşkəsi təmin etmək, bu prosesə nəzarət etmək, hər cür hərbi təxribat və terror hadisələrinin qarşısını almaqdan ibarətdir. Ancaq Rusiya sülhməramlıları bu gün atəşkəsi təmin etmək, terrorçuları zərərsizləşdirmək, eyni zamanda erməni silahlı birləşmələrinin Qarabağdan birdəfəlik çıxarmaq əvəzinə, onların fəaliyyət sferasına aid olmayan bütün işlərlə məşuldular. Bilirsiniz ki, bütün humanitar yöndə fəaliyyət göstərirlər ki, bu da Qarabağda yaşayan ermənilərə ev tikməkdən tutmuş, qida yardımına qədər, enerji ilə təchizatından tutmuş müxtəlif davranışlarda humanitar fəaliyyət göstərirlər. Bütün bunlar da əlbəttə, sülhməramlıların fəaliyyət sferasına aid deyil. Ermənistan-Azərbaycan sərhəddində də baş verən toqquşmalar var, doğrudur, bu toqquşmalar Qarabağda fəaliyyət göstərən rus sülhməramlılarının fəaliyyətinə aid edilmir. Çünki, sülhməramlılar Qarabağda atəşkəsi təmin etmək üçündür. Ancaq Ermənistanda da bilirsiniz ki, Rusiya qoşunları var və bu günə qədər Azərbaycan-Ermənistan arasında sərhədlər müəyyənləşmədiyi üçün rus qoşunlarının Azərbaycan-Ermənistan sərhədlərində yerləşməsi mümkün olmur. Çünki, yerləşdiyi təqdirdə hansı ərazilərdə və sərhədlərdə yerləşəcəyi müəyyənləşməyib və rus qoşunları yerləşdiyi təqdirdə bu əlbəttə ki, Azərbaycan dövlətinin narazılığına səbəb ola bilər. Çünki, müəyyənləşməyən sərhəddin başqa bir dövlət tərəfindən qorunması da absurddur. Buna görə də Rusiya, Azərbaycan və Ermənistan sərhəddində baş verən hərbi toqquşmalara müdaxilə edə bilmir. Ancaq bunu Qarabağda demək mümkün deyil. Çünki, 10 noyabr sənədinin altında Rusiya prezidenti və Ermənistan baş nazirinin imzası var və bu imza ilə iki dövlət rəhbəri üzərilərinə konkret olaraq öhdəlik götürüblər. Bu öhdəlikdə bilirsiniz ki, sənədin 4-cü maddəsində birmənalı olaraq bildirilib ki, rus sülhməramlılarının Qarabağa gəlişinə paralel olaraq erməni silahlı birləşmələrini Qarabağdan çıxarmaq öhdəliyini üzərinə götürüblər. Əks təqdirdə Rusiya qoşunlarının Qarabağa gəlməsinə nə kimi ehtiyac var? Yəni bunu Azərbaycan özü də edə bilər. Sadəcə olaraq qonşu olan böyük Rusiyanın müəyyən geosiyasi maraqlarını nəzərə alaraq Rusiya qoşunlarının Qarabağa buraxılmasına rəvac verdi. Bir şərtlər ki, Kəlbəcər, Ağdam və Laçın rayonlarından qoşunlar çıxarılsın, bu ərazilər azad olunsun və erməni silahlı birləşmələri bütövlükdə Qarabağdan çıxarılsın. Bu günə qədər bu proses icra olunmayıb. Bəs nəyə görə? Bu sualın cavabı ondan ibarətdir ki, Rusiya hələ də erməni silahlı birləşmələrinin Qarabağda qalmasında maraqlıdır. Ona görə ki, bu erməni silahlı birləşmələri Qarabağda mövcud olduğu təqdirdə Rusiya daim Qarabağın yarasını çox rahatlıqla istədiyi şəkildə qanada bilir. Yəni Azərbaycanın müstəqil qəbul etdiyi qərarlar fonunda və Rusiyanın maraqlarına uyğun olmadığı təqdirdə bu Qarabağ yarasını erməni silahlı birləşmələri vasitəsi ilə çox rahatlıqla yenidən qanadır. Bu da o deməkdir ki, erməni silahlı birləşmələrinin Qarabağda varlığı zaman-zaman atəşkəsi pozub hərbi təxribatlar törətməsi əslində Rusiyanın Azərbaycana qarşı təzyiq mexanizmi olaraq düşünülüb. Ona görə də zaman-zaman bu cür hərbi təxribatların olması dolayısıyla Rusiyanın uzunmüddətli Qarabağda varlığını təşviq edir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə