Prezident “Rossiya-1” telekanalına müsahibəsində vacib məqamları qeyd etdi - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti İlham Əliyevin Soçi görüşləri zamanı Rusiyanın “Rossiya-1” telekanalına müsahibəsi üçtərəfli görüşün nəticələri, eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinə verilən yüksək qiymətin ifadəsi idi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O, qeyd edib ki, ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətləri cənab Prezident İlham Əliyevin və cənab Vladimir Putinin şəxsində ən yüksək səviyyədə inkişaf edir və bu hər iki dövlətin maraqlarına uyğundur. Eyni zamanda bölgədə Rusiyanın sülh yaratma missiyası da bu məqsədə xidmət edir.

Musa Quliyev bu barədə fikirlərini belə izah edib: "Rusiya-Azərbaycan, Rusiya-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması Azərbaycanın ərazi bütövlüyünü təmin edən Zəfər müharibəsindən sonra bölgədə yaranan yeni iqtisadi və siyasi şəraiti yeni bir mərhələyə daşımaq üçün də vacibdir. Bu mərhələ əməkdaşlıq, tərəqqi və bölgə dövlətləri üçün faydalı olmaq mərhələsidir ki, cənab Prezident də bu yolda Soçi görüşünün olduqca əhəmiyyətli olduğunu vurğuladı. Heç şübhəsiz ki, ilin sonuna qədər dəhlizlərin aşılması, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsinin istiqamətləri müəyyənləşəcəkdir. Ondan sonrakı dövrdə isə Rusiyanın da iştirakı ilə ikitərəfli komissiya Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər. Bu da davamlı sülhə aparan ən qısa və ən doğru yoldur".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə